PDF Oxu

Siyasət

  • 2 079

Ermənilərin Laçın "tragikomediyası" və Xaçaturyanın həbsi - SİYASİ RAKURS

Ermənilərin Laçın "tragikomediyası" və Xaçaturyanın həbsi - SİYASİ RAKURS

Yaxud, Prezident İlham Əliyevin tarixi bəyanatı bir daha isbatlandı ki, heç bir qüvvə bizimlə təzyiq dilində danışa bilməz!

Beləliklə, Azərbaycan 32 il əvvəl Xocalının Meşəli kəndində qanlı qırğın törətmiş erməni terrorçusu Vaqif Xaçaturyanı Laçın buraxılış məntəqəsində saxlamaqla və Bakıya gətirməklə sübut etdi ki, burada deyilən sözlər və verilən bəyanatlar heç də havaya deyilmir - Bakı qarşısına qoyduğu bütün məqsədlərini icra edir, özü də gecikmədən!

Terrorçular qanun qarşısında cavab verəcəklər və buna 100% məhkumdurlar!

Necə ki, Azərbaycan Laçın yolunda tam nəzarət mexanizmi quracağını vəd etmişdisə, indi də digər prosedurlar həyata keçirilməkdədir. Zamanında Azərbaycan xalqının qanına susamış bütün erməni və s. terrorçular qanun qarşısında cavab verəcəklər və buna 100% məhkumdurlar.

Ümumiyyətlə, təkcə Xaçaturyan deyil, paralel olaraq Robert Koçaryan, Serj Sarqsyan, Vitali Balasanyan, Samvel Babayan, Araik Arutyunyan, Bako Saakyan və onlarla digər Azərbaycan xalqının qatilləri artıq necə deyərlər, qaşınmağa başlayıblar və çox gözəl anlayırlar ki, Bakı heç nəyi unutmayıb. Vaqif Xaçaturyan faktı da məhz həmin anlamı daşıyır.

Və bu gün erməni əsilli Azərbaycan vətəndaşının 32 il əvvəl törətdiyi cinayətinə görə hakim qarşısına çıxarılmasına qarşı yenidən hay-küy qaldıran Ermənistan hökuməti də bilməlidir ki, başqa dövlətin daxili işlərinə qarışmaq onlara çox baha başa gələ bilər.

Qeyd edilən tərəflər "Qarabağ ermənilərinin hüquqları" haqqında danışarkən...

Misal üçün, əgər Nikol Paşinyan, Rusiya, Aİ, ABŞ və Fransa "Qarabağ ermənilərinin hüquqları" barədə dəm vurarkən bir mühüm faktı unutmamalıdırlar- Azərbaycan dəfələrlə sübut edib ki, humanizm prinsipi Bakı üçün bir nömrəli məsələdir və bu prinsiplərə əməli qaydada riayət edilir.

Yeri gəlmişkən, yuxarıda qeyd edilən tərəflər "Qarabağ ermənilərinin hüquqları" haqqında danışarkən, məhz bunu nəzərdə tuturdular ki, onlara toxunulmazlıq, hətta Birinci Qarabağ müharibəsində terror törədənlərə amnistiya veriləcək və s. Göründüyü kimi, kökündən yanılıblar!

Xaçaturyanın həbsinə qədər isə onlar Xocalı və s. soyqırımlarına görə məhkəmələrin keçirilmədiyini anlayırdılar və bilirdilər ki, bu reallıq nə zamansa baş tutacaq. Ona görə də "ermənilərin hüquqlarının beynəlxalq zəmanəti" ətrafında səs-küylər qaldırırdılar. Birinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qan udduran erməni başkəsənlərinin sayı isə əsla az deyil...

Bakı bundan sonra heç bir manipulyasiyalara və təxribatlara dözümlülük göstərməyəcək!

Bakının isə səbri tükənməz deyil. Bəli, ola bilər ki, İrəvan "humanitar yükləri" Laçın yoluna göndərməklə beynəlxalq aləmdəki bəzi məlum dairələri Bakının üzərinə müəyyən qədər qısqırda bildi, amma bu da heç nəyi həll etmədi: Bakı geriyə addım atmadı, əksinə, daha sərt, daha qətiyyətli mövqeyini ortaya qoydu, özü də əsaslı şəkildə. Prezident İlham Əliyevin tarixi bəyanatı bir daha isbatlandı ki, heç bir qüvvə bizimlə təzyiq dilində danışa bilməz!

Hətta belə desək, Bakı maksimum humanizm siyasətini yürütməklə əlində mühüm kozır tutdu və təmkinlə proseslərin gedişatını izlədi. İndi isə nümayiş etdirdi ki, bundan sonra hər hansı manipulyasiyalara və təxribatlara dözümlülük göstərməyəcək!

Afət Tahirqızı

Digər xəbərlər