PDF Oxu

Siyasət

  • 1 612

Ədaləti güc hesabına bərpa edən Azərbaycan! TƏHLİL

Ədaləti güc hesabına bərpa edən Azərbaycan! TƏHLİL

Prezident İlham Əliyev: "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi"

Azərbaycanın bayrağını yüksəkliklərdən-yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. Ölkəmizdə xalq-iqtidar həmrəyliyi mövcudluğu, güclü ordumuz, milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması da qələbəmizi şərtləndirən amillər sırasındadır. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Belə olduğu halda, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bunu Paşinyan dəmir yumruğun hesabına imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapıb. Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

"BİZ ERMƏNİSTANIN TORPAĞINDA SAVAŞMADIQ VƏ BİZ ZƏFƏR ÇALDIQ"

"Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə verərkən bildirib: "Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan "Zəfər yolu" adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq".
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Prezident İlham Əliyev qətiyyətini, siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının mövqeyi ardıcıl olaraq dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində də özünü biruzə verdi və ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən mülki şəxslər qətlə yetirildi. 400-dən çox mülki şəxs yaralandı. Azərbaycan ordusu, əsgəri isə intiqamını hər zaman döyüş meydanında aldı. Azərbaycan Silahlı Qüvvələrinin hədəfində isə yalnız işğalçı ölkənin hərbi birləşmələri idi. Cəbrayıl, Füzuli, Zəngilan və digər şəhər, qəsəbə və kəndlərin alınması Azərbaycan xalqına qələbə sevincini yaşadırdı. Rəşadətli ordumuzun Şuşaya Azərbaycan bayrağını sancması Ermənistanın siyasi-hərbi rəhbərliyinə ağır bir zərbə oldu.

"BİZ SÜLH ÜÇÜN HAZIR İDİK…"

Bütün dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu münasibətlər dövlətimizin qlobal arenada mövqeyini getdikcə gücləndirir. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş olur. Beynəlxalq qurumların Ermənistanı dəstəkləmək məqsədilə Azərbaycan əleyhinə bəyanatlar verməsinin və qətnamələr qəbul etdiyinin şahidi olmuşuq. Postmüharibə dönəmində Azərbaycan sülhün təmin olunması üçün real addımlar atmaqdadır. Moskva, Soçi, Brüssel və Praqa kimi görüşləri zamanı Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirmişdir. Bunun əksinə olaraq, Ermənistan dəfələrlə bu görüşlərdən sonra təxribatlara əl atmış, sülhə kölgə salmış, proseslərin həllini uzatmışdır. Cənab Prezidentə ünvanlanan "2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?" sualına belə cavab verib: "Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq".
Əlbəttə ki, sülh Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Bildiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Beş prinsipi özündə əhatə edən sülh müqaviləsi əsasında iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Bu gün Azərbaycan dünyada sülhsevər siyasəti ilə diqqətdədir. Daxil olduğumuz regionda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycanın maraqları və mövqeyi nəzərə alınır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər