Prezident İlham Əliyev: "Biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi"
Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verərkən bildirdiyi kimi, idman ictimai həyatın mühüm amilidir: "İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra, Qələbəmizin əsas meyarı qələbə ruhu idi. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. "
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu.
Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar.
"HAZIRDA BİZ İDMANIN KÜTLƏVİLİYİ ÜZƏRİNDƏ ÇALIŞIRIQ Kİ, HƏR RAYONDA İDMAN İNFRASTRUKTURUMUZ OLSUN"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub. Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. "Hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq", - deyə Prezident müsahibəsində diqqətə çatdırıb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü.
"Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi. Bəli, Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib. Ölkəmizdə, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirildi. Təsəvvür edin, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları bir şəhərdə cəmi iki il ərzində keçirilib. Bu, bir daha Azərbaycanı idman ölkəsi kimi nümayiş etdirir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz müsəlman aləminin, eyni zamanda, Avropanın bir hissəsidir. Ölkəmizin yerləşməsi çox unikaldır. Ölkəmizin siyasəti, cəmiyyətin statusu bütün bunların təzahürüdür" – deyə Cənab İlham Əliyev bildirib.
"İLK AVROPA OYUNLARI HƏQİQƏTƏN AZƏRBAYCANI AVROPAYA AÇDI"
Paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifəyə çevrildi. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradıldı. Dünyanın elit yarışmalarından olan "Formula 1" dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu. "İlk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı" – deyən Prezident Formula 1 yarışlarının artıq Azərbaycanda yeddi dəfə keçirildiyini bildirib: "Xüsusən də, nəzərə alsaq ki, o, şəhər küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula 1-in auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Yarışlar sayəsində çoxlu xarici turist gəldi. Ölkəyə çox xarici valyuta daxil oldu. Bir çox amillər hər bir hökumətin idmanın inkişafına böyük diqqət yetirməli olduğunu göstərir."
Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.
Zümrüd BAYRAMOVA