XIX əsrin ən maraqlı kəşflərindən olan kino bəşəriyyətin diqqət mərkəzində oldu. Hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hissləri, gözəlliyi və müxtəlif düşüncələri insanlara çatdıran bu vizual sənətdə həyatın üzü, tarixi öz əksini tapmış oldu. Necə ki, bir əsrdən artıq yol gələn Azərbaycan kinosunda tarixi keçmişimiz, adət-ənənələrimiz, milli dəyərlərimiz ekranlaşdırıldı. Dədə Qorqudumuz, Koroğlumuz, Babəkimiz, Mehdi Hüseynzadəmiz, eləcə də neftimiz, inkişafımız, tarixi şəxsiyyətlərimiz kinematoqrafiyanın yaddaşına köçdü. Ötən illərin hər daşından, izindən bizləri xəbərdar edir Azərbaycan kinosu. Bizləri həm güldürən, həm düşündürən, həm də mənəvi sarsıntılar yaşatdıran, kimliyimizi - qəhərəmanlığımızı, igidliyimizi, mübarizliyimizi, vətənpərvərliyimizi təqdim edən Azərbaycan kinosu. Azərbaycan milli mədəniyyətinin, kino sənətinin inkişafı haqqında bu gün böyük sevgi və vüqarla söz açdıqda, unutmamalıyıq ki, bu sənətin təməlini qoyan, onu zaman-zaman inkişaf etdirən, təkmilləşdirən, formalaşdıran böyük qəlbli insanlar, ziyalılar təbəqəsi olmuşdur. Neçə-neçə onilliklərini məhz sənətin inkişafına həsr edən insanlar dünyalarını dəyişsələr də, sənət tarixində möhtəşəm abidələrini ucaltmış, özlərinə əbədiyaşarlığı əmək və istedadları ilə qazanmışlar. Həyata gəlişləri ilə böyük əsərlərin müəllifinə çevrilən, illərin qanadında ömür yolunu kino sənətinin inkişafına həsr edən insanlar, zaman adlı məfhumun hər dövründə xalqın sevilən, seçilən övladı kimi yaddaşlarda qalırlar. Onların yaradıcılıq yolunda əldə etdikləri uğurların hər biri sənətin inkişafına yönəldilmişdir. Azərbaycan xalqının belə istedadlı, sayseçmə övladları kifayət qədər olmuşdur. Onların əməyi və istedadı sayəsində ideal şəxsləri, ali dəyərləri görməyimizlə yanaşı, cəmiyyətin neqativ halları ilə də üz-üzə gəlirik. Ziddiyyətli dünyanın ziddiyyət kəsb edən məqamları ilə tanış oluruq. Neçə əsrlik tariximiz vərəqlənir, bu filmlərdə. O filmlərlə böyümüşük, ən yüksək dəyərlərin əxz olunmasında bizlərə təsirsiz ötüşməyib və hər bir filmdən bir iz salınıb dünyamıza. Artıq neçə illərdir ki, bu filmləri ərsəyə gətirən kinematoqrafçıların peşə bayramını qeyd edirik. Azərbaycanın müstəqillik əldə etməsi ilə kino işçilərinin də peşə bayramı 27 avqust tarixində deyil, məhz 2 avqust tarixdə qeyd olunmağa başlanıldı. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı əsasında, 2 Avqust Milli Kino Günü elan olundu.
Azərbaycan kinosunun yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və bir bədii kinosüjetdən - "İlişdin"dən ibarətdir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis və İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M.Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə, Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır. Tarixi materiallar əsasında deyə bilərik ki, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından və neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı buraxılmağa başlandı.
MÜHARİBƏ VƏ AZƏRBAYCAN KİNOSU
Azərbaycan kinosu inkişaf dövrünü yaşayırdı. Zamanın tələbi əsas meyar idi. İkinci Dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkildi. Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də, keçmiş sovet kinosunun nailiyyətlərindəndir. İkinci Dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək, əsgərlərin qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar və kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab", "Qardaş köməyi" və s. 1944-cü ildə "Bakı kinostudiyası" Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Beləliklə, bir-birin ardınca Azərbaycan həyatını əks etdirən filmlər istehsal olunmağa başlanıldı.
YENİ VƏ QAYNAR DÖVR
Sovet dövründə yaşadığımız illərə nəzər salsaq görərik ki, 1970-80-ci illərdə Dahi Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən məhəbbətini əsirgəmədi. XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi və insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Baş müsahibə", "Var olun, qızlar", "Həyat bizi sınayır", "Xoşbəxtlik qayğıları" və s. filmləri göstərmək olar. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur.
Təbii ki, yeni baxışlar, yeni quruluş cəmiyyət qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən azalmışdır. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Belə ki, "Yarasa", "Özgə vaxtı" filmləri o illərin ən mükəmməl filmləri sırasındadır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında yeni bir dövrün başlanğıcı oldu. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını çıxışlarında xüsusi vurğulamışdır.
FİLMLƏRDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV OBRAZI
Müstəqillik illərində çəkilən filmlər sırasında maraq doğuran Azərbaycanın Ümummilli Liderinin geniş və hərtərəfli fəaliyyətindən bəhs edən film N.Səfərovun ssenarisi əsasında operator O.Şıxəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Ulu Öndər Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır. Ssenarist və kinorejissor Vaqif Mustafayevin Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən, onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "Heydər Əliyev" filminin 9-nu çəkib. Onlardan "Əsl məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya Teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.
Onu da qeyd edək ki, Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin "Əsrin sazişi" filmində öz əksini tapmışdır.
QARABAĞ HƏQİQƏTLƏRİ VƏ AZƏRBAYCAN KİNOSU
1980-ci illərin sonlarından başlayaraq bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycanın qədim ərazisi olan Qarabağ bölgəsində elan edilməmiş müharibə başladı, ermənilər çirkin məqsədlərini həyata keçirərək dədə-baba torpaqlarımızda etnik təmizləmə siyasəti apardı. Separatçı hərəkatın apardığı müharibə, hərbi cinayətlər nəticəsində Azərbaycanın qədim yurdu olan Qarabağda yaşayan bir milyona yaxın soydaşımız doğma ocağından, doğulub boya-başa çatdığı torpaqlarından didərgin salındı, iyirmi faiz torpaqlarımız qəddar düşmən tərəfindən işğal edildi. Azərbaycana məxsus olan qədim ərazilərin erməni quldur dəstələri tərəfindən yağmalanması nəticəsində minlərlə soydaşımız həlak oldu, əsir götürüldü, itkin düşdü. Respublikanın əməkdar incəsənət xadimi, istedadlı kinorejissor Yavər Rzayevin 1998-ci ildə quruluş verdiyi faciə janrlı "Sarı gəlin" filmində Qarabağ uğrunda gedən müharibədə dinc əhalinin məruz qaldığı mənəvi sarsıntılar əksini tapmış oldu.
Son illərin hadisələri də ekran həllini tapmış və beynəlxalq müsabiqələrdə yer almışdır. "Arxada qalmış gələcək", "Atılmamış güllələr", "Biz qayıdacağıq", "Canavar balası, "Dolu", "Girov", "Xoca", "Xüsusi təyinatlı İbad", "Qarabağa gəzinti", "Laçın dəhlizi", "Vandalizm", "Mübarizə" və s. filmlərdə xalqımızın mübarizəsi, Qarabağ uğrunda gedən döyüşlər öz əksin tapmışdır. "Müharibə uşaqları” və "Biz qayıdacağıq" kinolentləri Xocalı soyqırımına həsr olunub. "Dolu", "Mübarizlik zirvəsi" və bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzolunmazdır. "Nabat" filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir. Əlbəttə ki, bu gün Vətən müharibəsini əks etdirən filmlər ekranlaşlırılmalıdır. Neçə-neçə filmin mövzusu olan müharibənin od-alovu, şəhidlərimizin, vətən oğullarının qəhrəmanlığı kinofilmlərdə yaşamalıdır. Hər biri bir tarix, hər biri bir dastan olan həyat həqiqətləri ekran əsərlərinə gətirilməlidir. Necə ki, tarixi həqiqətləri bu gün tarixi filmlərdə görürük. Azərbaycan kinematoqrafçıları bundan sonra da xalqımızın tarixi, keçdiyi yol ilə bağlı hadisələri ekranlaşdırıb, həyat həqiqətlərini kinosevərlərə təqdim edəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI