İnkişafına görə regionun lider dövləti olan Azərbaycan bu gün beynəlxalq platformalarda da öz sözünü deyir. Şübhəsiz ki, Azərbaycanın bu uğurlarının arxasında məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt dayanır. Ümummilli lider Heydər Əliyev bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Ulu öndər eləcə də, ölkənin dövlətçilik ənənələrini yaradıb, Azərbaycanı inkişaf yoluna yönləndirib. Ümummilli liderin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır. Azərbaycan nüfuzlu xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş, lider ölkə kimi qəbul edilir.
Anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz bu il ulu öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Dövlətimizin başçısı İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız ulu öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin media korporasiyasına müsahibəsində vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və ölkənin iqtisadi, siyasi inkişafı. Bundan əlavə olduqca fəal regional siyasətin həyata keçirilməsini də qeyd etmək olar. Heç şübhəsiz, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Qürur hissi ilə qeyd edə bilərik ki, buna da iki ildən bir az artıq əvvəl nail olunub. Təbii ki, ulu öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Ulu öndərin Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. Beləliklə, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır. Həmin vaxtlar ölkəmiz dünyada o qədər də tanınmırdı. Lakin bu gün ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini