PREZİDENT İLHAM ƏLİYEV: "Minsk qrupu artıq "pensiyaya" çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin kağız üzərində mövcuddur"
Bu fikirləri bu il fevralın 18-də Münhendə keçirilən «Dağları aşmaq. Cənubi Qafqazda təhlükəsizliyin qurulması» mövzusunda plenar iclasda çıxışı zamanı deyib. Və Minsk qrupu haqqında danışmağın lüzumsuz olduğunu vurğulayıb.
MİNSK QRUPUNUN KEÇMİŞ MİSSİYASINI AZƏRBAYCAN TƏKBAŞINA REALLAŞDIRIB
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu 30 illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz «Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Prezident İlham Əliyevin qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi.
“MİNSK QRUPU 28 İL FƏALİYYƏT GÖSTƏRİB. NƏTİCƏ GÖZ QABAĞINDADIR - SIFIR”
Azərbaycan Prezidenti çıxışlarında da bildirib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna verilən mandat de-yure qüvvədə qalsa da, de-fakto qüvvədən düşmüş sayıla bilər: «Minsk Qrupu 28 il fəaliyyət göstərib və “nəticəsi göz qabağındadır – sıfır”. «…Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. …Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk Qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”. Prezident İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ATƏT-in Minsk Qruppu fəaliyyətə başladığı andan hər zaman Azərbaycanın əleyhinə olub: “Yəni onların əvvəldən fəaliyyəti, mövqeyi bu gün də daxil olmaqla hər zaman bizim əleyhimizə olub. Hesab edirəm ki, gələcəkdə də belə olacaq, heç bir dəyişiklik edilməyəcək. Buna görə Ermənistanla bizim aramızda təxribatlar, gərginliklər, anlaşmazlıqlar, ümumiyyətlə, hər hansı bir problemlər baş verdikdə Azərbaycan bu məsələləri özü yoluna qoyur, özü də həll edir. Bizə ATƏT-in Minsk qrupu kimi vasitəçi lazım deyil. Çünki onların mövqeyi ortadadır. Fransanın bu günlərdə özlərini dövlət adamları kimi adlandıran separatçı qurumun iki cinayətkarını yüksək səviyyədə qəbul etməsi, onlarla görüşlər keçirməsi, bəyanatların verilməsi, yəni bu Fransanın mövqeyi deyilmi? Təbii ki, mövqeyidir. Bu 44 günlük müharibə dövründə Fransa və onun prezidenti Emmanuel Makron ermənilərdən çox ermənilik edirdi. Bu gün də həmin mövqeyi davam etdirirlər. Ona görə də bizə Fransa kimi həmsədr lazım deyil. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik”. Bəli, dövlət başçısı müsahibələrində dəfələrlə vurğulayıb ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır: "Vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar".
ARTIQ MÜNAQİŞƏ TARİXDƏ QALIBDI. İNDİ İSƏ YENİ DÖVR BAŞLAYIB – QURUCULUQ DÖVRÜ, BƏRPA DÖVRÜ
Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən dövlət başçımız bir daha Ermənistanla aparılan əvvəlki danışıqlardan söz açaraq dedi ki, BMT TŞ-nin daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq, 28 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi: «Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Çünki Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Lakin Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdı. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü”. Bəli, artıq müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da, işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Və bu gün Ermənistanın müdafiəsinə qalxan, erməni lobbisinin əlində alətə çevrilən dövlətlər və siyasi mərkəzlər yaxşı anlayırlar ki, status məsələsini ortaya atmaqla Azərbaycana təsir edə bilmələri qeyri-mümkündür.
METYU BRAYZA: «Aİ ATƏT-İN MİNSK QRUPUNUN DE-FAKTO “ÖLÜMÜ”NDƏN SONRA YARANMIŞ BOŞLUĞU DOLDURMAĞA ÇALIŞIR»
“İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə göstərdi ki, Ermənistanla ölkəniz arasında münasibətlərin normallaşmasına imkan verəcək sülh müqaviləsinin bağlanmasına tərəfdardır”. Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüşü şərh edərkən bildirib.Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu istiqamətdə hərəkət etmək istəsə də, bir vaxtlar işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmaq kimi əlçatmaz arzuyla yaşayan müxalifət səbəbindən bunu edə bilmədi: “Onların bu arzusu da öldü”, – o əlavə edib.O həmçinin bildirib ki, Avropa Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün nəticələrinə əsasən səsləndirdiyi bəyanat həqiqətən yaxşı əlamətdir və ölkələrin sülh müqaviləsinin imzalanmasına yaxınlaşdıqlarından xəbər verir. Belə ki, bəyanatda xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırıldığı bildirilir.Brayza bəyanatda ATƏT-in Minsk qrupunun bir dəfə də olsun xatırlanmadığını, Brüssel görüşünün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə yeni danışıqlar formatının qurulması üçün zəmin yaratdığını vurğulayıb: “Bəyanatda ATƏT-in Minsk qrupunun xatırlanmaması Aİ-nin ATƏT-in Minsk qrupunun de-fakto “ölümü”ndən sonra yaranmış boşluğu doldurmağa çalışdığından xəbər verir”.Göründüyü kimi, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, “öz cəzandır, çək!”. Bizim artıq nə danışıqlara, nə Minsk Qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – “dəmir yumruğumuz” var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi... Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır...”Bir sözlə, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Minsk Qrupu 28 il fəaliyyət göstərib. Nəticə göz qabağındadır – sıfır».
RƏFİQƏ KAMALQIZI