PDF Oxu

Siyasət

  • 1 813

Sosialyönümlü dövlət modeli TƏHLİL

Sosialyönümlü dövlət modeli TƏHLİL

Prezident İlham Əliyev: "Müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib"

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi qazilərin, şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Belə ki, şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 696 şəxsə sığorta ödənişi edilib. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Statistik rəqəmlərə istinadən qeyd edək ki, Vətən müharibəsinin şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 5 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 800 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı ildən-ilə uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində dediyi kimi: "Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib".

3967 HƏRBİ QULLUQÇUYA ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN MÜDAFİƏSİ İLƏ ƏLAQƏDAR ƏLİLLİK TƏYİN OLUNUB

Şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min şəxsə 46 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1 941 şəxs 39 713 reabilitasiya vasitəsi, o cümlədən 432 şəxs 451 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 18,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 88,3 min şəxsə xidmətlər göstərilib və s.
Bütün bunlarla yanaşı, 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək hərbi qulluqçuya əlillik təyin edilib. Artıq bu kateqoriyadan olan 3967 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə, hərbçilərə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillərinin müdafiəsi həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kateqoriyadan olan insanlar bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar.
Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqədən olan insanların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində ardıcıl işlər görülür. Onu da vurğulayaq ki, cari ilin altı ayında 200 nəfərə yaxın şəhid ailələrinin üzvləri sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioterapiya Mərkəzi, "Darıdağ" Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Möcüzəvi Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ Quba Truskavets Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər. Ümumilikdə postmüharibə dövründə yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınanlardan 917 nəfəri şəhid ailələrinin üzvləridir.
Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər