Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərinin şərtləndirən amildir. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişafının nəticəsi olaraq İtaliya da tariximizin çətin zamanında ölkəmizlə həmrəylik nümayiş etdirdi. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində dost ölkələrlə yanaşı, İtaliyanın da yaxından iştirakı əlaqələrin davamlığına söykənir.
Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir.
Ölkəmiz özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Mövcud münasibətlər ölkələr arasında bütün istiqamətlərdə, siyasi-iqtisadi, ticarət, qanunvericilik, o cümlədən mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olub.
Dünya ölkələri sırasında İtaliya ilə Azərbaycan arasında olan diplomatik münasibətlərin də xüsusi yeri var. Belə ki, İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın "Leonardo" şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul etməsi ölkələr arasında münasibətlərin davamlığına söykənir. Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan "Leonardo" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan "Leonardo"nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən "Smart city" texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə ediblər.
Xatırladaq ki, 1992-ci ilin may ayının 8-də qurulmuş diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf etmişdir.
1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.
1997-ci ilin 25-28 sentyabr tarixlərində Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Qeyd olunan sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd də imzalanıb. İkitərəfli əməkdaşlıq haqqında imzalanan sənədlər qarşılıqlı əməkdaşlığa söykənir.
STRATEJİ TƏRƏFDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİNƏ DAİR BİRGƏ BƏYANNAMƏ
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha dərinləşməsində mühüm rol oynayır. 2005-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair aşağıdakı 8 sənəd imzalanmışdır. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərarası əlaqələri daha da genişləndirmişdir. Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənmiş oldu.
Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb.
Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir.
Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95%-i Azərbaycanın payına düşür. O cümlədən, Cənubi Qafqaza ixrac edilən İtaliya məhsullarının 50%-i Azərbaycanın payına düşür.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində də bir sıra əhəmiyyətli sənədlər imzalandı. "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb. Bu Bəyannamədən irəli gələn işlər artıq sürətlə həyata keçirilməyə başlayıb.
UNİVERSİTET BİNASI İNŞA EDİLMƏKDƏDİR VƏ 2024-CÜ İLİN SONUNADƏK HAZIR OLACAQ
Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.
Bu yaxınlarda Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyuldu. Təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunmuşdu. Bu təhsil ocağının təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq.
"İTALİYA ŞİRKƏTLƏRİNİN GÖRDÜYÜ İŞLƏR MİQYASINA GÖRƏ TÜRKİYƏ ŞİRKƏTLƏRİNDƏN SONRA İKİNCİ YERDƏDİR"
Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində də yaşanan çətin vaxtlarda İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Məhz dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtalyan şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpasında da öz köməkliklərini əsirgəmirlər. Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair çoxspektrli planların yaradılması, yenidənqurma layihələrinin işlənməsi labüddür: "Bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var. Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə-yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir". İtaliya şirkətləri ilə bir çox sahələrdə - şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, turizm, kənd təsərrüfatı kimi sahələrdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi dövlətlərarası münasibətləri daha da genişləndirəcəkdir.
İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addım oldu. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəgəzurda quruculuq işlərində fəal iştirak edir. İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir.
Cənab Prezidentin müsahibələrinin birində bildirdiyi kimi, "İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib."
Nəzakət ƏLƏDDİNQIZI