PDF Oxu

Siyasət

  • 1 922

“Dəmir yumruğ”un Zəfər zərbəsi TƏHLİL

“Dəmir yumruğ”un Zəfər zərbəsi TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan XXI əsrin müharibəsini apardı, bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb”

Azərbaycan XXI əsrin müharibəsini apardı. Və 44 gün davam edən XXI əsrin müharibə bizim dəmir yumruq kimi birliyimizi, gücümüzü, mümkünsüzü mümkün edən güclü ordumuzun rəşadətini, qəhrəmanlığını göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: «Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi. Bunları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi».

BU ZƏFƏR 20 İLLİK MÜSTƏQİL, QƏTİYYƏTLİ, PRİNSİPİAL SİYASƏTİN BARİZ TƏCƏSSÜMÜDÜR

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən Prezident İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə Ali Baş Komandanımız, Prezident İlham Əliyev bir daha alternativsiz Lider olduğunu təsdiqlədi və hər zaman sülh tərəfdarı olduğunu dünyaya bəyan etdi. Çünki….

QIRX DÖRD GÜNLÜK MÜHARİBƏNİN HƏR BİR GÜNÜ QƏHRƏMANLIQ DASTANIDIR

Bəli, cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın “status-kvo”nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrlə bildiridi ki, “status-kvo” artıq yoxdur: “Status-kvo” deyilən məsələ yoxdur. Qurtardı getdi. “Status-kvo” belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orada, döyüş meydanında. “Status-kvo” yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq”.

Bəli, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi. Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu «Dəmir yumruğ»un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.

ERMƏNİSTAN QƏBUL EDİB Kİ, QARABAĞ AZƏRBAYCANDIR VƏ ARTIQ SƏNƏDƏ İMZA ATMAQ MƏRHƏLƏSİDİR

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. “Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Bir sözlə, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər. Dövlət başçımızın dediyi kimi: «Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik». Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər