Tarixə nəzər saldıqda aydın olur ki, Azərbaycan dilinin qorunub saxlanılması uğrunda hər zaman mübarizə aparılmışdır. Düzdür, Azərbaycan dili müxtəlif vaxtlarda rəsmi dövlət dili kimi elan edilsə də, bu müddət çox da uzun sürə bilməmişdir. Sovetlər dönəmində, əsasən də 70-ci illərin ortalarında SSRİ tərkibində olan respublikaların ana dilinin rəsmi dövlət dili kimi sıxışdırılması prosesi başlanmışdır. Bu isə qəti şəkildə yol verilməz idi. Hər bir ölkənin dövlət dili onun Ana dili olmaqla yanaşı həm də milli sərvəti sayılır. Cətin bir dönəmdə, Ulu Öndər Heydər Əliyev öz cəsarətli qətiyyəti ilə bu yolda mübarizəyə başladı. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ötən əsrin 70-ci illərdə Yeni təsbit olunan Konstitusiya lahiyəsinə Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi prosesində böyük işlər görərək, nəticədə 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir bənd salındı: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Qeyd olunan məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili kimi öz statusunu almış oldu. Bəli, bu gün öz ana dilimizdə danışmağımızın, təhsil aldığımız məktəblərdə tədrisin ana dilində aparılmasının, dövlət orqanlarında sənədləşmənin dövlət dili olan Azərbaycan dilində aparılmasının və ən başlıca Azərbaycan Respublikasının rəsmi dövlət dili kimi Azərbaycan dilinin olmasının əsas səbəbkarı dahi lider Ulu Öndər Heydər Əliyev olmuşdur . Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı