Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Dünya əhalisinin demoqrafiyasinda onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətəri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuşdur.
Bu, bir həqiqətdir ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçiliyin inkişafında dövlət və ana dili onun apardığı dil quruculuğu siyasətinin əsasını təşkil etmişdir. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir. Tarixdə özünün yeri olan, xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçidir. Böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı ulu öndər xalqın varlığı olan Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı diplomatiya bənzərsizliyi ilə seçilir. Azərbaycanı bütün dünyada təmsil edən ulu öndər Heydər Əliyevin mühüm fəaliyyəti nəticəsində Azərbaycan dili rəsmi tədbirlərdə rəsmi dil kimi inkişaf etdirilmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrlərdə yeritdiyi dil siyasəti ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədinə xidmət etmişdir.
Qeyd edək ki, sovet hakimiyyəti dövründə, xüsusən də 1920-1960-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir iş də görülmürdü. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox təhlükəli idi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bunun nəticəsi Sibirə sürgün ola bilərdi. Bütün bunlara baxmayaraq, o zamanlar Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə bildirmişdir. Ulu öndər Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.1993-cü ildə xalqımıızn təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən dövlət başçısı ana dilimizi — Azərbaycan dilini özümüzə qaytardı.1994-cü ildə Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində qeyd etmişdir: "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan, Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır".1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bununla da ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Bu gün Azərbaycan dili hərtərəfli inkişaf edir, diplomatiya aləminə yol açıb, dünyanın ən mötəbər tribunalarından eşidilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Bundan əlavə qeyd edək ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ideya və siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Prezident cənab İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və dünya dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri, daha dəqiq desək, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.
Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə – elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir.
Zahid Cəfərov
YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri