PDF Oxu

Siyasət

  • 2 450

Çinlə əlaqələr mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Çinlə əlaqələr mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Çoxvektorlu və praqmatik xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində öz mövqeyini gücləndirmək və yeni geostrateji əməkdaşlıq platformalarını gerçəkləşdirmək üçün həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr dairəsini genişləndirməkdədir. Şübhəsiz, bu günədək ölkəmizin xarici siyasət strategiyasının əsas istiqamətləri qismində yerləşdiyi regionda səmərəli əlaqələr və əməkdaşlıq platformaları reallaşdırmaq, Avroatlantik məkana inteqrasiya etmək və beynəlxalq münasibətlər sisteminin nüfuzlu milli dövlətləri ilə qarşılıqlı-faydalı münasibətləri davam etdirmək xüsusi yer tutub.

Sadalananlar baxımından qeyd etmək olar ki, XXI əsrin iqtisadi güc mərkəzinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünya düzəni formalaşdırmaq iddiasında olan Çin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv aktorlardandır. Çin Avrasiya subregionunda, xüsusilə də Azərbaycanın mühüm təsir imkanlarının olduğu bölgələrdə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. Bundan əlavə, müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə yerləşdiyi regionda aparıcı dövlətə çevrilən, müvəffəqiyyətlə həyata keçirilən bir sıra regional və beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan Respublikası ilə əlaqələrə Çin xüsusi maraq göstərdiyini gizlətmir.

Çinlə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin perspektivləri bir neçə amillə izah oluna bilər. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür və hər iki tərəf üçün qarşılıqlı əlaqələr xüsusi maraq kəsb edir. Buna görə də hər iki dövlət arasında yuxarıda qeyd olunan sahələr üzrə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, dialoqun və məsləhətləşmələrin davam etdirilməsi vacibdir.

Azərbaycan-Çin əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. İki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tuturlar. Azərbaycanda, xüsusilə texnologiya sahəsində yüzlərlə Çin şirkəti fəaliyyət göstərir. Təsadüfi deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı əsas iqtisadi və siyasi tərəfdaşı hesab olunur. Pekinlə Bakı arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Bu ölkə Azərbaycanın neft- qaz layihələrində iştirak edir. Bundan başqa, son zamanlar maşınqayırma, kənd təsərrüfatı sahəsinə xüsusi maraq göstərir.

Azərbaycanla Çin arasında siyasi əlaqələrin inkişafının nəticəsidir ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyev ikinci dəfə ölkəmizdə hakimiyətə gəldikdən sonra ilk səfərlərindən birini 1994-cü ilin martında məhz bu ölkəyə ediab. Bu gün də iki ölkə arasındakı əlaqələrə ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident cənab İlham Əliyev öz uğurlu xarici siyasəti ilə mühüm töfhələr verir. Əlaqələrin inkişafında yeni mərhələ isə heç şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbədən sonra başlamışdır.Prezident cənab İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsi iki dövlət arasındakı əlaqələrin dinamikasının artan xətlə inkişaf etdiyini isbat edir. müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha göstərir.Nəticə etibarilə, müasir dövrdə çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq əlaqələrinə malik olan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsinin, Avrasiyanın və bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin olunmasına strateji töhfələr verir.

Zahid Cəfərov

YAP Yasamal rayon Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər