Prezident İlham Əliyev: "Bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var"
Dünya ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Çin və Azərbaycan arasında da əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Dövlətlərarası möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. 1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb. 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev Çin-Azərbaycan dostluğunun təməlini qoyan Böyük Şəxsiyyət şəxsiyyətdir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verərkən bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb: "Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub". Dövlət başçımız onu da qeyd edib ki, Çin Heydər Əliyev üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi: "Vaxtilə O, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi".
"BİR KƏMƏR, BİR YOL" TƏŞƏBBÜSÜ DOSTLUĞA ƏLAVƏ TƏKAN VƏ TÖHFƏDİR
Azərbaycanın coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunu da qeyd etməliyik. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin – "Bir kəmər - bir yol" nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb.
Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "İpək Yolu İqtisadi Kəməri"nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. "Bir kəmər, bir yol" təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək, - deyən Prezident onu da bildirib ki, qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir.
"İNKİŞAFIMIZIN HƏDƏFLƏRİNDƏN BİRİ REGİONAL BAĞLANTI MƏRKƏZİNƏ ÇEVRİLMƏK İDİ"
Postmüharibə dövründə Azərbaycanın yürütdüyü xarici siyasət, regionda həyata keçirilən infrastruktur layihələrin icrası ölkəmizi regionun regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Yaranan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadə edilməsi üçün Azərbaycan regiondakı geosiyasi mövqeyinə mühüm təsir göstərən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı mühüm addımlar atıb. Xüsusilə. Şimal-Cənub nəqliyyat dəhlizi əhəmiyyətli nəqliyyat dəhlizi olmaqla yanaşı, iştirakçılara üstünlük faizi vəd edir. "İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi, - deyə Prezident müsahibəsində diqqətə çəkib. "Bir kəmər, bir yol" layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi, - deyən Prezident indi bizim, sadəcə, texniki imkanları artırmaqla məşğul olduğumuzu bildirib: "Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır".
Azərbaycan Respublikasının "Bir kəmər, bir yol" strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.
Müsahibəsində iqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanla Çinin mövqelərinin üst-üstə düşdüyünü bildirən Cənab Prezident diqqətə çatdırıb ki, biz qarşılıqlı ticarətin həcminin artdığını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarının olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.
Qeyd edək ki, Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb.
"BİZ HƏR ZAMAN BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNİ DƏSTƏKLƏYİRİK"
"Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək", - deyən dövlətimizin başçısı qeyd edib: "Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir". Xalqların öz müqəddəratının təyin edilməsinin hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli olmadığını diqqətə çatdıran Prezident bildirib ki, bu, beynəlxalq hüququn fundamental prinsipidir.
Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafeylərinə tamamilə uyğun gəlir. Prezidentin vurğuladığı kimi, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir: "Beləliklə, xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, mən Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar görürəm. Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".
Zümrüd BAYRAMOVA