PDF Oxu

Siyasət

  • 3 481

Humanitar yardım adı altında TAMAŞA, AXMAQLIQ, YOXSA AMBİVALENTLİK? – TƏHLİL

Humanitar yardım adı altında TAMAŞA, AXMAQLIQ, YOXSA AMBİVALENTLİK? – TƏHLİL

Paşinyan hökumətindən soruşmaq yerinə düşərdi ki, humanitar yük adı altında karvanı göndərəndə nəyə arxalanırdı? Bəlkə həmin o karvanın keçib gedəcəyi, saxlanılmayacağı, geri dönmək məcburiyyətində qalmayacağı barədə vəd verilmişdi? Axı belə bir vədin verilməsi mümkün deyildi, çünki nə Rusiya, nə də Qərb ölkəmizin yerinə qərar qəbul edə bilməzdi və Ermənistan tərəfinin göndərdiyi karvanın saxlanılması Azərbaycanın öz işidir, suveren hüququdur. Elə isə rəsmi Bakıdan bu barədə heç bir icazə istəmədən, məlumat belə vermədən Paşinyan hakimiyyətinin yardım adı altında karvanı göndərməsinə nə ad vermək olar? Bu addıma axmaqlıq belə demək olmur, çünki bu addımda, belə bir qərarın verilməsində uyğunsuzluq, psixi pozğunluq, sadə dildə desək, dəlilik simptomları görünür.

Qatara bilet almadan dəmiryol vağzalına yollanan, hara isə səfər edəcəyinə ümid edən kimsənin psixi cəhətdən pozğunluğu kimdə isə şübhə doğura bilərmi? Qətiyyən şübhə doğura bilməz, çünki uyğunsuz, məntiqsiz, normadan kənar addım atıldığının fərqində olmaq buna imkan verməz. Məhz elə bu məsələ müvafiq olaraq, yenə də bütün dünya ictimaiyyəti növbəti dəfə Paşinyan hökumətinin uyğunsuz addımını, normadan kənar hərəkətini müşahidə etdi və sözsüz ki, buna don geyindirmək istəyən ermənipərəstlərin belə elə onlarla “eyni ağılda”, daha doğrusu, eyni ağılsızlıq həddində olduğunu da təkzib etmək mümkün deyil. Çünki şizofreniyanın əlamətlərindən biri də uyğunsuzluq hesab olunur və buna ambivalentlik deyilir.

Əsrin üçdəbirinə yaxın müddət ərzində ərazilərimizin ermənilər tərəfindən işğal altında saxlanılması və həmin torpaqları özlərininki etmək istəklərinin axmaqlıq olduğu bizə bəlli idi və 44 günlük müharibə zamanı bu fakt bütün dünya üçün də bəlli oldu. Erməni əsgərlərin döyüş meydanından qaçdıqları halda, ordumuzun qarşısında diz çökdükləri, rüsvayçı şəkildə məğlub olduqları halda, rəsmi İrəvanın öz daxilində qələbə qazandıqları, irəlilədikləri barədə xəbər yaymalarına da axmaqlıq demək olar. Məğlub durumda, səfalət içərisində olan Ermənistanın hələ də reallıqları, məhz Azərbaycanın yaratdığı reallıqları dərk etməməsini də axmaqlıq kimi dəyərləndirmək mümkündür, amma Paşinyan hökumətinin sonuncu addımına, humanitar yük şousuna axmaqlıq belə demək olmur, çünki bu artıq dəlilik əlaməti kimi görünür. İrəvanda 400 ton mal toplanır, onlar erməni əsillilərin yaşadığı Azərbaycan ərazilərinə humanitar yardım adı altında göndərilir, amma bu barədə icazə bir yana, rəsmi Bakıya məlumat belə verilmirsə, bu, həqiqətən də, erməni baş nazirinin əqli, psixi problemlərindən xəbər verir və onun hakimiyyət komandasının da özü ilə eyni problemi yaşadığı anlamına gəlir. Gecə saatlarında Ermənistanın dövlət qurumları “Spayka” nəqliyyat şirkətini podratçı seçərək, yükləri həmin şirkətə məxsus maşınlara doldururlar və karvanın keçmə proseduru ilə bağlı rəsmi Bakıdan razılıq almadan, heç bir xəbərdarlıq belə olmadan dərhal Azərbaycan ərazilərinə yola salmaq qərarına gəlirlərsə, bu, axmaqlıqdan da böyük bir şeydir ki, buna dəlilik deyilir.

Maraqlıdır, Ermənistan tərəfinin, yaxud da Paşinyan hakimiyyətinin çıxardığı bu “tamaşa” nəyə lazım idi? Paşinyan hökumətinin səlahiyyətliləri humanitar yük adı altında göndərilən karvanın keçib gedəcəyinə həqiqətən də ümid edirdilərmi? Bəlkə elə zənn edirdilər ki, belə bir karvan elə yolda ikən dünya ictimaiyyətinin diqqətini çəkəcək və yüklərin buraxılması üçün Azərbaycana təzyiq ediləcək, yüklərin keçirilməsinə də nail olacaqlar? Yoxsa həqiqətən də Azərbaycan tərəfinin buna imkan verməyəcəyinə zərrə qədər də olsa şübhələri olub? Axı rəsmi Bakının iradəsinə bu zamana qədər dəfələrlə şahid olanlar belə bir şübhəyə də düşməməli idilər. Deyəsən, isti iyul günəşi Paşinyanın da, onun hakimiyyət komandasının da başına təsir edib, onları gün vurub və olmayan başlarını tamamilə itiriblər.

Əgər Azərbaycana məxsus olan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsillilərə göstərmək istəyirlərsə ki, guya onlarla bağlı nə isə etmək istəyirlər, yenə də yanılırlar, çünki həmin ərazidə yaşayan ermənilər çoxdan başa düşüblər ki, onların taleyi rəsmi İrəvanı qətiyyən maraqlandırmır. Onlar yaxşı başa düşürlər ki, separatçılar da, Paşinyan hakimiyyəti də onlardan, sadəcə olaraq, istifadə etmək niyyətindədirlər. Deməli, göstərmək istədikləri də mənasızdır və bu tamaşanın heç bir mənası yoxdur. Bir sözlə, adama elə gəlir ki, Paşinyan hakimiyyəti paralel reallıqlarla yaşayır və mövcud reallıqlardan tamamilə uzaqdır. Əgər mövcud reallığı, Azərbaycanın yaratdığı reallığı görmürlərsə, yaxud görə, dərk edə bilmirlərsə, onlara qapıların açılmayacağını dərk etmirlərsə, deməli, həqiqətən də bu, onların psixi problemli olduqlarından xəbər verir.

Sərhəddə çatan karvan sanki qəflətən bir reallıqla qarşılaşmalı oldu ki, icazə almaq lazım imiş. İcazə isə mümkün deyildi, çünki bunun da səbəbləri var. Azərbaycan öz ərazisində humanitar fəlakət elan etmədiyi və dünyaya yardım üçün üz tutmadığı halda, “humanitar yardım” olsa belə, onun idxalına niyə icazə verməli idi və görəsən bunu da erməni baş nazir və onun komandası anlamırdı? Anlamırdı ki, rəsmi Bakıya təzyiq həm faydasızdır, həm də mənasız? Həm də, əgər Vaşinqton Ağdamdan Xankəndinə gedən “alternativ” yoldan istifadənin mümkünlüyünü qeyd edirsə, o zaman humaniyar yük adı altında karvan niyə həmin yoldan istifadə etmirdi? Bəlkə Paşinyan və onun komandası yenə də özlərini axmaq yerinə qoymaq fikrindədir, amma onlar bilməlidirlər ki, bu, artıq axmaqlıqdan da betərdir və birmənalı şəkildə bunun adı dəlilikdir.

Eyni zamanda, eyni obyektə və ya eyni vəziyyətə qarşı əks emosional vəziyyətlərin hiss edilməsi ambivalentlikdir, hansı ki, bu halı Ermənistan hakimiyyətində dəfələrlə müşahidə etmişik və yenə də eyni şəkildə müşahidə etməli olduq. Əgər Azərbaycan hökuməti Ağdamdan Xankəndinə gedən “alternativ” yoldan istifadəni təklif edirsə, Qərb belə, Rusiya belə bunun tam məntiqi olduğunu etiraf edirsə, o zaman Ermənistan hökumətinin əks emosyanal vəziyyətinə ambivalentlikdən başqa bir ad qoymaq olmur. Diqqətə çatdıraq ki, fərqli emosional vəziyyətlərin eyni anda yaşandığı ambivalentlik onun ikili düşüncələrdə itməsinə səbəb olur və əgər Ermənistan tərəfi yenə də başının daşa dəydiyi qənaətindədirsə, bilməlidir ki, bunun da səbəbi var.

Ermənistan tərəfinin humanitar yük adı altında göstərdiyi tamaşa ilə bağlı sual doğuracaq məqamlar da həddən artıqdır. Həmin suallar məsələnin nə yerdə olduğunu da, Paşinyan və onun komandasının psixi problemlərinin olduğunu da, ambivalentiliyi də açıb ortaya qoymuş olur. Maraqlıdır, həmin o yardımın niyə əvvəl, yəni ermənilərin törətdikləri təxribatdan, 15 iyun tarixindən etibarən Laçın postu ilə bağlı müvafiq qərar qəbul edildiyi zaman göndərilmədi və qaldı indiyə? Bəs niyə yardım göndərilməzdən öncə Rusiya Sülhməramlı Kontingentinə belə bu barədə xəbər də olsa verilmədi? Ən azından rus sülhməramlılarından yüklərinin keçiriləcəyi barədə “zəmanət” almadan yük göndərilməsi nə tamaşa idi və məqsəd nə idi? Yəni, məğlubiyyət acısı, ağrısı erməni başbilənlərinin başını belə xarab edib ki, atdıqları addımların fərqində də deyillər?

Digər xəbərlər