Zamanın, tarixin yetişdirdiyi dahi şəxsiyyətlərdə Tanrının bəxş etdiyi bir keyfiyyət onları başqalarından fərqləndirir-onlar möhtəşəm bir işi, xilaskarlıq missiyasını-xalqını məhvolma təhlükəsindən qurtarmaq, öz işıqlı ideyaları və əməlləri ilə insanları uzun illər həsrətində olduğu azadlığa, müstəqilliyə qovuşdurmaq missiyasını... yerinə yetirirlər. Xalqımıza bu şərəfli missiyanı daşımaq üçün Böyük İnsan, Müdrik Xilaskar Heydər Əliyev bəxş olunmuşdir. Həyat və fəaliyyəti tarix üçün bir örnək, xalqlar üçün bir nümunə olan Ümummilli lider yaşadığı ömürdə nəsillərin minillik arzusunu tarixi reallığa çevirə bilmiş, Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini - müstəqil, demokratik Azərbaycanı bəxş etmişdir. Ulu öndər öz bacarığı, şəxsi nüfuzu və əməli fəaliyyəti ilə Azərbaycanı qısa müddədə dünyada tanıtdı, dünya ölkələri ailəsinin tamhüquqlu üzvləri sırasına çıxardı-ölkəmiz Qafqaz regionunun siyasi, iqtisadi, hərbi təsir gücünə malik ən nüfuzlu dövlətinə çevrildi. Cəmiyyət həyatı önəmli insanlarla, böyük tarixi şəxsiyyətlərlə zaman-zaman zənginləşir. Təbii ki, şəxsiyyətlərin tarix və cəmiyyəti zənginləşdirməsi bu və ya digər xalqın həyatında say və kəmiyyət etibarı ilə həmişə fərqli olmuşdur.
Hər bir xalqın milli özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin maddi - mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi - əxlaqi dəyərlər hər bir etnosun kimliyinin, milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına verdiyi gözəl töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər hər bir xalqın toxunulmaz xəzinəsi hesab olunur. Qarşısıalınmaz qloballaşma prosesinin müxtəlif xalqlar üçün yaratdığı milli - mənəvi aşınma təhlükəsi indi bu dəyərlərə əvvəlki dövrlərdə olduğundan daha həssaslıqla yanaşmağı tələb edir. Bir çox dövlətlər qloballaşma, inteqrasiya prosesindən öz mənfur niyyətləri üçün istifadə edir, bu problemi amerikallaşma, avropalaşma axarına yönəltməyə cəhd edirlər. Məsələnin bu həddə çatması ilə bağlı həyacan təbilini ilk dəfə Azərbaycan Prezidenti çalmışdır. Etnik - milli mövcudluğun siyasi, iqtisadi, mədəni - mənəvi suverenliyi ilə bağlı milli konsepsiya və konseptual ideyalar isə yekcins deyildir. Bu prosesi sosial - siyasi, iqtisadi və elmi - intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər də, Kainatın daha çox vahid mərkəzdən idarə olunan bürokratik - texnoloji ərazi vahidinə çevrilmə prosesi olduğunu iddia edənlər də var. Ən müxtəlif mövqe və münasibətlərdən asdı olmayaraq qloballaşmaya doğru istiqamətlənmiş nəhəng inteqrasiya magistralı bəşəriyyəti öz ardınca aparır. Mümkün optimal variant isə bu prosesə hər bir etnosun milli - mənəvi “Mən”ini dərk edərək qoşulmasından ibarət ola bilər. Bəlkə də bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma ауrı - ауrı xalqların etnik - mənəvi köklərinə yenidən dönüşü ilə xarakterizə olunur.
Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya məhz Ümummilli liderin üzərinə düşmüşdür. Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli - mənəvi dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Bir çox hallarda total əxlaqın və çoxtərəfli inteqrasiyanın tələbləri əsrlərin “mirasına” – milli - mənəvi ideallara qarşı yönəlir. Vətəndaşların sosial rifah halının yüksəldilməsini özünün mühüm fəaliyyət istiqamətlərindən biri sayan Ümummilli liderin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu təhdidi düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlaması və potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır.
Ümummilli liderin öz Vətəninə, xalqına, milli irs və ənənələrinə bağlılığı həmin təhdidlərin qarşısında əzəmətli sipərə çevrildi, bütövlükdə xalqın genetik yaddaşını qorudu. Bu dahi şəxsiyyət hələ keçmiş sovetlər dövründə türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəməmişdir. Tarixən yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli sərt sınaqlar qarşısında duruş gətirərək inkişafın əsasına çevrilir. Bu cür milli dövlət modeli isə, ilk növbədə, sağlam cəmiyyətdə inkişaf erərək xalqın mənəvi dəyərlər sisteminə əsaslanır. Sağlam mənəviyyatlı, yüksək ixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit bir qüvvə kimi fəaliyyət göstərə bilir. Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə-ölkənin iqtisadi və mənəvi tərəqqi sürətində-özünü büruzə verir. Hamı Azərbaycanda baş verən yüksək iqtisadi tərəqqinin şahididir-bu sürət bu gün bütün dünyanı da heyran qoymuşdur. Sabahkı uğurlara yeganə təminat – sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət Ulu öndərin şəxsiyyətinin əsas cizgilərindəndir-o bütün həyatını, ömrünü, ağlını, zəkasını böyük milli məqsədlərə sərf etmişdir. Bu rəhbərin dövlətçiliyi və millətçiliyi tarixi əhəmiyyət kəsb edən məqsədlərə tərəf ardıcıl və başlıcası isə, həmişə böyük nəticəli hərəkət idi-bu da Ulu öndərin şəxsiyyətinin çox qiymətli sosial və pedaqoji keyfiyyəti idi.
Ulu öndərin həyat nümunəsi, onun öz işinə bağlılığı hər kəsi adi xidmətə yox, böyük tarixi və milli məqsədli xidmətə sövq edir. Xalqımızın sürətli tərəqqisinə nail olmaq planları böyük rəhbərin milli təhsil sisteminə gündəlik qayğı ilə ayrılmaz olmuşdur-onun hakimiyyəti dövründə Azərbaycanın təhsili demək olar ki, yenidən quruldu. Ümummilli lider hesab edirdi ki, qabaqcıl kadrları olmayan xalqın inkişaf etmiş dövləti ola bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri üçün Ulu öndər keçmiş sovetlər birliyinin bütün qabaqcıl ali məktəblərində kadrlar hazırladır, minlərlə gənci respublikadan kənara təhsilə göndərir, hər il Bilik günü məktəblərə gedir, təhsilimizin gələcəyi barədə öz tövsiyyələrinin verirdi-o bu yanğısı, diqqəti və idrakı ilə həm də hamının müəllimi statusunu qazana bildi. Bütün dövrlərdə, hər bir cəmiyyətdə tərbiyə onun əyani şəxsi nümunəsi olanda uğurlu olur. Tanrı bu nümunəni bizə bəxş etməklə gənc nəslin tərbiyəsi işinə böyük töhfə vermişdir. Milli ruhda tərbiyə alan insanın ən yaxşı ideal nümunəsi Ümummilli liderin mübarizələr və qələbələr dolu tərcümeyi-halıdır. Təəssüflə etiraf etdək ki, biz bu bioqrafiyanın əsas mənasını, onun pedaqoji fəlsəfəsini kifayət qədər tədris və təbliğ edə bilmirik. Ulu öndərin həyat yolunu əks etdirən materialların, əyani vasitələrin, kitab və filmlərin azlığı və natamamlığı hiss olunur. Mövcud kino materiallarında sovet dövrünün təbliğat ştampları çox qabarıqdır. Bu ştampların arxasında böyük şəxsiyyətin milli səciyyəsi, milli zəmin və dəyərlərlə bağlılığı öz əksini bəzən çox zəif tapmışdır.
Ümummilli liderin bütün fəaliyyətinin başlıca qayəsini məhz azərbaycançlq ideya təşkil edir. Onun fikrincə, ölkənin hər bir vətəndaşı müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi üçün şəxsi məsuliyyət daşıdığını dərk etməlidir-bunun üçün, ilk növbədə hər kəsdən milli həmrəylik tələb olunurdu. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya oldu: “Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir”. Dünya azərbaycanlılarının I qurultayında da Ümummilli lider ona məxsus müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyasının konturlarını dəqiqləşdirdi. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”-fikrini söylədi və açıq bəyan etdi ki, “bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
İnsan elə bir ilahi varlıqdır ki, heç zaman birdəfəlik onun bütün xüsusiyyətlərini sadalaya bilməzsən, nə qədər ona çox diqqət yetirirsən, onda bir o qədər çox yeni xüsusiyyətlər aşkarlanır və onların təsviri sonsuza qədər uzanır- Ümummilli lider, dünyanın siyasət panteonunda öz yeri olan Ulu öndər də məhz belə insanlardandır. Onun doğma Azərbaycan qarşısında xidmətləri təkcə hakimiyyət olimpində olduğu illərlə bitmir. Ümummilli lider bütün həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr edən böyük vətəndaş olmuşdur. Ulu öndərin həyatının mübarizələrlə dolu olan mərhələlərini öyrəndikcə görürük ki, o həqiqətən böyük xarakterə malik, misilsiz şəxsiyyət olmuşdur. Filosoflar belə şəxsiyyətlər haqqında deyirlər: “Böyük xarakterə malik belə insanlar öz əməlləri, fəaliyyətləri ilə böyük məqsədlərə çatır, obyektiv tələblərə uyğun, ağıllı şəkildə əsaslandırılmış və sosial əhəmiyyətli idealları əldə edir və başqaları üçün mayaka çevrilirlər”.
Ulu öndərin ən ali məqsədi, böyük amalı heç şübhəsiz müstəqil, azad və firavan Azərbaycan dövlətini qurmaq, milli-mənəvi dəyərləri qorumaq olmuşdur. Bu məqsəd və amal bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlərə məcbur etmişdir. Bu gün şəxsiyyəti və fəaliyyəti dövlətimizin atributu, simvolu səviyyəsinə qalxmış Ulu öndərin irsi – vətənə, xalqa sədaqətlə xidmət etmək, mənəvi saflığımızı qayğısına qalmaq, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri təkcə siyasi elita üçün yox, bütün vətəndaşlarımız üçün həyat məktəbidir. Bu dahi insan harada olur-olsun, əzmkarlığı, dərin düşüncəsi, məntiqi və polad iradəsi sayəsində saysız-hesabsız uğurlara imza atmışdır.
Keçən əsrin 70 - ci illərində məhz Ulu öndər fiziki və mənəvi terrora məruz qalan Azərbaycan milli təfəkkürünü qoruyub saxlaya bilmişdir-onun sovetlərin siyasi iyerarxiyasında rəhbərliyə gəlməsi ilə milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı-bu da xalqın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi. Həmin illərdə Azərbaycanı bütün İttifaqda tanıtmaq uğurunda çalışan bu dahi insan tez-tez Moskvada, Leninqradda, digər iri şəhərlərdə Azərbaycan mədəniyyəti ongünlüyü keçirir, yazıçıların, şairlərin, sənət adamlarının yubleylərini təşkil edirdi. Ulu öndər Sovetlər dönəmində böyük təzyiqlərlə, təqiblərlə, ciddi nəzarətlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət - ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Onun fəaliyyətinin ən sanballı göstəricisi də məhz milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinin real siyasi amilə çevrilməsi oldu. Bu dahi şəxsiyyətin milli - mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, həmin problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar, təəssüf ki, bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, elminə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət etmir. Çünki görülən işlər, sadəcə, qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsədyönlü addımlardır.
Tarixdə xalqına, onun maarifinə xidmət edən rəhbərlər az olmamışdır, amma onların milli dəyərlərdə təcəssüm tapmasına nədənsə nadir hallarda təsadüf olunur. Ulu öndər məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işlədildiyi sovet dövründə də, Naxçıvanda yaşayanda da, müstəqillik dövründə də dahi rəhbər ən Böyük Azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən sadə və eyni zamanda, zəngin bir sima idi. Ulu öndərin ana dilimizdə parlaq və sərrast nitqi bu dahi insanı əbədi olaraq millilik rəmzi kimi anmağımız üçün kifayətdir. Ümummilli liderin natiqlik irsi xüsusilə müqəddəsdir-onun nitqinin xəlqiliyi azərbaycançılığın ən parlaq təcəssümü idi. Bu gün təsəvvür etmək çətindir ki, sərbəst işlənən doğma ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı-həmin mübarizələrin tarixində Ulu öndərin danılmaz rolu olmuşdur.
Ümummilli lider ana dilimizin azadlığı uğrunda iki cəbhədə çalışırdı-birinci xətt bu insanın özünün ana dilində danışması, ikinci isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi. О zamanlar belə bir mübarizəyə qoşulmaq böyük cəsarətin, qətiyyətin və ən əsası isə Vətənə, millətə, onun milli sərvətinə sonsuz məhəbbətin nəticəsi idi. Ulu öndərin ana dilində ilk nitqləri tarixi məna kəsb edirdi-onun hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi məhz bu nitqlərin təsiri ilə başladı. Yad dildə danışan dövlət milli ola bilməz-ona görə Ulu öndərin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətdə də doğmalıq hissləri yaradırdı. Yazıçı və sənət adamları ilə görüşəndə Ulu öndər yeni bir elmi - ədəbi üslubda danışmağa başladı. Həm də parlaq şəkildə, ana dilinin söz imkanlarının bütün qatlarına, çalarlarına zərgərcəsinə bələdliklə danışmağa başladı. Ümummilli liderin gözəl nitqi yazıçıları, ədəbiyyatçı alimləri, illərlə mühazirələr oxuyan professorları da heyran qoyurdu. Böyük rəhbər parlaq nitq qabiliyyəti onun genetik yaddaşından gəlirdi-o bu dilin parlaq təcəssümü olan bir mühitdə, sadə azərbaycanlı ailəsində formalaşmışdır.
Ümummilli liderin irsinin ayrılmaz bir qanadı onun tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi dərindən mənimsəmiş Ulu öndər milli dövlət üçün tarixin və tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi.
Ümummilli liderin mənəvi irsinin və milli tarix konsepsiyasının mühüm bir istiqaməti Azərbaycan SSR-nin tarixinin milli xəttini görməsi, ardıcıl surətdə üzə çıxarması və təbliğ etməsi idi. Ulu öndər çox haqlı olaraq hesab edirdi ki, bütün səhv və əyintilərlə yanaşı, 70 illik sovet hökuməti zamanında xalqımız misilsiz tərəqqi yolu keçib və başlıcası isə, müstəqillik üçün iqtisadi və dövləti əsaslar yaratmışdır-həmin əsaslar olmadan indiki müstəqil dövlətimizin varlığı da mümkün deyildir.
Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Ulu öndər xalqımızın milli - mənəvi dəyərlərini sevərək öz varlığında yaşatmış, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qoruyub, onun əbədiyaşarlığını təmin etmişdir. Ümummilli lider “ən böyük şəxsiyyətlər özlərindən çox mənsub olduqları cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını həsr edən insanlardır” – demişdir.
Ümummilli liderin baxışlar sistemində din yalnız mənəvi dünyanın pəncərəsindən boylanır. Ulu öndər dinin siyasi alətə çevrilməsinə, insanların müqəddəs inanclarının siyasi proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç vaxt imkan verməmişdi-o bu inancları bütün siyasi proseslərin fövqündə saxlamış və qorumuşdur. Onun tez - tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan Ulu öndər bu bayramın bəşəri - mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri - mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.
Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir-islam dini xalqımızın həm dini əqidəsi, həm də milli - mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın mənəvi inkişafında gənclərimizin əxlaqının formalaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi - nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli - mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Ulu öndərin səyi nəticəsində milli - mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir.
Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında dini bayramlar xüsusi əhəmiyyət kəsb edirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın dini bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanmış və milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilməsi həyata keçirilmişdir. Azərbaycan Prezidentinin andiçmə mərasimində respublika Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani - Kərimə də əl basaraq dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə, milli - mənəvi və dini dəyərlərimizi qoruyacağına and içməsi dediklərimizə əyani sübutdur.
Ümummilli lider ilk gündən Azərbaycan xalqının milli - mənəvi dəyərlərinə, adət - ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir-onun təşəbbüsü ilə xalqımızın milli - mənəvi dəyərlərinin, onun adət - ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi Ulu öndərin bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır.
Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və gənclərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində Ümummilli liderin xidmətlərin əvəzsizdir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən Ulu öndər bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır, ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir-indi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır.
Milli - mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Ulu öndər qeyd edirdi ki, milli dəyərlərin qorunub saxlanılmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq-biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir. Ümummilli lider həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Dahi şəxsiyyət öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə bəlkə də maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir. Ulu öndər demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir - birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli - mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval - ruhiyyədə tərbiyələndirməliyik”.
Milli dövlətçiliyin konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, xalqın tarixi yaddaş və mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması məhz Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmış, milli - dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa bu torpaq üçün milli yiyəlik hissi aşılamış, dini tolerantlığın polietnik mövcudluğunun qarantı kimi azərbaycançılıq ideologiyasını irəli sürərək onun praktik nəzəriyyəyə çevrilməsinə nail olmuşdur. Bir sözlə, dilimizin, dinimizin, tariximizin, incəsənətimizin şərəfli səhifələrinin şəriksiz müəllifi olan Ulu öndər bu mənəvi dəyərlərə ömrünün sonuna qədər sadiq qalmışdır. Onun birinci hakimiyyət dövrü kommunist ideologiyasının tüğyan etdiyi, imperiya ambisiyasının güclü olduğu dövrə təsadüf edir-buna baxmayaraq Ulu öndər milli-mənəvi dəyərlərin qorunması sahəsində olduqca nəhəng işlər görmüşdür. Həmin dövrdə ən həssas məsələlərdən biri də din, dini ayinlərə, dini xarakterli bayramların keçirilməsinə münasibət problemi idi. On yeddi ildən çox müddət ərzində Nazirlər Soveti yanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş professor Abdulla Əhədovun dediklərindən: “Azərbaycan KP MK-nın geniş tərkibdə növbəti plenumu idi, qəflətən iclasa sədrlik edən Mirzə İbrahimov üzünü mənə tərəf tutub: “bu cavan oğlan deyəsən yolunu azıb, partiyanın xəttinin əleyhinə gedir, son vaxtlar Bakı kəndlərində və regionlarda açıq şəkildə dini təbliğat aparılır, məscidlər açılır, ən pisi bütün bunlar onun dəstəyi ilə həyata keçirilir”-dedi. O sözünü tamamlayan kimi Heydər Əliyev mənə müraciət edərək çox kəskin danışdı, bu işlərin yolverilməz olduğunu bildirdi-ayaq üstə qurumuşdum, nitqim tutulmuşdu, oturanda yanımda oturan yoldaşlar artıq yerlərini dəyişmişdirlər, hamı fikirləşirdi ki, bu mənim plenumda son iştirakımdır, fasilədə siqaret yandırmaq istəsəm də cibimdəki kibriti tapa bilmədim və heç kim mənim siqaretimi yandırmadı. Beynimdə dolaşan “Axı mən onun icazəsi olmadan heç nə etməmişdim, açılan hər bir məscidin xeyir-duasını almışdım”-fikrinə aydınlıq gətirə bilmirdim. Səhəri gün işlə getməyə qalxanda başım fırlanıb yıxıldım, təcili yardım gəldi-diabet, təzyiq-həmin plenumdan diabet mənə yadigar qaldı. Axşam o özü mənə zəng etdi, “cavan oğlan niyə işə çıxmamısan, sabah işə çıx, hər halda mən plenumda, həm də Moskvadan olan qonaqların yanında başqa cür danışa bilməzdim”. Bu gün özünü mənəvi dəyərlərin carçısı kimi göstərmək istəyənlər çoxdur, ancaq o dövrdə, imperiyanın güclü olduğu vaxtda bu işi hər adam görə bilməzdi-bunu yalnız o böyük şəxsiyyət edə bilərdi”.
Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib vəzifənin həyata keçirilməsi üçün Azərbaycan vətəndaşının ideya - siyasi düşüncəsini formalaşdırmaq lazım gəlirdi. Həmin istiqamətdə xeyli iş görmüş dövlət rəhbəri “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə keçmiş illərdən daha çox lazımdır”, – deyirdi-o həm də öz şəxsi təcrübəsində gördüklərindən bu qənaətə gəlirdi. Ulu öndərin tükənməz enerjisinə, dərin zəkasına, müdrik ağlına, dünya şöhrətinə, sarsılmaz nüfuzuna qısqanclıqla yanaşanlara, haqsız hücumlara, böhtançılara, paxıllara öz möhtəşəm ağlı ilə cavab verirdi: “Paxıllıq, şər, böhtan xam at kimidir – sahibini heç bir zaman mənzil başına sağ - salamat çatdıra bilməz”, – deyirdi.
Ümummilli lider xalqın milli-mənəvi dəyərlər sistemində ailənin rolunu daim müstəsna dəyərləndirirdi. Böyük strateq ailəni, eyni zamanda, ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi qiymətləndirir, xalqın mənəvi kamillik səviyyəsinin təmin olunmasında, genefondunun saflığının qorunmasında əhəmiyyətini daim önə çəkirdi. Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda minlərlə yeni qurulan ailənin müqəddəs örnək kimi istinad edəcəyi qürur və fəxarət ünvanı var. Ulu öndərin möhkəm mənəvi təməl və niyyətlər, ülvi arzular üzərində yaratdığı ailə modeli hər bir azərbaycanlıda böyük rəğbət hissi doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi onun hər bir üzvünün cəmiyyət üçün gərəkli, faydalı şəxsiyyət olmasında, xalqa layiqli xidmətdə göstərməsindədir.
Ulu öndər türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət - ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan o türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir. Hazırda Azərbaycanın türkdilli ölkələrlə mədəni əlaqələrində Türksoy təşkilatı əsas rol oynamaqdadır. Ümummilli lider yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimdir-o hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir. Ulu öndər 1992 - ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmış, türk dünyasının qüdrətli bir insanı, bütün türk dünyasında Atatürk kimi özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazanmışdır.
Ümummilli lider zəkasının ziyası ilə ölkəmizi bürümüş zülməti yox edərək, aydınlığa çıxarmışdır. Azərbaycanın müstəqillik yolu ilə inamla addımlaması, uğurlarla zənginləşməsi məhz onun şəxsiyyət bütövlüyünün, əqidəcə saflığının nəticəsi idi. Azərbaycanın taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə, Vətənimizin daha böyük uğurlar qazanmasında bu dahi insanın misilsiz xidmətləri təsdiqlənmiş və qəbul edilmişdir. O, Azərbaycan xalqının dahilik rəmzi olmuş, dövlətçilik tarixində “qalib lider” obrazını yaratmışdır.
Ümummilli lider milli - mənəvi dəyərlərə sadiqliyini bütün fəaliyyəti boyu qoruyub saxlamış, dövlət idarəçiliyində bu meyarlara mühüm önəm vermişdir: “Biz öz milli - mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli - mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmaуап millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli - mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani – Kərimdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli - mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik”.
“Həqiqi dövlət xadimlərinin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə dövlətin xeyrinə dəyişə bilsin”-Ulu öndər rəhbər olduğu bütün işlərində V.Hüqonun dediyi bu sözlərə sadiq qalmış, bunu bacarmış və həyata keçirmişdir.Tarixin müxtəlif mərhələlərinə nəzər salsaq, milyonların içərisində öz uzaqgörənliyi, qətiyyəti və iradəsi ilə seçilən liderlərin və fenomenal şəxsiyyətlərin baş verən hadisələrə təsir imkanları, bu hadisələrin istiqamətini düzgün məcraya yönəltmək bacarığı səhifə - səhifə göz önündə canlanar. Tale həm də bəzən xalqları, ölkələri sərt sınaqlara çəkir, üzücü müharibələr, sosial kataklizmlər, tənəzzül və böhran minilliklərin nailiyyətlərini təhlükə altına alır, tarixi tərəqqi məhvə sürüklənir. Belə hallarda cəmiyyət bəşəri bir xilaskarın gəlişinə ehtiyac duyur. Həmin şəxsiyyət öz xilaskarlıq missiyasını yerinə yetirdikdən sonra tarixdə əbədi iz qoyur. Ümummilli lider də Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri - adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Ulu öndər həmişə deyirdi ki, milli ruhu və milli varlığı müdafiə, eyni zamanda mühafizə etməyin, milli maraqları gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Odur ki, milli - mənəvi dəyərlərlərlə yanaşı, milli dövlətçiliyin də qorunmasını, inkişafinı və dünyaya inteqrasiyasını siyasi fəaliyyətinin əsas hədəfləri hesab etmiş, özünün mənalı ömrünü bütünlüklə bu məqsədlərə həsr etmişdir. Ulu öndərin dühasının xalqa, milli maraqlara xidməti öz zirvəsinə müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyinin əbədiləşdirilməsində çatmışdır. ABŞ - ın dövlət xadimi, dünya şöhrətli politoloq Zbiqnev Bjezinski demişdir: “Heydər Əliyev XX əsrin ən görkəmli siyasətçilərindən biridir. Siyasi hədəfləri düzgün seçməsi və böyük ruh yüksəkliyi ilə rəhbərlik etməsi Heydər Əliyevi tarixi şəxsiyyətlərdən Corc Vaşinqton və Avraam Linkolnla, müasir dövlət xadimlərindən isə Çörçill, Ruzvelt və Şarl de Qolla bir sıraya çıxarır. Onun uzaqgörənliyi və fitri qabiliyyəti, fəhmi və qətiyyəti olmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdır” .
Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli - mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Müstəqillik əldə edən ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi vacib şərt kimi qarşıda dayanırdı, bunun üçün, hər şeydən əvvəl, yeni konsepsiya işlənib hazırlanmalı idi-bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinə və bununla da insan hüquqları və azadlıqlarının müdafiəsinə təminat yaratmalı idi. Ümummilli liderin yenidən hakimiyyətə gəlişi ilə ölkə həm xaosdan, həm də dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu-bu qayıdışla Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.
Dünyəvi qloballaşma və modernləşmə prosesinin geniş vüsət aldığı bir dövrdə ümumi bəşəri inkişaf dinamikasından kənarda qalmaq olmazdı və bizim idealımız və məqsədimiz tarixi meyillərə zidd gedə bilməz. Dünyadan təcrid olunmaq milli təhlükəsizliyə zəmanət vermir-indiki dövrün qeyri - adiliyi və ondan irəli gələn tələblərlə hesablaşmaq lazım gəlirdi. Ulu öndər müstəqilliyimizin, Azərbaycan dövlətçiliyinin təhlükə mənbələrini və ona qarşı mübarizə metodlarını müasirlərindən daha aydın görürdü-o bütün fəaliyyəti boyu ideoloji mübarizə cəbhəsində bir anlıq fasiləyə, istirahətə yol vermədən daim döyüş və müdafiə mövqeyində sərvaxt dayanmışdır.
Ümummilli lider müdrik dövlət rəhbəri olmaqla yanaşı, həm də mütərəqqi azərbaycanlı dəyərlərini parlaq şəxsiyyətində yaşadan, cəmiyyət üçün örnək sayılan ailə başçısı idi. Böyük şəxsiyyət kimi yetişən, xoşbəxtliyi əqli kamillikdə, təmizlikdə və halal zəhmətdə axtaran, ailənin saf sevgi üzərində qurulması vacibliyini erkən yaşlarından dərk edən dahi şəxsiyyət cəmiyyətdə öz layiqli yerini tutmuş, saf təməl üzərində qurduğu ailənin bütün qayğılarını öz üzərinə çəkmişdir.
Bu gün Prezident İlham Əliyevi həm də Azərbaycanın milli - mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst - xətti, öz dövlətçilik siması, öz inkişaf yolu vardır. Azərbaycanda əsası Ulu öndər tərəfindən qoyulmuş vahid inkişaf strategiyası, siyasi - iqtisadi və mədəni - mənəvi təkamül konsepsiyası, vahid milli ideologiya formalaşmaqdadır. Dövlətimizin öz milli maraqlarına söykənən beynəlxalq siyasi kursu da, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli liderin siyasi kursunu, sadəcə, qoruyub - saxlamaqla kifayətlənməyərək, onu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməkdədir.
Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının 35 ili Ulu öndərlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli - nəzəri və siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrdə Ulu öndərin rəhbərliyi altında Azərbaycan xalqı tarixi baxımdan bir əsrdən digər əsrə, bir ictimai - siyasi quruluşdan digərinə, asılılıqdan müstəqilliyə, bir ideoloji müstəvidən digər ideoloji mühitə qədəm qoymuşdur. Bu dövrə nəzər salarkən ölkəmizin nə qədər dəyişib inkişaf etdiyinin real mənzərəsini görürsən. Bu illər ərzində Azərbaycan xalqı, sözün həqiqi mənasında, misilsiz inkişaf yolu keçmişdir. Ən başlıcası, demokratik, müstəqil, dünyəvi və hüquqi Azərbaycan dövləti bərqərar olmuşdur. Bu, xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi sərvətidir. Bu tarixi qələbəni lazımınca qiymətləndirmək, qorumaq, möhkəmlətmək və ona dönməz xarakter vermək Azərbaycan milli ideologiyasının mahiyyət və məzmununu təşkil edir. Danılmaz faktdır ki, müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider həm də müstəqillik ideologiyasının banisi və müəllifidir. Ulu öndər mahir dövlətşünas və rəhbər kimi xalqı üçün nə mümkündürsə onu etmiş və həm də özünün davamçsı və siyasi varisi üçün zəngin ideya irsi və böyük mənəvi - ideoloji kapital qoymuşdur. Bu zəngin nəzəri - siyasi irsin tərkibində milli müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur. Ulu öndər bu haqda demişdir: “ Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində olmağa qoymamışam”. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu öndərin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız Ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu öndərin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir. Ümummilli lider tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanın milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent