Haqq nazilər, lakin üzülməz, deyən atalarımızın əsrlərin süzgəcindən süzülüb gələn dəyərli deyimi zamanın bütün anlarında özünü doğruldub. Elə bu günlər erməni vandalı Vaqif Xaçaturyanın Laçın yolunda sərhədçilərimiz tərəfindən saxlanılması kimi. 1991-ci ildə Xocalının Meşəli kəndində törədilən insanlığa yaraşmayan cinayətin başında dayanan əliqanlı bu qatil ötən bir qərinəlik dövrdə gizlənməklə bu cinayətin unudulacağını zənn edib. 30 ildən sonra utanmazcasına ortaya çıxıb Ermənistana gəlmək xəyalına düşüb. Düşünüb ki, aradan uzun illər ötüb, etdiyi cinayətlər unudulub, ölən ölüb, qalanın yadından çıxıb. Lakin fikirləşməyib ki, hələ də evindən-eşiyindən didərgin saldığı insanlar köçkün həyatı yaşayırlar. Hələ də gözləri önündə olan vəhşiliyin acısını unutmayıblar. Yəni o dəhşətli anları unutmaq olarmı? Gözləri qarşısında körpə balasının süngərə keçirilməsini, qoca-cavanın olmazın müsibətləri ilə öldürülməsini unudan olarmı? Canlarını bu terrorist qrupun əlindən qurtarıb qaçanlar isə illərdir ki, ata-baba yurdlarına həsrətli olaraq ömür sürürlər.
30 il sonra yaxalanan cinayətkarı isə nəinki quldur ermənilər, bəzi beynəlxalq təşkilatlar, hətta bizim başıpozuq müxalifət nümayəndələri müdafiə edirlər. Onun azad olunmasını arzulayırlar. Lakin düşünən yoxdur ki, belə quldur dəstələrin, terrorist birləşmələrin başında dayananlar illərdir ki, iki xalq arasında münaqişə ocağına çevrilib, bu ocağı hər an alışdırmaqla, iki milləti bir-birinə vurub, bitməyən problemlərə səbəb olublar.
Meşəli çoxsaylı soyqırımı cinayətlərinin bir epizodudur
Meşəli faciəsinin fonunda ermənilərin azərbaycanlılara qarşı törətdiyi onlarla soyqırımı xatırlanır. 1905-1907, 1918-1920, 1948-1954, nəhayət, 1980-1990-cı illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilər tərəfindən həyata keçirilən soyqırımı hadisələri tarixin qanlı səhifələridir. Bunların heç biri üçün erməni terror qruplaşmaları layiqli cəza almayıblar. Elə cəza almadıqları, müdafiə olunduqları üçün və arxalarında dayananlar səbəbindən də bu kimi soyqırımları Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və Azərbaycanın daha neçə-neçə yaşayış məntəqələrində təkrarlanıb.
Azərbaycan Hərbi prokurorluğundan da bildirildiyi kimi, Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırımı cinayətlərinin bir epizodudur. Həmin cinayət hadisəsi ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitində istintaqı başa çatdırmaq mümkün olmamış, lakin istintaq uğurla davam etdirilmiş və müəyyən olunmuşdur ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonu, Meşəli kənd əhalisinə silahlı basqın edərək 25 nəfəri qətlə yetirmiş, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirmiş və 358 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salmışdır.
2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Zəfər ermənilərin torpaq işğalına son qoysa da, əzəli torpaqlarımızda aparılan bərpa işləri ilə soydaşlarımızın artıq ata-baba yurdlarına qayıdışı başlansa da, ermənilər, beynəlxalq təşkilatlar və bizim ermənipərəst müxalifət nümayəndələri unutmasın ki, həmin soyqırımları, faciələr bu xalqın ürəyinə dağ çəkib. İnsanlar yurdlarını tərk ediblər. Gözləri qarşısında əzizləri güllələnib, asılıb, gözü oyulub, dərisi soyulub, süngərə keçirilib, min bir əzaba məruz qalıb. Unutmasınlar ki, soyqırımı qurbanları 30 ildən artıqdır ki, köçkün həyatı yaşayırlar. Onlar evlərində rahat yaşadıqları halda bu insanlar köçkünlükdə əsla öz evlərindəki rahatlığı tapa bilməyiblər. Yurdları həmişə yuxularına gəlib, o ellərdə qoyub gəldikləri əzizlərinin qəbirləri ilə söhbət ediblər, nigarançılıqlarını bildiriblər. Bayram olub, toy olub bu yurd nisgilli insanların üzü gülməyib. Nə qədər dövlətimiz tərəfindən şəraitləri, vəziyyətləri yaxşılaşdırılsa da, onlara xüsusi qayğı göstərilsə də, torpaq sevgisi, yurda həsrət onların içindəki boşluğu doldura bilməyib. Bax, ölkəmizin erməni soyqırımına məruz qalan minlərlə vətəndaşı uzun illərdir ki, bu həyatı yaşamalı olublar.
Meşəli sakinləri etiraz edir
Bu günlərdə meşəlililər Vaqif Xaçaturyan kimi terrorçuların həbsi və cəzalarını alması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər. Müraciətdə deyilir: Biz – 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb.
Otuz iki ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar, bu boyda faciəni görməyiblər, eşitməyiblər. Biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.
Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!
Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb. Biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük.
Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab verməlidir.
Onillər boyu gözlənilən ədalət
Belə bir sual çıxır meydana: Vaqif Xaçaturyan həbs edilməməli idimi? Bütün yaşananların üzərindən xətt çəkilməli idimi? Axı xalqımızın nümayəndələri bu hadisələrin acısı ilə illərlə yaşayıblar. Yurd həsrəti, övlad acısı, ata itkisi ilə qovrulublar. İndi kimin haqqı çatır ki, bizdən bu düşmənlərin cəzasız qalmasını tələb edə? Axı bu, insanlığa yaraşmayan düşüncə tərzidir. Görəsən xaçaturyanların azadlığını tələb edənlərin özləri bircə dəfə də olsa, soyqırımına məruz qalıblarmı? Yurd, övlad itiriblərmi? Atasız-anasız, evsiz-eşiksiz qalıblarmı?
Bizim müxalifəti bu məsələdə bir kənara qoyaq. Çünki onların kimə xidmət etdiklərini illərdir, bilirik. Hansı qrandlar hesabına xalqı satdıqlarını, övladlarımızı qurban verdiklərini bilirik. Öz mənafeləri üçün Vətəni satdıqlarını, bu biabırçılığı hələ də-Böyük Zəfərdən sonra davam etdirdiklərinin arxasında nələrin dayandığını anlayırıq.
Lakin Xaçaturyan kimiləri maşınlarında gizlədən, haqsız ittihamda olan beynəlxalq təşkilatlar heç olmasa, indi susmasınlar, onillər boyu gözlənilən ədalətin bərpasına dəstək olsunlar.
Elə meşəlililər də müraciətlərində bu məsələlərə toxunurlar: Otuz iki ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib.
Onlara bəraət qazandırmağa, onları azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçaturyanın aqibəti gözləyir.
1991-ci ildə onlar düşünürdülər ki, törətdikləri əməllər cəzasız qalacaq, bizi yiyəsiz, sahibsiz görmüşdülər. Bu gün Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, onun Müzəffər Ali Baş Komandanı var! Biz Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişik!
Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər!
Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər. Onlardan soruşuruq: “Bəs bizim haqq və hüquqlarımızı nə vaxt müdafiə edəcəksiniz?”. Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir.
Heç olmasa, bu dəfə...
Məlum olduğu kimi, 30 il torpaqlarımız Ermənistan tərəfindən işğal altında saxlanıldı. 1980-ci illərin sonu, 90-cı illərin əvvəlində olduğu kimi, ondan öncəki illərdə də xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımlarına, faciələrə Ermənistan dövləti tərəfindən heç bir reaksiya verilmədi. Hələ üstəlik Ermənistan dövlət olaraq bu hadisələrin yalan formada beynəlxalq içtimaiyyətə təqdim etdi. Soyqırımları həyata keçirən terrorist qruplaşmaları müdafiə etdi, gizlətdi. Ölkədən çıxmasını, xaricdə rifah içərisində yaşamasını təmin etdi.
Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycanın haqq səsinə səs vermədi. Onlar Ermənistanın, onun yalan, fırıldaq dolu təqdimatlarının tərəfində oldular. Azərbaycan isə bütün bunların fonunda öz acıları ilə baş-başa qaldı.
Dövlətimizin başçısı 2020-ci ilədək 17 il ərzində Azərbaycan həqiqətləri barədə beynəlxalq kürsülərdən çıxış etdi, Ermənistanın nəyə qaşdır olduğunu dünyaya bəyan etdi. Beynəlxalq təşkilatları ədalətli olmağa, iki dövlət arasında baş verən prosesləri araşdırmağa, real qiymət verməyə çağırdı. Lakin səsimizə səs verən olmadı.
Belə olanda isə biz bu problemi özümüz həll etməli olduq. Çünki dövlətimizin başçısı da həmişə vurğulayırdı ki, sülh yolu ilə mümkün olmasa, hərb yolu ilə torpaqlarımız işğaldan azad olunacaq. Çünki bu torpaqlar bizim əzəli torpaqlarımızdır.
Beləliklə, 2020-ci ildəki 44 günlük İkinci Vətən müharibəsi ilə düşmənin 30 illik fantastik düşüncələri alt-üst edildi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli ordumuzun qəhrəman zabit və əsgər heyəti erməniləri torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa etdi. Ermənistanın 30 il ərzində Azərbaycanın gücsüzlüyü, torpaqlarını azad etməyə qadir olmadığı kimi təsəvvürləri darmadağın edildi. Və düşdükləri vəziyyətlə kapitulyasiya aktını imzalamaqdan başqa çarələri qalmadı.
Müharibədən iki ildən artıq keçməsinə baxmayaraq hələ də ermənilər bu məğlubiyyətlə barışmaq niyyətində deyillər. İki ildə sərhədyanı rayonlarda vaxtaşırı atəşkəsi pozmaları, Laçın yolunda bitməyən əməlləri, sülhə gəlməmələri, minalanmış ərazilərin xəritələrini gizlətmələri, Vaqif Xaçaturyan kimi cəlladları ölkəyə dəvət edib yeni münaqişələrin hazırlanmasına rəvac vermələri göstərir ki, bu qonşuluqdan kənar olmuşların dincliklə işləri yoxdur. Lakin nədənsə müharibə zamanı aldıqları zərbələri unudurlar.
Əslində bu gün Ermənistan bir qrup terroristin əlində oyuncağa çevrilib. Xalq isə onların deyil, ədalətin tərəfindədir. Xalq sülh istəyir. Lakin erməni terrorist qruplaşmaları əsla bu fikirdə deyillər.
Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, onlar bu reallıqları qəbul etməməklə, Qarabağda yaşamağın hansı şərtlərlə olacağını anlamaq istəməməklə sülh prosesinə qarşı çıxdıqlarını sərgiləyirlər. Vaqifləri ölkələrinə gətirmək istədikləri kimi.
Lakin beynəlxalq ictimaiyyət heç olmasa, bu dəfə reallıqları görməli, həqiqətlərin tərəfində olmalı, Ermənistana “ta bəsdir”,- deməlidir. Axı bu beynəlxalq ictimaiyyət 44 günlük müharibənin şahidi olmaqla, əslində haqqın kimin tərəfində olduğunun da şahidi oldu. Belə isə xaçaturyanları müdafiə etməyin, gizlətməyin də hansı reallığa sığdığına bir nəzər salsalar, daha ədalətli olar. Unutmayaq ki, ədaləti görməyənlərin cəzası bir gün özlərinin də ədalətsizliyə düçar olması olacaq.
Mətanət Məmmədova