Hər bir insanın və bütövlükdə cəmiyyətin həyatında dilin əhəmiyyəti danılmaz dərəcədə yüksəkdir. Dil insanlar arasında daimi və əsas ünsiyyət vasitəsi kimi istifadə olunur və bir çox digər vacib funksiyaları yerinə yetirir. Dilin inkişafı cəmiyyətin inkişafı ilə ayrılmaz şəkildə bağlıdır, çünki dil olmadan, həm fərdin, həm də cəmiyyətin inkişafından söhbət gedə bilməz. Digər tərəfdən, dilin tam formatlı, yəni rəsmi dövlət statuslu olması da, çox mühüm məsələdir və bunun reallaşması o qədər də asan deyil. Dilin dövlət statusu alması təkcə xalqdan, millətdən, cəmiyyətdən asılı deyil. Tarix sübut edir ki, dilin inkişafı öz xalqının tarixinə böyük siyasi iradə və qətiyyətlə islahatçı və müdrik siyasətçi kimi daxil olmuş liderin adı ilə sıx bağlıdır. Bu mənada, Azərbaycan dilinin hərtərəfli inkişafı, rəsmi dövlət dili kimi formalaşması, məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin, elmin bir çox sahələrində olduğu kimi, dilçilikdə də apardığı məqsədyönlü siyasətin tarixi nəticələrindən biri, şübhəsiz ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və Azərbaycan əlifbasının kirill qrafikasından latın əlifbasına keçməsi olmuşdur. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanla latın qrafikası əsasında, müasir Azərbaycan əlifbası icbari xarakter alıb və Azərbaycan xalqının həyatın bütün sahələrində tətbiq olunmağa başlanıb. Həmin ildən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Müasir sivilizasiya mədəniyyətinin daim zənginləşməsi və cəmiyyətin inkişafı kimi üstünlükləri, məhz dil vasitəsi ilə bağlıdır. Məhz onun köməyi ilə, dünyanın və müxtəlif xalqların mədəni irsi nəsildən-nəslə ötürülür, dil sayəsində bəşəriyyətin elm, texnika, incəsənət, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər müasir insanlar tərəfindən istifadə olunur və tərəqqi etməkdə davam edir. Məhz bu ünsiyyət vasitəsi konkret xalqın inkişafını əks etdirir, onda baş verən dəyişiklikləri öyrənir. Nəzərə alsaq ki, dil öz xalqının tarixi ilə sıx bağlıdır, dünyada mövcud dillər sırasında Azərbaycan dili, qədim və zəngin tariximizə əsaslanaraq ciddi yer tutur və dünya ictimayyəti tərəfindən qəbul olunur.
Tarixə nəzər salsaq, XVI əsrdə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dilinin Azərbaycanda rəsmi dövlət dili elan edilməsinə baxmayaraq, o zaman ki tarixi şəraitə görə bu uzun sürmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul edilmiş respublika Konstitusiyasına Azərbaycan dilini dövlət dili elan edən bənd əlavə edildi. Lakin o dövrdə də siyasi müdriklik olmadığından bu nəcib iş uğursuz başa çatdı. Yalnız 1978-ci ildə Ulu öndər Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində SSRİ rəhbərliyinin ciddi narazılığına və etirazlarına baxmayaraq, Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlətçiliyini təsdiq edən bənd daxil edilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, dilimizin istifadəsinə və nüfuzunun artırılmasına geniş imkanlar açılmışdır. Lakin təəssüflər olsun ki, AXCP dövründə Respublikanın o vaxt kı rəhbərliyinin səriştəsizliyi, xalqın iradəsinə zidd populist fəaliyyətlər nəticəsində dilimizin adı dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu ədalətsizliyə son qoydu. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasında öz mövqeyini referendum yolu ilə bəyan edən xalq, dilinin Azərbaycan dili adlandırılmasına sadiq olduğunu bəyan etdi.
Azərbaycan dilinin tətbiqi sahəsində işin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında imzalanmış sərəncamlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda əvəzsiz xidmətləridir.
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət başçısı kimi ilk sənədlərdən biri kimi, bizim və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilinin latın qrafikasına tərcümənin həyata keçirilməsi və onların kütləvi nəşri haqqında sərəncam imzalamışdır. Müasir şəraitdə Azərbaycan dilinin bilavasitə təkmilləşdirilməsi ilə bağlı, cənab İlham Əliyevin imzaladığı iki mühüm sənədin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bunlar 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma dövrünün tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi haqqında” və 29 may 2012-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamlardır. Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsini təmin edən tədbirlərin həyata keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı Azərbaycan dilinin əhatə dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi rol oynayır. Məhz bu mühüm faktlar dövlətimizin Başçısı cənab İlham Əliyevin dilimizə, mədəniyyətimizə, zəngin milli dəyərlərimizə böyük hörmət və ehtiramının bariz göstəricisidir.
Qürurverici haldır ki, Ana dilimiz hərtərəfli inkişaf edib, dövlət dilinə çevrilib, diplomatiya aləminə yol açır, dünyanın ən mötəbər tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilir. Doğma dilimiz ildən-ilə ciddi populyarlıq qazanaraq, bir çox ölkələrdə və xalqlarda Azərbaycana marağı artırıb. Ölkəmizə belə bir ciddi marağın artmasına təbii ki, mütləq qiymət veriləsi pozitiv tərəflər mövcuddur. Dilimizin tarixi varlığını nəzərə alaraq, onu qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycanın beynalxalq aləmdə nüfuzunun artması, dövlətimizin davamlı inkişaf konsepsiyasına uyğun mərhələlli və ciddi addımların atması dilimizin zənginliyinə və əhəmiyyətinə daha da rəng qatır.
Hər bir dilin xüsusiyyətlərini, müəyyən xalqın yaşadığı mentalitet və tarix müəyyən edir. Xalqın dili ilə mədəniyyəti arasında əlaqə var, çünki müəyyən bir ölkənin malik olduğu mədəni irsi məhz o göstərə bilər. Bundan əlavə, nitq mədəniyyəti haqqında daha çox düşünməyə də dəyər. Ona görə də biz öz dilimizə, əlifbamıza dəyər verməliyik, çalışmalıyıq ki, mentallığımıza yaraşmayan sözlərin, dilimizə təsirlərin həmrəy olaraq qarşını alaq və ümumilikdə hər bir azərbaycanlı milli adət-ənənələrimizi yadda saxlamalı və dəyərləndirməlidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də tarix, ədəbiyyat və mədəniyyətdir, millətin identikliyini qoruyan əsas amillərdəndir. Azərbaycan dilinin qorunması gələcək nəsillərə ciddi əmanətdir, Azərbaycan dövlətinin, millətin və xalqın həmrəylik və firavanlığının əsas təminat verici amillərdəndir. Bunu etməsək, biz ilk növbədə xalqımızın çoxəsrlik mədəniyyətinə, şəxsiyyətimizə böyük ziyan vurmuş oluruq, çünki Azərbaycan dili bizim çoxəsrlik mədəniyyətimizdir, şəxsiyyətimizin təcəssümüdür.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü