Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Dədə Qorqud və Koroğlu dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar Ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi.
Ulu öndərimiz Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi tədqiqat materialları və kitablar nəşr olunmuşdur.
Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamına əsasən, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.
Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı