44 günülük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində hərbi qələbə qazanaraq bu ölkəni kapitulyasiya aktını imzalamağa məcbur etməsindən sonra belə anlaşılırdı ki, Paşinyan rejimi 10 noyabr razılaşmasının bütün şərtlərini yerinə yetirəcək. Lakin erməni hiyləgərliyi və məkri bu dəfə də özünü göstərdi. Paşinyan rejimi bir müddət yaralarının aradan qaldırılmasına vaxt sərf edib, qismən sakitləşdikdən sonra telə çökdüyü dizləri üstündə revanşist açıqlamalarla çıxış etməyə başladı. Lakin ardıcıl olaraq dəmir yumruğun, Fərrux kəndində, Daşbaşı yüksəkliyində, Qaragöl istiqamətində ermənilərin başına endirilməsindən və nəhayət, 2023-cü il aprelin 23-də Laçın sərhəd keçid məntəqəsinin qurulması ilə ermənilər və onların havadarları geri çəkilməyə və Azərbaycanın şərtlərini qəbul etməyə başladılar. Məhz bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ və anklavlar daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Eyni zamanda, Paşinyan Azərbaycanla sülh razılaşmasının əldə olunması üçün səylərini davam etdirəcəyini bəyan etdi. Lakin ara-sıra erməni məkri ortada görünməkdədir.
“Bu, onların seçimidir”
Fransızın və rusun əlinə oynamaqla Ermənistan Azərbaycanın sərhədləri yaxınlığında təxribatlar törədir. Xüsusilə də, Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olamağa çalışır. Son günlər Laçın sərhəd keçid məntəqəsi yaxınlığında Qarabağdakı ermənilərə “humanitar yardım” adı altında Azərbaycanla razılaşdırmadan yüklərin daşınmasına cəhd etməsi erməni revanşistlərinin növbəti təxribatı hesab olunur. Lakin bu təxribatın iflasa uğrayacağı şübhəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, yolun texniki və təbii göstəriciləri, xüsusilə, işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil: “Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil”. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır. Prezidentin köməkçisi onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir. Hikmət Hacıyevin fikrincə, Ermənistanın Ağdam yolundan imtina edərək, yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.
Son günlərin hadisələri onu deməyə əsas verir ki, separatçı rejimin təzyiq və təhdidlərinə baxmayaq Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa can atırlar. Dəfələrlə Azərbaycan dövlətinin rəhbərliyi də ermənilərin Azərbaycan vətəndaşı olduqlarını və bir sıra şərtləri qəbul edəcəkləri təqdirdə, Qarabağda qalıb yaşaya biləcəklərini qeyd ediblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, ermənilər bizim dediklərimizi edərlərsə, onların təhlükəsizliyi, normal yaşayışı üçün zəmanət verilir. İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada “Euronews” televiziyasına müsahibəsində bildirib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər: “Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.
Nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir?
Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin Laçın-Xankəndi yolu ətrafında təxribatlar törətmələri cəhdində BQXK-nin də alət olmasından təəssüfləndiyini qeyd edib: “Bəli, lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.” BQXK-nin tələb elədiyi ədalət belədirsə, demək o, heç ədalət deyil. Azərbaycanın suverenliyinə qarşı çıxan hər bir təşkilatın fəaliyyəti birmənalı şəkildə qadağan edilməlidir. Nə ermənilər seçilmiş xalq deyil, nə də onların tələbi heç bir normaya sığmır. Bizim də haqlı sualımız var ki, bu terrorçu separatist tör-töküntülərə xüsusi məhəbbət haradan və nədən qaynaqlanır? 30 il ərzində Azərbaycan xalqına əzab verən ermənilərə niyə bu qədər sevgi bəslənilir?
“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı”-deyən Müzəffər Ali Baş Komandan bildirib ki, otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir: "Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acıya baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri bizə təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Kifayət qədər aydın və qətiyyətli mövqedir. Bizim separatizmə dözmək limitimiz bitib. Ermənilərin də əslində taqəti yoxdur. Lakin nə yazıq ki, onlar başqalarının əlində oyuncaqdır. Bu da həm erməni xalqına. həm də regionda sülhə ciddi təhlükədir”.
Görünən ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin mesajı və mövcud reallıqlar bəzi erməniləri ayıldıb. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi ilə çıxış etməyə başlayıblar. Bu da ondan irəli gəlir ki, ermənilər terrorçu ermənilərdən onlara rəhbər olmayacağını anlayırlar. Revanşıst çıxşlar edən Koçaryan, Sarkisyan, Vardanyan, Artunyan və digər separatçılar öz maraqlarını düşünür və bu istiqamətdə hərəkət edirlər. Yaxın günlərdə Qarabağdakı ermənilərlə Azərbaycan nümayəndələrinin Yevlax şəhərində görüşünün keçiriləcəyi barədə məlumatlar yayılıb. Düzdür yayılan xəbərə görə, Azərbaycan nümayədələri görüşdən imtina edirlər. Bu da ondan irəli gəlir ki, əvvəllər görüş təklifini ermənilər pozmuşdular. İndi isə onlara yerləri göstərilir. Əgər görüş baş tutsa, çox ermənilər reinteqrasiyaya hazır olduqlarını bəyan edəcəklər. Bununla da problem hesab olunan məsələnin həlli istiqamətində irəliyə doğru növbəti addım atılacaq.
İ.ƏLİYEV