Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı. Eyni zamanda ölkəmiz qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə verilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən hələ də qarşılıq verilməyib və hətta Ermənistan tərəfi sərhəddə yeni təxribatlara əl ataraq sülh danışıqlarını süni şəkildə pozmağa çalışır. Lakin indiki reallıq onu göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa heç bir çıxış yolu qalmayıb.Qeyd etmək lazımdır ki. Bir müddət əvvəl Azərbaycan tərəfi Ermənistana 5 prinsipdən ibarət sülh gündəliyi təklif etmişdir .Cari ilin iyulun 21-də, Azərbaycan milli mətbuatının yaradılmasının 148-ci ildönümü ərəfəsində, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasiminin də məhz Şuşa şəhərində keçirilməsi Azərbaycan dövləti və birbaşa Prezident İlham Əliyev tərəfindən ölkə mediasına böyük önəm verildiyini bir daha nümayiş etdirir. Forumda yerli media nümayəndələri ilə yanaşı, 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurum yüksək səviyyədə təmsil olunurdu.
Forumda çıxış edən Prezident cənab İlham Əliyev bildirdi ki, “Burada vasitəçilərlə bağlı iki prosesimiz var. Biri Azərbaycan və Ermənistanladır, birbaşa orada vasitəçi olaraq Rusiya və ABŞ var. Eyni zamanda da Brüssel formatımız var. Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır. Brüssel formatı isə bir balaca əlavə dəstəkverici mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, o, bu günə qədər müəyyən dərəcədə uğurlu olubdur. Bu formatlar arasında müəyyən fərq var. Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur. Ancaq Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, mən onu müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan verən amil adlandırardım. Minsk qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər. Yəni, İkinci Qarabağ müharibəsindən sonra onlar da özlərinə sual verməyə başladılar ki, növbəti hansı addımlar atmalıdırlar. Bizimlə təmas quranda mən qeyd etdim ki, münaqişə artıq bitib. “Madrid prinsipləri” adlandırılan sənədin bir çox müddəaları artıq həll edilibdir.”
Həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı