Ermənistan üzərindəki tarixi Şanlı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa şəhəri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi ev sahibinə çevrildi. Dövlət başçımızın beynəlxalq tədbirlədə aparıcı media nümayəndələrinə verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər Ermənistana, onun tərəfdarlaına və dünya birliyinə ciddi mesajdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2023-cü il tarixdə Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə Azərbaycan həqiqətlərini özündə əks etdirən və Ermənistana ciddi xəbərdarlıq xarakteri daşıyan cəsarətli və qətiyyətli fikirləri böyük rezonans doğurub. Dövlət başçısı müsahibə zamanı bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağda erməni icmasının sığınacağına, üçüncü tərəflərin regionda vəziyyətə təsirlərinə və digər məsələlərə aydınlıq gətirdi.
2020-ci il noyabrın 10-da imzalanmış sənədin sülh razılaşması deyil, sadəcə Bəyanat olduğunu xatırladan ölkə başçısı qeyd edib ki, məhz bu Bəyanat Ermənistanın kapitulyasiya aktı oldu. Buna görə Azərbaycan Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladı və ictimaiyyət qarşısında bunu açıqladı. Ölkəmiz sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Dövlət başçımız bildirib ki, bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq Azərbaycan qisası döyüş meydanında aldı.
Prezident cənab İlham Əliyev keçirilən sülh görüşləri haqqında fikir bildirərkən qeyd edib ki, Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. İki ölkə arasında olan vasitəçilər haqqında danışarkən Prezident cənab İlham Əliyev Avropa İttifaqının ən yaxşı vasitəçi ola biləcəyini, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini qeyd edib. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Rusiya isə atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nə də ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Ölkə başçısı vurğuladı ki, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcək.
Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət dəyişib, çünki hazırda Azərbaycanın enerji sərvətlərinə ehtiyac zərurətə çevrilib. Lakin biz hər addımı illər öncə imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq.
Prezident cənab İlham Əliyev diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Yalnız fərq ondan ibarət olub ki, bu yol rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Azərbaycan tərəfindən müdaxilə etmək addımı da yox idi. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi isə Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Təbii ki, bu vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı tələbi idi. Çünki müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Prezident cənab İlham Əliyev əlavə edib ki, Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın legitim hüququdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Bu mövzuda danışarkən ölkə başçısı Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin də aşkar olunduğunu vurğulayıb. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olunub. Qırmızı Xaç Komitəsi bunu etiraf edib və bildirib ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu isə yolverilməzdir.“Euronews” televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev bütün bunları qeyd etməklə bir daha yerli və beynəlxalq izləyicinin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmiş oldu, Azərbaycanın ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini xatırladaraq Ermənistana və Qarabağdakı separatçılara çox ciddi mesajlar da verdi. Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan Ermənistana davamlı olaraq sülh, Qarabağ ermənilərinə isə normal həyat təklif edir.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri