PDF Oxu

Siyasət

  • 3 599

Azərbaycan dilinin dövlət dili statusu alması Ulu Öndərin adı ilə bağlıdır ŞƏRH

image

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Bütün ömrünü dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb.44 il öncə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif konsepsiyalar irəli sürülmüşdür. Bu fikirlərin böyük əksəriyyətində Ulu öndərin təklifi müdafiə olunaraq ana dilimizin Azərbaycan dili adlandırılması ideyası xalqımız tərəfindən dəstəkləndi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Ulu Öndərin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda milli kimliyimizi də gücləndirən əhəmiyyətli amildir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə edən xalq, dövlətini sevən, onun ana dilini, milli maraqlarını qoruyub saxlayan Ulu öndəri heç vaxt unutmayacaq, onun vətən qarşısındakı xidmətlərini həmişə ehtiramla xatırlayacaqlar.

Məcid Əhmədov

YAP Pirallahı rayon təşkilatının sədr müavini

Digər xəbərlər