PDF Oxu

Siyasət

  • 1 810

Qəbələ Beynəlxalq Musiqi Festivalı: ünsiyyət və dostluq bayramı TƏHLİL

Qəbələ Beynəlxalq Musiqi Festivalı: ünsiyyət və dostluq bayramı TƏHLİL

Mehriban xanım Əliyeva: "XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı qonaqlarımızın yaddaşında və Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır"

Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı əsl bayram ovqatı yaradır. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən ölkəmiz haqqında yüksək fikirlər formalaşdırır. Son illər keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələrini bir araya toplayır. Musiqiçilər açıq səma altında çıxış edərək dünya klassikasının ən gözəl nümunələrini ifa edirlər. İldən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkən festival dünyanın müxtəlif ölkəsindən olan musiqiçiləri birləşdirir. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarına və qonaqlarına ən xoş arzularını çatdırıb. Məktubda qeyd olunub ki, əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib: "Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə baş tutmuş ənənəvi Beynəlxalq Muğam Festivalı kimi möhtəşəm tədbirlər bunun bariz nümunəsidir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramları mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün geniş imkanlar açır. Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran belə layihələr bizim üçün çox dəyərlidir. Bu baxımdan, 2009-cu ildən etibarən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı da əvəzedilməz rola malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir. Biz bu festivalı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk. Əminəm ki, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı qonaqlarımızın yaddaşında və Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır". Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir, həm də ölkəmizdə "Heydər Əliyev İli"dir. Məhz bu səbəbdən də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

DÜNYA MUSİQİSİNƏ DƏYƏR VERƏN ODLAR DİYARI

Qəbələdə keçirilən musiqi festivalı ölkəmizin həm də mədəniyyətlərarası dialoqda önəmli körpü rolunu oynadığını sübuta yetirir. Festivalda iştirak etmək üçün ölkəmizə gələn qonaqların mənsub olduğu region və ölkələrin müxtəlifliyi də bu fikri təsdiq edir. Belə ki, Amerika və Avropa qitələrindən, Uzaq Şərq regionundan qatılan qonaqların təmsil etdikləri musiqi mədəniyyəti nümunələrinin bir arada, bir məkanda səslənməsi mədəniyyətlərarası dialoqun gerçəkləşməsinə xidmət edən mühüm mədəniyyət hadisəsidir. Təsadüfi deyil ki, festivalda iştirak etmək üçün ölkəmizə gələn qonaqlar da Qəbələ festivalının Qərblə Şərqi yaxınlaşdırdığını, mədəniyyətlərarası dialoqa töhfə verdiyini etiraf edirlər. Beləliklə, Azərbaycan bu gün mədəniyyət beşiyi olmaqla yanaşı, həm də dünya musiqisinə dəyər verən, onu zənginləşdirən bir diyar kimi tanınmaqdadır.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı "Viva Opera" adlı konsertlə başlayıb. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.
Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.Möhtəşəm musiqi bayramı olan Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına ənənəvi olaraq, böyük töhfədir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər