“Birmənalı şəkildə demək olar ki, Ermənistanın Qarabağdakı ermənilərə humanitar yardım adı altında Laçın dövlət sərhədinin keçid məntəqəsində nəqliyyat vasitələrinin toplaşması manipulyasiyadır və növbəti təxribata cəhddir”. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri beynəlxalq tribunalarda Azərbaycanla sülhə hazır olduqlarını bildirir, lakin əməli fəaliyyətində təxribatlara cəhdlər göstərir: “Müxtəlif xarici ölkələrin səfirliklərini, beynəlxalq təşkilatların nümayəndələrini, o cümlədən də Avropa İttifaqının əməkdaşlarını müxtəlif yalanları ilə aldadaraq Azərbaycanla sərhədə gətirmək siyasi şoudan başqa bir şey deyil. Tam qətiyyətlə demək olar ki, Ermənistanın və onlara havadarlıq edən, Fransa və digər dövlətlərin qurduqları ucuz və əhəmiyyətsiz tamaşa nəticə verməyəcək. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması Ağdam-Xankəndi yolu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil. Hay-küy salıb, diqqəti özlərinə cəlb etməyə çalışanlar sonda iflasa uğrayaraq gəldikləri yerə qayıdacaqlar. Başqa cür də ola bilməz. Azərbaycan heç vəchlə onlara Laçın sərhəd keçid məntəqəsindən hansısa yüklərin daşınmasına imkan verməyəcək. Dövlətimiz qərarında israrlıdır və qətiyyətlidir”.