PDF Oxu

Siyasət

  • 2 252

Ermənilərin insanlığa qarşı hərbi cinayətləri: Meşəli qətliamı TƏHLİL

Ermənilərin insanlığa qarşı hərbi cinayətləri: Meşəli qətliamı TƏHLİL

Hər dəfə Ermənistanın qanunsuz, beynəlxalq konvensiyalara zidd əməllərindən, xalqımıza qarşı törətdikləri qətliam, soyqırımı və faciələrdən yazarkən böyük bir xalqın kiçik bir "dövlət"in terrorizminə, vandallığına məruz qaldığını görürük. Yaşadığımız acı nəticələr xalqımızın tarixinin müxtəlif dönəmlərində 200 ilə qədər olan tarixində silinməz izlər saldığı hər kəsə yaxşı bəllidir. Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı, Başlıbel faciəsi və digər yaşadığımız qətliamlar ermənilərin insanlarımıza nə qədər acılar və ağrılar yaşatdığını ortaya qoyur. Hadisələrin gedişi göstərir ki, təkrarlanan bu hadisələr ermənilərin "Böyük Ermənistan" yaratmaq istəklərini reallaşdırmaq, özgə torpağı üzərində "ərazisini" genişləndirmək niyyəti daşıyır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini gösətərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir. Tarixin müxtəlif dönəmlərində torpaq itkilərinə, fəlakət və böyük dağıntılara məruz qalan Azərbaycana sarsıdıcı zərbələr vurmaqda davam ediblər.
Tarixdən məlumdur ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilər kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdiriliblər. Bu siyasət uzun illəri əhatə etmiş və ermənilər Azərbaycan torpaqları hesabına öz coğrafi ərazilərini kifayət qədər genişləndirə bilmişlər. Ötən əsrdə 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan çıxarıldı, daha sonra isə 1988-ci ildə kütləvi qırğınlarla müşayiət olunan deportasiyaya məruz qaldılar. Təbii ki, doğma el-obasından qovulan azərbaycanlılar həm insan, həm də böyük maddi itkilərə məruz qalmış oldular. Ötən əsrin son illərində erməni təcavüzkar siyasətinin məntiqi olaraq məlum tarixi torpaqlarımız işğal olundu. Statistik rəqəmlərdə qeyd olunduğu kimi, təcavüz nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 100 min nəfər yaralanıb, 50 mindən çox adam əlil olub. Bu rəqəmlərdən aydın olur ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilik, vandallıqdır. Ermənistan işğal etdiyi ərazilərdə (işğal dövründə) 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti, eləcə də 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olubsa, demək təcavüzkar "xalq"ın vandallığı açıq-aydın özünü göstərmiş olur.
Dinc azərbaycanlı əhalisi öz dədə-baba torpaqlarından amansız işgəncələrə məruz qalaraq qovuldu, evləri yandırıldı, minlərlə insan, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirildi, girov götürülüb əsirliyin bütün acılarını yaşadılar, itkin düşdülər. Azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarca adam girov götürülüb, kənd isə yandırılaraq yer üzündən silinib.

8 NƏFƏR 90-100 YAŞLI QOCA, 2 NƏFƏR AZYAŞLI UŞAQ, 7 NƏFƏR QADIN DİRİ-DİRİ ODDA YANDIRILDI

1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır. Ağdaban soyqırımı zamanı bütöv bir kənd tamamilə yandırıldı, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verildi və yurdundan didərgin salındı. Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı özünü itirib. Erməni qarətçiləri planlı surətdə hərəkət ediblər. Belə bir vəziyyətdə aprelin 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum ediblər. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşirin evi və zəngin arxivinə od vurularaq, külə döndərilib. Ağdaban faciəsi Kəlbəcərin ən kədərli, sözlə ifadəsi çətin olan səhifəsidir.
Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına dair konvensiyalara sığmayan faciəyə "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində, eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər.
Ağdaban qırğınının səhəri günü - aprel ayının 9-da camaat hər yerdən gəlib rayon mərkəzinə toplaşıb. Xalqın iradəsi ilə "Kəlbəcərin müdafiəsi üçün fövqəladə yardım komitəsi" yaradılıb. Komitə, qısa müddət ərzində, böyük tədbirlər həyata keçirib. Orduya kömək xeyli artırılıb. Əhalidə müdafiə olunacağına ümid yaranıb. Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamışdır. Bu faciələr sırasında Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbeldə törədilən qətliamı daa yer alıb. 1993-cü ilin aprel ayının 2-də baş verən hadisə zamanı Başlıbelin kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra, iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

"MƏN ƏMİNƏM Kİ, GÜN GƏLƏCƏK XOCALI FACİƏSİNİ TÖRƏDƏN, DİNC ƏHALİYƏ QARŞI QƏDDARLIQ GÖSTƏRƏN, DİNC ƏHALİNİ MƏHV EDƏN ERMƏNİ CİNAYƏTKARLARI MƏHKƏMƏ QARŞISINDA CAVAB VERƏCƏKLƏR"

Əlbəttə ki, bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi soyqırım, genosid deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində xalqımız misli görünməmiş faciələlər yaşamışdır. 1992-ci ilin Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi yazıldı. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb.

Xocalı rayonunun Meşəli kəndində törədilmiş kütləvi qətliam Xocalı soyqırımına hazırlıq kimi – Meşəli faciəsinə dünya birliyi tərəfindən heç bir reaksiyanın olmaması erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha geniş miqyaslı soyqırım törətməsi üçün zəmin yaratdı. Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı rayonunun Meşəli kəndində törədilən faciə də tariximizdə ermənilərin vəhşiliyindən söz açır. Erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur. 29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi. Ermənistan tərəfi bunu "adam oğurluğu" kimi qiymətləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində bildirmişdi: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir". Bu gün Meşəli soyqırımı iştirakçısının saxlanılması bir daha göstərir ki, Azərbaycan dövləti dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri unutmayıb və xalqımıza qarşı soyqırımda əli olan cinayətkar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.
Ermənistan XİN-nin V.Xaçatryanın saxlanmasına etiraz etməsi bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində açıq şəkildə dəstək verməsi deməkdir. Bu, bir daha göstərir ki, sözdə guya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, mehriban qonşuluq münasibətlərinin qurulmasını "istəyən" hazırkı Ermənistan iqtidarı, əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır. Azərbaycan dövləti 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı vəhşiliklər törətmiş şəxslərin təqib olunması və cəzalandırılması üçün səylərini davam etdirəcək.

ŞƏHİD KƏND VƏ ŞƏHƏRLƏRİN, FACİƏ, SOYQIRIMI QURBANLARININ QİSASI ALINDI

Bu gün şəhid kənd və şəhərlərin, faciə, soyqırımı qurbanları olanların qisası alındı. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü. rəşadətli ordumuzun dönməzliyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. İşğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi.
Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq əməllərinin şahidi olduq. Ən dəhşətlisi gecə yatmış insanlara qarşı belə cinayətin törədilməsi zamanımızın qaniçənliyidir, bu insanlar yer üzünün lənətlənmişləridir. Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdə də yaşanılan hadisələr ermənilərin faşist əmməllərini təsdiqlədi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələrini endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Vətən müharibəsində dünyanın gözü qarşısında cinayətlər törədən ermənilər bir daha faşist ideologiyalarını ortaya qoymuş oldular.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər