PDF Oxu

Siyasət

  • 2 906

Məğlub tərəf qalibin şərtlərini qəbul etmək məcburiyyətindədir - TƏHLİL

Məğlub tərəf qalibin şərtlərini qəbul etmək məcburiyyətindədir - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEVİN “Euronews”a müsahibəsi “sülh danışıqları prosesi” üzərində qurulan oyunların mahiyyətini açdı

Heç kəsə sirr deyil ki, Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımına və etnik təmizləmələrə məruz qalıb. Azərbaycan 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edib və bu gün Cənubi Qafqazda davamlı sülhün təmin olunması, habelə postmüharibə dövrünün mükəmməl idarə olunması istiqamətində əməli fəaliyyət göstərir. Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Və Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.
PREZİDENT İLHAM ƏLİYEVİN AVROPANIN ƏN BÖYÜK TELEKANALLARINDAN OLAN, ÇOXMİLYONLUQ AUDİTORİYAYA SAHİB “EURONEWS”A VERDİYİ MÜSAHİBƏ İSTƏR ERMƏNİSTAN RƏHBƏRLİYİ, İSTƏRSƏ DƏ QƏRB DÖVLƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ TƏRƏFİNDƏN SƏSLƏNDİRİLƏN QEYRİ-ADEKVAT AÇIQLAMALARA TUTARLI CAVABDIR
Bəli, Prezident İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngin olmaqla yanaşı, həm də istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavabdır. Prezident qonşularımızla formalaşan münasibətlərə də toxunaraq hələ ki, yek və ilk olaraq imzalanmış atəşkəs sazişinin, yəni, 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi Rusiya Federasiyasının Cənubi Qafqazda sülhün təmin olunmasında rolundan danışıb, məhz Rusiya-Ukrayna müharibəsindən sonra Birləşmiş Ştatların və Avropa İttifaqının fəallaşdığını qeyd edib. Və iki ölkə arasında razılaşmanın əldə edilməsinə, sülh müqaviləsinin imzalanmasına mane olan amilləri göstərib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin manevrləri, xarici güc mərkəzlərinin prosesə neqativ təsirləri detallı şəkildə təsvir edilir. Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin kökündə dayanan “erməni separatizmi”nə ikili standartlarla yanaşmaları tənqid olunur. İkili yanaşmanı təsdiq edən sübutlar göstərilir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Çünki….
AZƏRBAYCAN SÜLHƏ, SÜLH DANIŞIQLARINA SADİQDİR
Cənab Prezidentin “Euronews” televiziyasına müsahibəsində konkret beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın Konstitusiyasına, xalqın arzu və istəyinə, iradəsinə uyğun olaraq səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər bu gün dünyada müzakirə olunur. Müsahibədə Azərbaycanın maraqları ortaya qoyuldu və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan haqqında yalan informasiya yayılmasın. Laçın yolu ilə bağlı məsələlər bundan əvvəl Avropa İttifaqında müzakirə olunanda razılığa gəlindi ki, Qarabağa humanitar yardım Ağdam yolu ilə daşınsın. Bununla bağlı bütün infrastruktur, yol var, şərait yaradılıb. Azərbaycan da təsdiq edir ki, ermənilər Ağdam yolundan maneəsiz keçə bilərlər. Cənab Prezident gömrük postunu və buradan 2 mindən artıq erməninin keçdiyini də diqqətə çatdırdı. Beynəxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması da dünya ictimaiyyətinin nəzərinə çatdırıldı ki, Komitə öz funksiyasının əvəzinə tamamən başqa işlərlə məşğul olur. Bir sözlə, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir.Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü təsdiq olundu ki, 86,6 kvadrat-kilometr ərazi Azərbaycanın, 29,9 isə Ermənistanındır. Bu, artıq sərhədlərin müəyyənləşdirilməsi üçün razılığa gəlinən məsələdir. Sovet İttifaqı dağılanda bununla bağlı qərar qəbul olunub, sərhədlər bu cür tanınıb. Sülh müqaviləsi də buna uyğun imzalanmalıdır. Əfsus ki, qeyri-qanuni silahlı dəstələrin hələ də Qarabağda olması, təxribat törətməsi, Azəbaycan sərhədlərinə atəş açılması - bütün bunlar sülhə ciddi problem yaradır. Baxmayaraq ki, Baş nazirlərin müavinləri səviyyəsində danışıqlar gedir. İcmalar arasında da bu yaxınlarda danışıqlar olacaq. Qarabağda yaşayan ermənilərlə növbəti görüş olmalıdır. “Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev Ermənistandakı ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləti ilə sülh istəyirik: «Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm.Dövlətimizin başçısı müsahibəsində onu da bildirib ki, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Çünki Azərbaycan öhdəliklərinə sadiq ölkədir. bu gün 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, Ermənistan tərəfi ilə sülh sazişinin imzalanmasının uzanması artıq beynəlxalq münasibətlər, o cümlədən qlobal informasiya təbliğatında Azərbaycanın ardıcıl və daha böyük işlər görməsini diktə edir.Bir sözlə, Prezident İlham Əliyev “Euronews”a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib.Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq.Prezident İlham Əliyev vasitəçilikdə iştirakla bağlı bir-biri ilə rəqabət aparan, özünün iştirak etmədiyi formatı qıcıqla, bəzən isə yersiz aqressiya ilə qarşılayan dairələrə bu mühüm mesajı da verdi: “Əsas məsələ odur ki, istər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, bu, ikitərəfli danışıqlardır”.Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin bu mesajı qardaş Türkiyəni vasitəçilik prosesində tərəf kimi görməyən və ya görmək istəməyən dairələrə ən tutarlı cavab idi. Ermənistan rəhbərliyi də bu mesajdan adekvat nəticə çıxararaq nəhayət bilməlidir ki, hansısa havadarına bel bağlamaq, danışıqlar masasında onların köməkliyi ilə “əlinin” güclənəcəyinə ümid etmək mənasız vaxt itkisidir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Ermənistan rəhbərliyi sözlə ifadə etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərindəki suverenliyini rəsmi sənəddə də tanımalıdır. Sülhün, regionda dinc birgəyaşayışın bu şərtlərdən kənarda alternativi yoxdur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər