“Son vaxtlar ermənilərin, Ermənistan hakimiyyətinin və erməni icmalarının fəaliyyətləri birbaşa Azərbaycanın əlinə oynamağa hesablanıb. Bilərəkdən, ya bilməyərəkdən, ola bilsin ki, başlarını itirib nə etdiklərinin mahiyyətini gömədiklərindən, hər nədənsə, son olaylarda onların bütün addımları özlərinə zərər, bizə xeyir gətirməklə sonuclanır”. Bunu "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Laçın postu qurularkən hay-küy qaldırdılar, dəstəkçiləri də onların banlamalarına banlamaqla cavab verdilər: “Sonda nə oldu? Beynəlxalq Məhkəmə bunu Azərbaycanın legitim hüququ kimi tanıdı. Başqa cür də ola bilməzdi. Kim suveren bir ölkəyə deyə bilər ki, sən sərhədində gəlib-gedənə nəzarət eləmə? Ardınca 400 tona yaxın "humanitar yardım" şousunu başladılar. Yenə erməni sevgilisi olan Fransanın, İspaniyanın, Kanadanın bir-iki siyasiləri ermənilərin bu şousuna qoşulub oynadılar. Sonda nə məlum oldu? Bu "humanitar" yüklərin Azərbaycan ərazisinə gətirilməsi üçün Azərbaycan hökumətinə heç bir müraciət olmayıb. Yenə dünya bizim haqlı olduğumuzu qəbul etmək məcburiyyətində qaldı. Axı hansı ölkə hakimiyyəti onun xəbəri olmadan ərazisinə 20 tır yükü buraxar? Nəhayət, Vaqif Xaçaturyan olayı. Ermənistan yetkililəri bu caninin həbsi ilə bağlı, ən azı səslərini çıxarmalı deyildilər. Onlar da yaxşı bilir, bizim əlimizdə də kifayət qədər sübutlar var ki, bu insanabənzər məxluq Qarabağda onlarla insan öldürüb, ən ağır cinayətlər törədib. Erməni hakimiyyəti belə bir məxluqu müdafiə etməklə, əslində, cinayəti, cinayətkarı müdafiə etmiş olur. Belədə bu dövlətin cinayətkar, terrorçu dövlət olması faktı təsdiqlənmiş olur. Biz on illərdi dünyaya car çəkib bunların terroru dəstəkləyən dövlət olduğunu dünyaya sübut eləməyə çalışırıq, Vaqif Xaçaturyana dəstək verməklə, özləri bunu dünyaya sübut elədilər. Düzdü, ikili standartlarla idarə olunan indiki dünyada belə iyrəncliklərə haqq qazandırmaq, Ermənistanı müdafiə etmək istəyən beş-üç dövlət yetkilisi də tapılır. Amma yeni düzənin astanasında olan dünyada belələri sonda fiaskoya məhkumdur. Necə ki, ermənilərin bütün qurduqları oyunlar sonda özlərinə zərər vurur!”
GÜLYANƏ