“Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq 19 yük maşınının 361 ton ərzaqla “Laçın” sərhəd buraxılış məntəqəsi qarşısında dayanması, əslində, ermənilərin həyasız təxribatından başqa bir şey deyil. Ancaq bu cür avantürist addımların daha ciddi qarşıdurmaya keçməsi, ermənilərin sərhəddə silahlı toqquşma törətməyə cəhd göstərməsi də istisna olunmur”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Abutalıb Səmədov qeyd etdi ki, bu cür təxribatlar Brüssel və Moskva danışıqlarından, hər iki vasitəçini təmsil edən rəsmi şəxslərin məsuliyyətsiz bəyanatlarından sonra baş verir. Bu səbəbdən ermənilərin sərhəddə törədəcəkləri təxribatlara görə məsuliyyəti onlarla birlikdə Avropa birliyi, Rusiya Xarici işlər nazirliyi, BMT-nin beynəlxalq məhkəməsi, Beynəlxal Qırmızı Xaç Komitəsi və digər qurumlar da daşıyırlar. Brüsseldə Ağdam yolu ilə humanitar yardımın daşınması barədə əldə olunmuş razılığı pozan və Əsgəran yolunu beton plitələrlə bağlayan erməni separatçılarının hərəkətlərinə obyektiv qiymət vermək əvəzinə onların haray-həşirinə örtülü dəstək verən beynəlxalq qurumlar bir daha nə qədər iqtidarsız və ədalətsiz olduqlarını bütün dünyaya nümayiş etdirdilər”.
“Ermənistan Baş naziri sülh danışıqlarından və hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd etsə də, Azərbaycanla razılaşdırmadan humanitar yardım adı altında Laçın sərhəd keçid məntəqəsinə avtomobil karvanını göndərməsi dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini demək olarmı” sualına cavabında A.Səmədov bildirdi ki, N.Paşinyanın razılaşdırılmış məsələlərin ziddinə bu cür pozucu hərəkətlər etməsi ilk dəfə baş vermir: “Bundan əvvəl də Ermənistan Baş naziri tərəfindən dəfələrlə atılan imzalara, verilən bəyanatlara qətiyyən uyğun olmayan addımlar atılıb. Məlumdur ki, Praqa sammitindən sonra N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini qəbul etdiyini rəsmi şəkildə elan etdi. Ancaq ötən ay onun təklifi ilə Ermənistan Qarabağa 7,5 milyon dollar dövlətlərarası kredit ayırmaq barədə qərar qəbul etdi. Bu cür addımlar göstərir ki, Ermənistan hakimiyyəti ciddi tərəfdaş kimi qəbul olunmağa layiq deyil və onlar yalnız qarşıda güc hiss etdikdə konstruktiv mövqe tutmağa, reallıqları qəbul etməyə başlayırlar. Sərhəddimizdə növbəti “şou” düzəldib, danışıqlar prosesinə zərbə vuran N.Paşinyanın-“əgər humanitar yardım buraxılmasa, bu, Azərbaycanın soyqırım törətmək məqsədini təsdiq edəcək”- bəyanatı onun nə qədər səviyyəsiz siyasətçi olduğunu bir daha ortaya qoyur. Çox təəssüf ki, biz bu cür adamlarla danışıqlar aparmaq və “sülh sazişi”nə nail olmağın yollarını axtarmaq məcburiyyətindəyik. Ancaq bütün təxribatlara baxmayaraq sülh danışıqları bundan sonra da davam etdirilməli, kimin sülh istədiyi, kiminsə pozuculuq fəaliyyəti ilə məşğul olduğu bütün dünyaya nümayiş etdirilməlidir”.
GÜLYANƏ