PDF Oxu

Siyasət

  • 2 581

Qlobal Media Forumu regionda mötəbər platformaya çevrilmişdir ŞƏRH

Qlobal Media Forumu regionda mötəbər platformaya çevrilmişdir ŞƏRH

21 iyul 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibəti ilə Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilmişdir. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə idi ki, dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyini, aparıcı media, jurnalist təşkilatlarının rəhbərlərini, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayırdı. Forumun açılışı mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev media nümayəndələrinin suallarını cavablandırıb.

Açılış nitqi ilə çıxış edən Prezident bildirib ki, bu tədbir Qarabağ bölgəsi üçün möhtəşəm bir tədbirdir, Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa Qələbəmizin rəmzi, sülhün rəmzi və həm də bizim cəsarətimizin rəmzidir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbirlərinin keçirildiyi Şuşa şəhərində Qlobal Media Forumunun keçirilməsi onun göstəricisidir ki, işğal dövründə məqsədli şəkildə, qəsdən dağıdılmış bu şəhər öz kimliyini qoruyub saxlaya bilmişdir.

Türkiyə media nümayəndəsinin Türkiyədəki prezident seçkilərindən sonra növbəti beş il üçün prioritetlərin nədən ibarət olacağı barədə sualını cavablandıran ölkə başçısı qeyd edib ki, bizim Prezident Rəcəb Taib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, bütün dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə xalqı onun rəhbərliyi ilə ilk gündən bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Prezident İlham Əliyev əlavə edib ki, İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və bu məşhur Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə ucaldı.

Beynəlxalq nüfuzu ildən-ilə artan Türkiyənin bu gün qlobal liderlərdən olduğunu söyləyən Prezident İlham Əliyev bəyan edib ki, növbəti beş il ərzində sıx tərəfdaşlığımızı davam etdirəcəyik, Cənubi Qafqazda sabitliyə və dayanıqlı sülhə nail olmaq, gələcək üçün təhlükəsizliyi təmin etməkdə Türkiyənin rolu çox önəmli və vacibdir, onun oynadığı sabitləşdirici rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.

Azərbaycana qarşı təhlükələrlə bağlı ABŞ-dan olan jurnalistin sualını cavablandıran dövlət başçımız bildirib ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Biz artıq 30 il ərzində Ermənistan və onun işğalı ilə bağlı olan təhlükənin öhdəsindən gəlmişik. Lakin bu o demək deyil ki, biz keçmişimizi unutmalıyıq. Biz ayıq olmalıyıq, Azərbaycanda olan xaosdan istifadə edən qonşularımız tərəfindən gözlənilməyən anda kürəyimizə sancılan bıçağı unutmamalıyıq. Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə müdafiə sahəsində dərin islahatlar həyata keçirildiyini vurğulayan Prezident söyləyib ki, bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Azərbaycanın uzun illər beynəlxalq hüququn selektiv tətbiqi yanaşmasına məruz qaldığını və bu yanaşmanın bu gün də davam etdiyini qeyd edən Prezident İlham Əliyev əlavə edib ki, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür.

Ötən ilin fevral ayının 22-də Moskvada imzalanan Memorandumun reallaşdırılması ilə bağlı suala gəldikdə Prezident İlham Əliyev söyləyib ki, bu Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. İmzalanmadan sonrakı dövr sülh üçün, regionumuz üçün, o cümlədən Rusiya və bizim üçün tamamilə yeni dövrdür. Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Bəyannamənin maddələrinin uğurla yerinə yetirilməsindən əmin olduğunu söyləyən ölkə başçısı qeyd edib ki, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində xeyli təmaslar olub. Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün, əlbəttə, müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır, belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir, münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, müsbət və uğurlu olacaqdır.

Uzun illər Azərbaycanın uğurla rəhbərlik etməklə ona yeni nəfəs qatdığı Qoşulmama Hərəkatının sonrakı təşəkkülü və burada Media Forumunun təşkil olunacağı barədə suallara aydınlıq gətirən Prezident İlham Əliyev bidirib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib, COVID-19 pandemiyası zamanı dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirib. Azərbaycan sədr kimi, vaksin milliyyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub.

Separatçı qüvvələrin yaydığı dezinformasiyalarla mübarizə istiqamətində Azərbaycan mediasının bu gün çox böyük işlər gördüyünü söyləyən Prezident İlham Əliyev qeyd edib ki, işğal dövründə hər bir vətənpərvər azərbaycanlı informasiya müharibəsində əlindən gələni edirdi. Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Bu gün Azərbaycanın Qələbəsini həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, Azərbaycana qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk, biz öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir.

Cənubi Qafqazda Regional inkişafın əsasən Azərbaycanla Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasından asılı olduğunu xüsusilə vurğulayan ölkə başçısı bildirib ki, bu münasibətlərin tənzimlənməsində iştirak edən bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu məsələ beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Azərbaycan həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini döyüş meydanında icra etməli oldu, bu gün “Qarabağ Azərbaycandır!” deyən beynəlxalq aktorlar heç vaxt bu ifadəni dilə gətirmirdilər. Lakin hazırda vəziyyət fərqlidir və beynəlxalq vasitəçilər daha real bir nöqteyi-nəzərdən çıxış edərək öz mövqelərini ifadə edirlər. 49 ölkədən 150 xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Cənubi Qafqaz regionunda mühüm əhəmiyyət daşıyan mötəbər platformaya çevrilmişdir.

Günay Məmmədli

YAP Yasamal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər