Müxalifət liderləri arasında çəkişmələr yalnız müxalif partiyalar arasında deyil, həm də partiyaların daxilində də baş verməkdədir. Bu da bir sıra müxalif təşkilatların sıradan çıxmasına yol açır. Lakin xarici qaranlıq dairələrin göstərişlərini əsas götürən müxalifət liderləri dikbaşlıq edib, üzlərinə söyən funksionerləri yeniləri ilə əvəzləməklə partiyaların ömrünü uzatmağa çalışırlar. Lakin AXCP-nin Gəncə, Nərimanov, Ağsu və Quba rayon təşkilatlarında baş verən qalmaqallar, eləcə də partiyanın MNTK sədri Aydın Əliyevin və Ali Məclis üzvü Yadigar Sadıqlının açıq şəkildə Əli Kərimliyə meydan oxumaları onu göstərir ki, ikinci, üçüncü tip şəxslərin kollegial orqanlara gətirilməsi deyil, bütövlükdə, idealogiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır. Hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Bir qədər əvvəl də bəzi partiya sədrləri yeni dəyişikliklərə can atdılar. Hətta bu istiqamətdə müzakirələr də apardılar. Ancaq partiya sədrləri arasında aparılan müzakirələrin nəticəsiz qalması, düşərgə daxilində proseslərin istiqamətinin dəyişməsinin mümkün olmadığını təsdiqləyir. Yəni, orbitindən çıxan partiyalar daxili qarşıdurmaları sakit, sivil məcraya gətirmək mümkün deyil. Müxalifət qazanının dibini yalayan ekspertlər də etiraf edirlər ki, ciddi iradə ortaya qoyub, dəyişikliklərə gedilməsə müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxaran anormal vəziyyət düşərgədə ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Demək olar ki, hazırkı məqamda ən təlatümlü və parçalanmaya real partiya Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-dir.
AXCP təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə saxta imzalar təqdim edib
Daxili böhranlı durumun ağır olması fonunda təkrar qeydiyyata alınmaq üçün lazım olan imzaları Ədliyyə Nazirliyinə təqdim edə bilməməsi AXCP-nin vəziyyətini daha da ağırlaşdırıb. “Siyasi pariyalar haqqında” qanuna görə, siyasi partiyalar təkrar qeydiyyatdan keçməli və bu zaman Ədliyyə Nazirliyinə 5 imza təqdim etməlidir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Böyük, aparıcı partiya olduğunu iddia edən AXCP funksionerləri boş sözlərdən başqa fikir irəli sürmədiklərini nümayiş etdirib. Bəlli olub ki, partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi 5315 nəfər üzvün 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib. Həmçinin aşkarlanıb ki, 119 nəfərin başqa partiyaların üzvləridir və 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə, ümumiyyətlə, AXCP üzvü deyillər. Üzə çıxarılan fakt ondan ibarətdir ki, Ə.Kərimli və onun ətrafı imzaları saxtalaşdırmağa cəhd ediblər. Necə ki, saxta, yalan və böhtan dolu məlumtlarını xarici ağalarına göndərməklə, onları inandırmağa çalışıblar.
AXCP-də Ə.Kərimliyə qarşı narazıların sayı artır
Xarici dairələr dağıdıcı müxalifətlə eyni mövqedən çıxış etdiyi üçün təqdim edilən yalan məlumatları həqiqət kimi dəyərləndirib qəbul ediblər. Azərbaycanın dövlət qurumları isə onları ifşa ediblər. Bu ifşa təbii ki, AXCP-nin sonu olacaq. Daha doğrusu, sıravi beş-üç nəfərdən ibarət olan cəbhəçilər yalan və saxtakarlığın hökm sürdüyü AXCP-də qalmağı özlərinə təhqir hesab edərək partiyadan ayrılacaqlar. Nəzərə almaq lazımdır ki, AXCP-də onsuz da vəziyyət ağırdır. Bəzi partiya funksionerləri sıravi üzvlərlə həmrəylik nümayiş etdirərək, Ə.Kərimlinin istefasını tələb edirlər. AXCP-nin keçmiş Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyevin qurultayın saxta olması, partiya nizamnaməsinin pozulması ilə sədr seçilmiş Əli Kərimlini məhkəməyə verəcəyi barədə səs yazısı yayılıb. Aydın Əliyevin qurultaydakı çıxışına aid səs yazısında bildirir ki, qurultay tamamilə saxta sənədlər əsasında təşkil olunub. Rayon və şəhər təşkilatlarında konfranslar keçirilməyib, qurultaya nümayəndələr tapşırıq əsasında seçilib. Aydın Əliyevin bu səs yazısı bir daha sübut edir ki, AXCP-nin qurultayı saxtakarlıqla təşkil olunub. Onun sədr seçilməsi isə partiyanın nizamnaməsinin pozuntusudur. Vəziyyətin ağır məqamında üzə çıxan rüsvayçı faktlardan biri də ondan ibarətdir ki, Əli Kərimli AXCP Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Yusubovu özünün şəxsi ehtiyaclarının ödənilməsi üçün pul diləndirirmiş. Təşkilat sədri də pulları yığdıqdan sonra faizə buraxıb qazanc əldə edirmiş. Bu hadisənin üstünün açılmasından sonra AXCP-də Ə.Kərimliyə qarşı narazıların sayı artıb. Yaxın günlərdə onun sədrliynə xitam verilməsi üçün partiyanın genişləndirilmiş toplantısı keçiriləcək. Hər halda AXCP-dəki adının çəkilməsini istəməyən mənbə belə dedi.
İ.ƏLİYEV