İnsan fərqli düşüncəyə, təfəkkürə malik başqa bir şəxsin mütəmadi olaraq eyni sözü təkrarladığını, eyni yalanları dediyini və ya arzuolunmaz hərəkətlərə yol verdiyini görəndə narahat olur və nəhayət, etirazını bildirir. Tənbeh, qınaq müəyyən hallarda müsbət nəticəsini verir. Lakin gəlin razılaşaq ki, elə insanlar, xüsusilə də dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxslər arasında elələri var ki, onlara qarşı ictimai rəy də sərt münasibət sərgilənsə də, nəticəsi yoxdur. Yəni, yalana, iftiraya, şər və böhtana öyrəncəli olan müxalif funksionerlər ənənəvi amplualarından çıxış edirlər. Sual oluna bilər, niyə dağıdıcı müxalifət islah oluna bilmir? Nədən onlar milli və dövlətçilik maraqlarına qarşı düşmən kəsiliblər? Yenə meydan dövrünə qayıtmaq xəyalındadırlar? Dialektikanın qanunudur: hər şey əvvəl-axır başlanğıc nöqtəsinə qayıdır. Lakin dərk edilməlidir ki, Azərbaycan azad, demokratik, hüquqi dövlətdir. Hər şey xalqın maraq və istəyinə, dövlətin mənafeyinə uyğun qurulub. Burada keçmişə qayıtmaq, yenidən anormal çağırışlarla çıxış etməyə yer yoxdur. 30 il işğal altında olmuş ərazilərimizin düşmən tapdağından azad edilməsi Azərbaycanın gücünə güc qatdı. Artıq dünya birliyi istənilən məsələdə Azərbaycanla razılaşır, ideya və təkliflərini birmənalı şəkildə dəstəkləyir.
Fuad Qəhrəmanlı separatçı ermənilər kimi danışır
Görünən ondan ibarətdir ki, xarici məkrli qüvvələr ölkəmizin hərbi, siyasi, iqtisadi gücünün artmasından narahat olurlar. Bu baxımdan çalışırlar ki, Azərbaycanın sürətli inkişafına əngəllər yaratsınlar. İstifadə olunan qüvvə isə dağıdıcı müxalif ünsürlərdir. Fikir verin, hal-hazırda “Laçın” sərhəd keçid məntəqəsi yaxınlığında ermənilər arxalandıqları xarici himayədarlarının Ermənistandakı təmsilçilərinin iştirakı ilə təxribatlar törətməyə hazırlaşırlar, AXCP İdarə Heyətinin üzvü Fuad Qəhrəmanlı sosial şəbəkələrdəki statuslarında erməniləri dəstəkləyən ifadələr qeyd edir. Bildirir ki, onlara humanitar yardımların çatdırılması müsbət dəyişikliklərin yaranmasına təkan ola bilər. Təbii ki, Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarına dövlətimiz humanitar yardımların göstərilməsinə etiraz etmir. Lakin bu yardımların çatdırılması birinci növbədə Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalı, ikincisi isə yardımlar Ağdam-Xankəndi yolu ilə daşınmalıdır. F.Qəhrəmanlı isə humanitar yardımın Arayik Artunyanın və digər separatçıların dedikləri kimi, “Laçın” sərhəd keçid məntəqəsi vasitəsi ilə daşınmasını daha məqbul hesab etdiyini bildirir. Digər bir ikrah doğuran fakt: “Sülh danışıqlarında "Qarabağ ermənilərinə Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqları verəcəyik" vədi diplomatik baxımdan öz təsirini itirmiş sayılır”. İlk baxışdan belə anlaşılır ki, bu cümlə, Koçaryana, Sarkisyana, Vardanyana, Arutunyana və hansısa başqa bir “yan”a aiddir. Amma belə deyil. Bu, içimizdəki “yan”lardan olan, yenə də separatçılarla eyni mövqeyi bölüşmək “qəhrəmanlığı” nümayiş etdirən Fuad Qəhrəmanlıya aiddir. Hansı ki, dəfələrlə Qarabağda aparılan təmizləmə əməliyyatları zamanı F.Qəhrəmanlı, digər əqidə dostları ilə birlikdə ermənilərin “hüquq və azdlıqları”nın müdafiəsindən danışırdı. Yəni açıq şəkildə Müzəffər Ordumuzun qalibiyyət zəfərindən narahat olduqlarını nümayiş etdirirdi.
Fuad Qəhrəmanlı həm də Əli Kərimlinin tapşırıqlarını yerinə yetirir
2021-ci ilin sentyabrında ordumuz Qaragöl istiqamətində mövqelərini irəli çəkib, möhkəmləndirmə işləri apararkən F.Qəhrəmanlı “şefi” Əli Kərimlidən aldığı təlimata əsasən Sevinc Osmanqızının, Qənimət Zahidin internet tv-lərinə çıxıb, yerdəyişmələrin yolverilməz olduğunu və bunun Avropa təşkilatları ilə Azərbaycan arasında problemlərin yaranmasına gətirib çıxaracağını bəyan etmişdir. Bu kimi sərsəmləmələr, Ermənistandakı revanşistlərsayağı açıqlamalar onu deməyə əsas verir ki, həqiqətən də F.Qəhrəmanlı erməni lobbisindən qidalanır və açıqlamalarını onların sifarişləri əsasında edir. Söz yox ki, AXCP sədri Əli Kərimlinin də təsiri var. Nəzərə almaq lazımdır ki, Ə.Kərimli F.Qəhrəmanlını himayə edən, ona müəyyən yardımlar göstərən şəxslərdəndir. Bir qədər əvvəl F.Qəhrəmanlı qızına və yoldaşına qarşı zorakı və qəddar hərəkətlər edən zaman cəmiyyət ona sərt etirazını bildirdi, Ə.Kərimli isə ona haqq qazandırdı. Məhz bu baxımdandır ki, F.Qəhrəmanlının qızı Selcan Yağmur yazdığı statusunda Əli Kərimli və Fuad Qəhrəmanlını birləşdirən ortaq cəhətlərdən biri də zorakılıq, qadın hüquqlarına sayğısızlıq olduğu qeyd olunmuşdur. Hətta AXCP üzvləri və kollegial orqanların təmsilçiləri ailədə törətdiyi zorakı əməllərinə görə, F.Qəhrəmanlının partiyadan xaric edilməsini tələb edərkən Ə.Kərimli susmağa üstünlük verdi. Sadəcə, formal da olsa, onu sədr müavinliyindən azad etməklə, təpkilərdən özünü qorumağa çalışdı. Az sonra isə, F.Qəhrəmanlı idarə heyətinin üzvü və sədr müavini kimi internet tv-lərə müsahibələr verib, tədbirlərdə çıxışlar etdi. Görünür, bu kimi məsələlərə görə, F.Qəhrəmanlı Ə.Kərimlinin qarşısında özünü borclu hesab edir və “Yurd” şefinin hər bir tapşırığını yerinə yetirməklə onun xəcalətindən çıxmağa çalışır. Sual yaranır, həm erməni lobbisinin, həm də Ə.Kərimlinin tapşırıqlarını yerinə yetirmək F.Qəhrəmanılıya çətinlik yaratmır ki?
İ.ƏLİYEV