PDF Oxu

Siyasət

  • 4 740

Ana dilimiz milli birlik və həmrəyliyimizin təminatçısıdır ŞƏRH

Ana dilimiz milli birlik və həmrəyliyimizin təminatçısıdır ŞƏRH

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir millətin formalaşmasında vacib şərtlərdən biri onun dili və əlifbasıdır. Bir millətin keçdiyi tarixi yol, mədəni səviyyəsi onun ana dilində öz əksini tapır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.

Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Sözdüzümü, sabit qanunauyğunluqları və düzənliliyi ilə öncül olan Azərbaycan dili daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Hər millətin mədəniyyətinin böyüklüyü lüğət tərkibinin zənginliyi, kəlmə xəzinəsi ilə ölçülür. Ümummilli lider Heydər Əliyev deyirdi: “Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir”.

Hələ daha qədimdən böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan daha zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. XIII əsrdə İzzəddin Həsənoğlu qəzəllərini o dövrün "hakim” dillərində deyil, məhz ana dilində yazmağa üstünlük vermişdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin "nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib.

Zaman-zaman ana dilimizə qarşı yad təsirlər olub, məhv edilməyə, unutdurulmağa səy edilib. Sovet dövründə rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda ana dilini və milli-mənəvi dəyərləri məhv etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimiz unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və "rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə qarşı məhvedici plan həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı Ulu Öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. Bizim milli varlığımızın əks-sədası olan ana dilimizin başının üstünü almış təhlükəni millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi. Ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar da əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar.

Ana dilimizin bu qədər dəyərli olmasına baxmayaraq dilimizin lüğət tərkibi ərəbcədən, farscadan yad, alınma sözlərlə dolmuşdur, insanların öncələr Şərq dillərinə olan meyli indi Qərb dillərinə yönəlmişdir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan bir məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir: "Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.

Bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup 200-ə yaxın dövlətin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Bu mənada dilimizin dövlət dili statusu qazanması həqiqətən də qürur doğuran tarixi hadisədir. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, - deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyevin həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində böyük cəsarətlə Azərbaycan dilində çıxış etməsi bu dili dövlət əhəmiyyətli tədbirlərdə kürsü dili səviyyəsinə ucaldır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. 1995-ci ildə Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası yaradıldı və 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı eyni zamanda əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Eyni zamanda "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamı və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.Bizim milli birlik və həmrəyliyimizi təmin edən doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Dilimizi başqa dillərin kölgəsində qoysaq, ən gözəl milli varlığımızı – dilimizi əridərik. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.

Günay Məmmədli

YAP Yasamal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər