Prezident İlham Əliyev: "İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar"
Bütün dünyanın diqqəti işğaldan azad olunan ərazilərimizə cəmlənib. Ermənilərin xarabazarlığa çevirdiyi şəhər və kəndlərimiz, qəsəbələrimiz, dini-mədəni abidələrimiz, insanlığa sığmayan əməllər nəticəsində darmadağın edilmiş, viran qoyulmuşdur. Ermənilərin viran qoyduqları ərazilərə bu gün xarici dövlətlərin nümayəndələri, qeyri-hökumət təşkilatları və s. səfər edərək erməni təcavüzkarlığı, barbarlığı ilə əyani olaraq tanış olurlar. Səfər çərçivəsində Ağdam, Füzuli, Şuşa kimi işğal altında olmuş ərazilərimizdə erməni terroristlərinin törətdikləri vəhşilik nəticəsində dağıdılan, viran qoyulan maddi-mədəniyyət nümunələrimiz, dini abidələrimiz, yaşayış yerlərimizlə tanış olmaq imkanı yaranır. Əlbəttə ki, 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqlarımızın hər bir qarışında erməni təcavüzünün izi var. Öz çirkin əməllərini nəinki insanlara qarşı, hətta torpağa, daşa, təbiətə qarşı həyata keçirmiş, tariximizi saxtalaşdırmağa çalışmışdılar. Dünyada söz sahibi olan, böyük nüfuz qazanan Azərbaycanın dünya ölkələri ilə qurduğu qarşılıqlı əlaqələr, qazandığı etimadın nəticəsidir ki, bu gün deyə bilərik ki, dünyanın hər bir qitəsindən bu ərazilərə səfər edib, erməni vandallığının canlı şahidinə çevrilənlər təəssüratlarlarını mübaliğəsiz desək, dünya ilə bölüşürlər. Axı, bu vəhşiliyə qərəzi olmayan bir kəs dözə, laqeyd qala bilməz. Qısa bir müddətdə onlarla ölkənin nümayəndələri bu ərazilərdə olmuşlar, tarix boyu nifrətə sahib olan ermənilərin əməllərini kəskin şəkildə pisləmişdilər. Erməni vandalizmi və vəhşiliyinin sübutları xarabalığa çevrilən məkanlarda sanki dil açır. Qarabağ haqqında eşidən və kitablarda oxuyanlar indi bu gözəl və əsrarəngiz məkanı gözləri ilə görürlər. Buradakı dağıntılar onları təsirləndirir.
"BİZİM SÖZÜMÜZLƏ ƏMƏLİMİZ ARASINDA BU DƏFƏ DƏ HEÇ BİR FƏRQ YOXDUR"
Bu gün Azərbaycan Ermənistan üzərindəki qələbədən sonra işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlayıb. Böyük Qayıdışın təntənəsini yaşayırıq. Bu da bir tarixdir. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər edərək erməni faşistlərinin törətdiyi vəhşiliklə tanış olur və öz tapşırıq və göstərişlərini verir. Xatırladaq ki, ilk səfər Füzuli və Cəbrayıl rayonlarına oldu və dövlət başçısı tərəfindən Füzuli - Şuşa avtomobil yolunun təməli də qoyuldu. Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik".
Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunu yaradıldı. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycana dost ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını ifadə etdilər. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verildi. "Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir", - deyə Azərbaycan Prezidenti bildirmişdi.
"GÖRÜLƏN BÜTÜN İŞLƏR AZƏRBAYCAN HESABINA HƏYATA KEÇİRİLİR"
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdırlar. Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. 7-8 ay ərzində 700 bina inşa edildi. Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Laçın şəhərinin Baş planı hazırlanıb. təqdim edilib. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. "Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq", - deyən Cənab Prezident bildirib ki, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq: "Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir". İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri Həmin ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Zəngilan rayonun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər vermiş oldu.
LAÇIN ŞƏHƏRİNDƏ 168 AİLƏNİN (647 NƏFƏR) DAİMİ MƏSKUNLAŞMASI TƏMİN EDİLİB
İlk köç Ağalıdan başlasa da, Talış, Laçına da qayıdış oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 28-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salındı. Daha 16 ailə (56 sakin) Laçına köçürüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bununla da Laçın şəhərində 168 ailənin (647 nəfər) daimi məskunlaşması təmin edilib.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən göründüyü kimi, Laçın rayonunda da abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Cari ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına veriləcəkdir: "İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur", - deyə Prezident bildirib. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.
Zümrüd BAYRAMOVA