PDF Oxu

Siyasət

  • 2 988

Azərbaycanın özü qədər əbədi olacaq Heydər Əliyev fenomeni ŞƏRH

Azərbaycanın özü qədər əbədi olacaq Heydər Əliyev fenomeni ŞƏRH

Müstəqil Azərbaycan tarixində qurtuluşdan tərəqqiyə və inkişafa doğru uğurlu zaman yaşamış Azərbaycan, tərəqqidən qələbəyə doğru addımlayaraq Zəfərini əbədi olaraq iyirmi birinci yüzilliyin tarixinə əbədi olaraq həkk etdi. Həyatının əsas hissəsini dövlətimizin güclü olmasına həsr edən Ulu Öndər Heydər Əliyevin qətiyyəti, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın müasir dünyamızda inkişaf tempinə görə, dünyanın lider dövlətləri sırasında yer almasına gətirib çıxardı. Böyük şəxsiyyətin məqsədyönlü siyasəti və əzmkar fəaliyyəti nəticəsində ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın qazandığı böyük uğurlar, məhz Ulu Öndər Heydər Əliyev dühasının məntiqi nəticəsidir. Bildiyimiz kimi, ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Bununla bağlı ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tədbirlər keçirilir.

Ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük nailiyyətlərə imza atan Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan ölkəmizi qısa zaman məsafəsində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksətdi. "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi", - deyə Ulu Öndər Heydər Əliyev yazırdı. Totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Ulu Öndər Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün ölkə həyatının bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Əbəs deyil ki, həmin illər sovet Azərbaycanının tarixinə, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi. Bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının aşkarlanması, sovet məkanında böyük hadisəyə çevrildi. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Azərbaycanın bugünkü tarixini Heydər Əliyev elə sovet hakimiyyəti illərində yazmış oldu.

1969-cu ildən başlayaraq, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi üçün Heydər Əliyevin gördüyü işlərin bəhrəsini bu gün xalqımızın həyatında daha parlaq görünür. Ötən əsrin 70-80-ci illərində Böyük Şəxsiyyətin qurub-yaratdığı, zəngin respublikaya çevirdiyi Azərbaycanı 1993-cü ildə məhv olmaqdan xilas edib uğurlu inkişaf yoluna çıxardı. Milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atıldı. Müstəqilliyimizin ilk illərində siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verilməsi, milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üz-üzə qaldığı gərgin bir dövrdə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu kimi tarixə düşdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı.

"Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı. Ölkəmiz Heydər Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Əlbəttə ki, bu uğurlu inkişaf konsepsiyası, layihələrin reallaşması, aparılan islahatlar qısa bir zamanda böhran vəziyyətdə yaşayan Azərbaycanın bütün sahələrində tərəqqi dövrünün başlanmasına səbəb oldu. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu və bununla da ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.

Ulu Öndərin layiqli varisi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyev Dahi Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən Ulu Öndərin bu fikirləri özünün qısa bir zamanda doğrultmuş oldu. Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaratmış oldu. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Daim azərbaycanlı olması ilə fəxr edən Ulu Öndərin ruhu şaddır. 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımız azadlığına qovuşdu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri həyata keçirilir. Əlbəttə ki, bu uğurların təməlində Dahi Şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib və demokratik dəyərlərə yiyələnib. Bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Məhəmməd ƏHMƏDOV,

YAP -ın fəal üzvü, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbəsi, fakültə Tələbə Gənclər təşkilatının sədri

Digər xəbərlər