Prezident İlham Əliyev: "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir"
Tarix boyu Azərbaycana qarşı işğalçılıq siyasətini yeridərək torpaq iddiası ilə ölkəmizə əl uzadan ermənilərə Azərbaycan 44 günlük Vətən müharibəsində elə bir dərs verdi ki, bu tarix heç zaman unudulmayacaq. Əlbəttə ki, Azərbaycan ordusu yeni tarix yazdı. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun şücaəti, igidliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan ordusu düşməni öz torpaqlarından qovdu. Cənab Prezidentin vurğuladığı kimi, "Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığa atırdı, "yenilməz Ermənistan ordusu" barədə miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan ordusu?. …Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq". Azərbaycan bayrağı işğaldan azad olunan torpaqlarımıza sancıldı və bu, hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə idi.
Bu gün Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" əməliyyatından bir il ötür. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Ordumuz Buzdux dağı və ətraf yüksəklikləri azad etməklə həm də hərbi-strateji əhəmiyyətli Ağdaban, Çayqovuşan, Vəngli, Narıştar kəndləri, habelə "Sərsəng" su anbarına viziual nəzarət etmək imkanı qazandı. "Qisas" cavab əməliyyatı bir daha erməniyə Azərbaycan Ordusunun gücünü göstərmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz". Əlbəttə ki, ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaqdır.
"Biz öz torpağımızda istənilən zaman istənilən əməliyyatı apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq", - Ali Baş Komandan əlavə edib.
Əlbəttə ki, Zəfər tariximizə qədər Azərbaycan Ordusunun şanlı tarixində mühüm yerlərdən birini tutan 2016-cı ilin Aprel döyüşləri artıq düşmənə Azərbaycanın gücünü göstərmişdir. "2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir: "Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı". 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı.
"DƏMİR YUMRUQ" YERİNDƏDİR
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Əlbəttə ki, bu Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırıb. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər.
Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. "Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"
Bu gün də Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, "dəmir yumruq" yerindədir.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TİKİNTİ MEYDANÇASINA ÇEVRİLİB
Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinin təzahürüdür. Şəhər, kənd və qəsəbələr əsl tikinti meydançasına çevrilib. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb.
Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri zamanı görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idisə, bün artıq bu istiqamətdə aparılan işlərin məntiqi olaraq köç karvanları digər ərazilərimizə də yol alırlar. Ağalı, Talış kəndi, sonra isə Laçın… İlk olaraq 20 ailə Laçına yerləşdirildi. Bu davamlıdır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri geniş vüsət alıb. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilməsi nəzərdə tutulub.
BÖYÜK QAYIDIŞ: BƏRPA VƏ QURUCULUQ
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməlinin qoyulması da bu ərazilərdə tezliklə yeni həyatın başlanacağından xəbər verir. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin dövlət başçısı tərəfindən qoyulması o deməkdir ki, işğaldan azad olunan hər bir ərazimizdə əzəli sakinlər tezliklə azad və rahat bir şəraitdə yaşamağa başlayacaqlar. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qeyd edək ki, dövlət başçısının Cəbrayıl rayonuna səfəri çərçivəsində bu ərazidə Horovlu kəndinin təməlini qoyması ona əsaslanır ki, bütün işğaldan azad olunan ərazilərimizdə görülən işlər paralel olaraq aparılır. Layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimini də qeyd etməliyik. Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək. Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək. Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər ardıcıl görülür.
Zümrüd BAYRAMOVA