PDF Oxu

Siyasət

  • 1 639

Prezident İlham Əliyevin yürütdüyü diplomatiya beynəlxalq birlik tərəfindən təqdir edilir TƏHLİL

Prezident İlham Əliyevin yürütdüyü diplomatiya beynəlxalq birlik tərəfindən təqdir edilir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Ermənistanın sülh danışıqlarına maneçilik törətməsi qəbuledilməzdir”

İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışmasının qəbuledilməz olduğunu söyləyib. Dövlətimizin başçısı Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə Azərbaycanın təklifinin təqdim edildiyini xatırladıb. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Dövlətimizin başçısı Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.

ANTONİ BLİNKEN: “ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərir”

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı, ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Göründüyü kimi, bu gün Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən olan ABŞ münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı ABŞ-la əməkdaşlığın inkişafına hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü əlaqələr mövcuddur. Xüsusilə Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

"ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASINDA ABŞ-IN SƏYLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRİK"

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nın Prezidenti Cozef Baydenə ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda vurğulanır ki, haazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik: "Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

BU GÜN AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YÜRÜTDÜYÜ DİPLOMATİYA BEYNƏLXALQ BİRLİK VƏ BÖYÜK GÜCLƏR TƏRƏFİNDƏN TƏQDİR EDİLİR

Bir vaxtlar özünün daxili enerji tələbatını ödəmək gücündə olmayan, yalnız idxal gücünə ayaqda dayanan Azərbaycan indi təkcə mövcud olduğu yox, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır və bu, ölkəmizin beynəlxalq birliyin daim xüsusi diqqət mərkəzində qalmasının səbəblərindən biridir. Həmçinin enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolunun gündən-günə artması ölkəmizlə dünya dövlətlərini, xüsusən də Qərbi bu sferada daha sıx əməkdaşlığa sövq etməkdədir. Buna əsas səbəb həm enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycanın uzun müddət Avropanın enerji tələbatının ödənilməsində vacib rola malik tərəflərdən biri kimi çıxış etməsi, həm də Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq, Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkünsüzlüyüdür. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır.Bu yerdə cari ilin may ayının 31-də ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da qeyd olunur ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb: "Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan "Cənub Qaz dəhlizi" vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır". Bundan əlavə, Amerika prezidentinin məktubunda o da vurğulanır ki, "Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təşviqinə kömək edəcək davamlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyik. Qarşıdan gələn illərdə əməkdaşlığımızın davamlı olacağına ümid edirəm".

BƏLİ, BÜTÜN BUNLAR TƏKCƏ ABŞ DÖVLƏTİNİN MARAQLARINA GÖRƏ DEYİL, HƏM DƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XARİCİ SİYASƏT KURSUNUN UĞURLU NƏTİCƏLƏRİDİR

Bu siyasətin həyata keçirilməsi gənc müstəqil Azərbaycanın siyasi-diplomatik nailiyyətlərini gündən-günə artırır. Müstəqilliyin geridə qalan dövrlərində Azərbaycan – ABŞ əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daim inkişaf etməsi də məhz həmin uğurlar sırasındadır. 1993-cü ilin yayından etibarən Vaşinqton –Bakı münasibətləri daim yüksələn xətlə inkişaf edib.Dostlarımız da, bədxahlarımız da şahiddirlər ki, Azərbaycan –ABŞ əməkdaşlığı cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Məsələn, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində iki ölkə arasında geniş əməkdaşlıq mövcuddur. Xüsusilə vurğulanmalıdır ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edirlər. Xüsusilə xatırladılmalı məqamlardan biri də odur ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və daim dəstəkləyir. Dövlət başçımız dəfələrlə xatırlatmışdır ki, 2001-ci ildə Nyu-Yorkda törədilən 11 Sentyabr terror hadisəsindən sonra rəsmi Vaşinqtonun öz yanında gördüyü ilk dövlətlərdən biri məhz Azərbaycan olmuşdur. Ölkəmiz ABŞ rəsmilərinin təşəbbüsü ilə yaradılan antiterror koalisiyaya ilk qoşulanlardan biri kimi dostluğa və tərəfdaşlığa sədaqət nümayiş etdirmişdir. Bir sözlə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diplomatiya beynəlxalq birlik və böyük güclər tərəfindən təqdir edilir. Xüsusilə də, dövlət başçımızın enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkənin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır. Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar. Bir sözlə, dövlət başçımızın dediyi kimi: Azərbaycan ilə ABŞ arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər