Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənilər vəhşilik missiyalarını həyata keçiriblər. Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələri - Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.
Qərbi Azərbaycan ölkəmizin qədim bölgələrdən biridir. Burada mövcud olan qəbiristanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bir dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı əsl müsəlman şəhəri kimi təsvir etmişlər. İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır.
Tarixi mənbələrdə qeyd olunduğu kimi, müxtəlif dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən "Sərdar", "Abbas Mirzə", "Şah Abbas" kimi məscidlərinin adları çəkilir. Rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd mavi lövhə üzərində ərəb əlifbası ilə ağ rənglə mətn həkk olunduğunu, divar sütunları üzərində ucalan minarələrinin üzərinin kvadrat şəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildiyini qeyd etmişdir. Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır.
Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi qeydə alınmışdır. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar. 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar.
ZƏNGƏZUR VƏ İRƏVAN QUBERNİYASININ ƏRAZİSİNDƏ MƏSCİDLƏR
Qeyd edək ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid 2008-ci ildə tamamilə sökülmüşdür. Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir. Məscid Qacar şahzadəsi və Azərbaycan hakimi Abbas Mirzənin adı ilə adlandırılmışdır. Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü. İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra məscid cəbbəxana kimi istifadə edilmişdir. Daha sonra isə bir müddət rus əsgərlərinin sığınacağı olmuşdur. Ermənistan SSR qurulduqdan sonra isə məscid tamamilə məhv edilmiş və dövrümüzə yalnız bir divarının qalığı çatmışdır. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün Sərdar məscidi adlandırılıb. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır.
"ERMƏNİSTANIN MƏQSƏDİ ƏSRLƏR BOYU HƏMİN ƏRAZİLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLILARIN İZİNİ SİLMƏK OLUB"
Mənbələrdə qeyd olunur ki, alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. Sərdar məscidində Osmanlıdan köçmüş erməni qaçqınları məskunlaşdırılmış, sovet dövründə isə məscid hissə-hissə dağıdılmışdır. 1918-ci ildə ermənilər İrəvanın Müsəlman əhalisini məscidə doluraraq məscidlə birgə yandırmışlar. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir. Günümüzdə yerində yaşayış evləri tikilmiş və 2014-cü ilin noyabr ayında tamamilə yox edilmişdir.
Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 90-cı illərdən sonra geniş vüsət alıb. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etmək haqqıdır. Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları kifayət qədərdir ki, hər bir ərazimizin coğrafi-tarixi mənbələrini əsaslandırmağa dəlillərimiz var. Utopik fikirlərlə yaşayan Ermənistan öz xülyalarından əl çəkərək, tarixi həqiqətləri qəbul etməlidir. Sanki düşüncələri ilə öz dünyalarında "Böyük Ermənistan" yaradırlar. Sənəd, tarix və faktlar bu "xalq"a yad olan məfhumlardır.
Nəzakət ƏLƏDDİNQIZI