PDF Oxu

Siyasət

  • 2 280

Milli-mənəvi dəyərlərimizə töhfə TƏHLİL

Milli-mənəvi dəyərlərimizə töhfə TƏHLİL

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da, 30 il işğal altında qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib. Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurub. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edir. Erməni vandalları xalqımıza məxsus olan bütün abidələr dağıdıb, yerlə-yeksan ediblər. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilərin əxlaqsızlıq, mənəviyyatsızlığının məntiqi olaraq Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla simasız, rəzil olduqlarını göstərmiş oldular.

Qeyd edək ki, Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikilmişdir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri - Ağdam Cümə məscidi inşa edilmişdir. Cümə məscidi erməni işğalından sonra qismən dağıdılmışdır. Associated Press qeyd edir ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanmışdır və divarı qraffiti ilə vandalizasiya edilmişdir. Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir. Erməni işğalından sonra Ağdam Cümə məscidi dəyişikliklərə məruz qalmışdır. Belə ki, Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır. Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.

MÜSƏLMAN ALƏMİNƏ QARŞI CİNAYƏT

Bu azmış kimi Zəngilan rayonunda olan məscidlərdən də bu məqsədlə istifadə ediblər. "Zəngilan rayonunda yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb", - deyən Prezident bunun videokadrlarda olduğunu bildirib: "Ağdam məscidində donuz saxlanılıb və bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq". Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.
Bildiyimiz kimi, Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. Erməni vandallığını, vəhşiliyini bütün dünya görməlidir, necə ki, 44 günlük Vətən müharibəsində dünya bunu bir daha görmüş oldu. Erməni vandalizmini və barbarlığını, erməni faşist ideologiyasını gözləri ilə görmüş oldu. Azərbaycanın uğurları, qalibiyyəti, işğaldan azad olunan ərazilərimizdə yerləşən abidələrin ermənilər tərəfindən dağıdılması, təbii ehtiyatların talanması və s. dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırıldı.

"…BÜTÜN TARİXİ, DİNİ ABİDƏLƏRİMİZİ BƏRPA EDƏCƏYİK"

Bildiyimiz kimi, artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"- deyə Mehriban Əliyeva bildirmişdir.
Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikəcək, yenidən bərpa edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "…bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik".

Prezident İlham Əliyev həmin ərazilərdə sökülən məbədlərin bərpasına diqqətlə yanaşır. Məscidlərlə yanaşı, kilsələr də təmir olunur. İşğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məscidin tikintisi davam edir.
Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Bu da ölkə başçısının mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfədir. Hazırda Şuşa, Zəngilan, Ağdam, Suqovuşanda, Hadrutda onlarla məsciddə təmir-bərpa işləri həyata keçirilir. Artıq bir neçə məsciddə tikinti işləri başa çatmaq üzrədir. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər