44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın çoxəsrlik tarixinin yazılan Zəfər səhifəsi daim vərəqlənir, 30 illik işğal dövründə yaşananlar əsaslı şəkildə diqqətə çatdırılır . Arxada qalan müddət 10 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salmaqla onu göstərir ki, möhtərəm Prezidentimiz , Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bildirdiyi kimi, kimin kim olduğu bilindi. Ölkə Prezidentimiz cənab İlham Əliyev cari ilin iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində diqqəti tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına, eyni zamanda, beynəlxalq aləmdən gözləntilərə yönəltdi. Möhtərəm Prezidentimiz çıxış edərək bildirdi ki, 2020-ci il noyabrın 10-da Bəyanatı imzalayan zaman vəziyyət, əslində dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Cənab İlham Əliyev bu fikirləri ilə bir daha Azərbaycan dövlətinin, xalqının 30 illik işğal dövründə yaşadıqlarına baxmayaraq humanistlik göstərib Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirir. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Çünki ədalətin və beynəlxalq hüququn tərəfində olan ölkəmiz dünyanın haqqı müdafiə edəcəyini düşünürdü. Lakin əksər dünya dövlətləri ədalət və beynəlxalq hüquq normalarının arxasında gizlənərək ikili standartlara əsaslanan siyasət yürüdürdülər. Hansı ki, bu gün bəzi dünya gücləri həmin dövrün reallıqlarını unutmuş kimi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına səy göstərir, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirirlər. 30 illik işğal dövründə bu reallığı təsdiqləsəydilər sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı. Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində Azərbaycan – Ermənistan danışıqları ilə bağlı səsləndirdiyi mühüm fikirlər ölkəmizin qətiyyətli və prinsipial mövqeyini göstərdi. Buradan əminliklə deyə bilərik ki, dövlət başçımızın sülh prinsiplərinə sadiq qalması, Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarını tabe olmaqla yaşamaları göstərilir. Ermənistan iqtidarı anlamalıdır ki, ölkəmizin baxışları sorğu-sualsız qəbul edilməlidir. Əks halda, onun üçün vəziyyət indikindən ağır ola bilər. Ermənipərəst dairələr bilməlidirlər ki, anti-Azərbaycan fikirlərinə güc verməklə Ermənistan iqtidarını bataqlığa sürükləyir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri