PDF Oxu

Siyasət

  • 2 274

Azərbaycan ədaləti güc hesabına bərpa etmiş ölkədir ŞƏRH

Azərbaycan ədaləti güc hesabına bərpa etmiş ölkədir ŞƏRH

Cari ilin 22 iyul tarixində Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlətimizin başçısı müsahibəsində diqqəti postmünaqişə dövrünün reallıqları fonunda əsas çağırış olan sülh müqaviləsinin imzalanmasını şərtləndirən amillərə yönəltdi. Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra sülhün yaradılması üçün beynəlxalq iştirakçılar heç bir iş görməyiblər.30 illik işğal dövründə də Azərbaycan eyni vəziyyəti yaşamışdı. ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılsa da, 28 ildə missiyasının nədən ibarət olduğunu dərk etmək istəmədi. Bu qurum Ermənistanın danışıqlara imitasiya naminə qatılmasına dəstək olmaqla münaqişənin nizamlanması prosesinin uzanmasına, işğalçı dövlətin iddialarının daha da dərinləşərək yeni ərazilər uğrunda müharibə planları hazırlaması üçün vaxt qazanmasına səbəb oldu. Başqa tərəfdən isə postmünaqişə dövründə əksər dünya güclərinin Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsini dəstəkləyərək, bu istiqamətdə səylər göstərməsi, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmələridir. Bütün bu həqiqətlər işğal dövründə qeyd edilsəydi, qətnamələr kağız üzərində saralmasaydı, İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Prezident İlham Əliyevin müxbirin suallarına verdiyi cavabları, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın tərəfində olduğunu, yəni Ermənistanın törətdiklərinin beynəlxalq hüquqa zidd olduğunu təsdiqləməsini xatırlatmasını, bu gün az qala dünyada müzakirə obyektinə çevrilmiş Laçın dəhlizi barədə fikirlərini, Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurmağımızın legitim hüququmuz olmasını qəti şəkildə bildirməsi dünya birliyinə də ciddi mesaj idi. Bir sıra xarici şirkətlərin bu yolla təbii sərvətlərimizi, o cümlədən dəmir filizi və qızılı Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşımasına dözə bilməzdik. Vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma buna baxmayaraq, yol yenə də bağlı deyildi, hərəkət azad idi. Halbuki Ermənistan və havadarları beynəlxalq aləmdə bu yolun bağlı olması barədə əsassız hay-küy salırdılar. Ancaq istəklərinə nail ola bilmədilər. Hazırda da bu yolda hərəkət etmək azadlığı bloklanmayıb. Çünki həmin sərhəd-keçid məntəqəsi qurulduğu vaxtdan etibarən Qarabağın 2 mindən çox sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Dövlət başçısı sözügedən müsahibəsində ölkəmizdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə təklif etdiyi sülh müqaviləsindən danışdı, dünya ictimaiyyətinin diqqətini bu məqama yönəltdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifidir. Hər şey çox rəvan getməsə də, hələ də nikbinik. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlər çox həssas məsələlərə toxunmaq imkanı verir. Sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. O da qeyd edildi ki, əgər Azərbaycan Ermənistan tərəfindən konstruktiv yanaşma görsə, əgər ermənilər ölkəmizin ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantı tapıla bilər.

Prezident İlham Əliyev Ermənistandakı və Qarabağdakı ermənilərə mesajlarına da yönəldib. Dövlət başçısının hər bir çağırışı, mesajı gələcəklə bağlı aydın təsəvvür yaradır. Sözügedən müsahibə bir daha Azərbaycanın siyasətində müstəqil olduğunu, xarici siyasətinin prinsiplərinin dəyişməzliyini təsdiqlədi. Ölkəmizin rəhbəri bütün məsələlərə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi baxımından münasibət bildirməklə əlaqələrin inkişafında bu prinsiplərin rolunu və əhəmiyyətini açıqladı. Bir daha bəyan edildi ki, Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər