PREZİDENT İLHAM ƏLİYEV: "Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün"
Bu fikirləri Prezident İlham Əliyev regionlara səfərləri zamanı çıxışlarında bildirib. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamızda ümummilli lider Heydər Əliyev və Onun siyasi yolunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən regionların inkişafı daima prioritet məsələlərdən biri olmuşdur. Ən əsası da aparılan işlərə nəzarəti Prezident cənab İlham Əliyev bilavasitə özü edir. Məhz bu səbəblə də dövlət başçısının müntəzəm olaraq regionlara səfər etməsi və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritet təşkil edir. Həmçinin, Prezident İlham Əliyevin bölgələrə hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu mühüm addımın bölgələrin inkişafına nə kimi təsir göstərdiyi əldə olunan sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, hər bir şəhər, bölgə, kənd və qəsəbə bu inkişafı, tərəqqini öz həyatında hiss etməlidir. Bu məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi, icra strukturlarının öz səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmələri bir tələb kimi qarşıya qoyulur. Məhz bu baxımdan elə bu günlərdə…
PREZİDENT İLHAM ƏLİYEVİN QAZAX, ŞƏMKİR, SAMUX VƏ BƏRDƏ RAYONLARINA SƏFƏRİ, SƏFƏR ÇƏRÇİVƏSİNDƏ BİR SIRA MÜHÜM SOSİAL OBYEKTLƏRİN AÇILIŞINDA VƏ GÖRÜLƏN İŞLDƏRLƏ TANIŞ OLMASI DÖVLƏTİMİZİN BAŞÇISININ UĞURLU SİYASƏTİNİN GÖSTƏRİCİSİDİR
Bəli, məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür.
AZƏRBAYCANIN HƏR BİR BÖLGƏSİ ÖZÜNÜN YENİ İNKİŞAF MƏRHƏLƏSİNİ YAŞAYIR
Bəli, bu gün Azərbaycan öz nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, öz təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, yol infrastrukturu mühüm əhəmiyyətə malikdir. Azərbaycanın yol infrastrukturu özünün sürətli inkişaf mərhələsindədir. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar, bütün sahələrdə olduğu kimi, yol infrastrukturu da uğurla həyata keçirilir. Son vaxtlar yol infrastrukturunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Avtomobil yollarının bərpası və yenidən qurulması və yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilməkdədir. Regionların, həmçinin, kənd və qəsəbələri birləşdirən avtomobil yolların, yolayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Son illər ölkəmizin demək olar ki, hər bir istiqamətində avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş və yeni körpülər tikilmişdir. Ölkənin magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Xüsusilə də, regionların yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də, kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Kəndlərarası və kənddaxili avtomobil yolları da daxil olmaqla, salınan avtomobil yollarının həcmi sovet dövründə salınmış avtomobil yollarının həcmindən dəfələrlə çoxdur.Görülən işlər, bir daha deməyə əsas verir ki, həyata keçirilən infrastruktur layihələr nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində rayonda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib. Bildirilib ki, uzunluğu 19 kilometr olan Qarapapaq–Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb. Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaqlar quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.Həmçinin, Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olunub. Qeyd edilib ki, di ki, Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb. Bir sözlə, yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara və digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradacaq.Dövlət başçısı Qazax rayonuna səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir.Dövlət başçımız, həmçinin Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib və Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsini bildirən düyməni basıb.
Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edən Prezident İlham Əliyev fabrikdə görülən işlərlə tanış olub və “Venzana” mebel fabrikini işə salıb.Prezident İlham Əliyev, həmçinin Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.Ellə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir, Samux və Bərdə rayonlarına səfəri çərçivəsində bir çox obyektlərin açılışını edib. Xüsusilə də, həmin rayonlarda yeni təhsil ocaqlarının açılmasında iştirak edib. Çünki dövlətimizin başçısı təhsilin inkişafına həmişə böyük önəm verir. Təhsildə vaxtaşırı aparılan islahatlar, yeni tikilən məktəb və universitet binaları, demək olar ki Azərbaycanda bütün təhsil ocaqlarının təmir edilməsi, pedaqoji heyətə Dövlət İmtahan Mərkəzi vasitəsilə ən yaxşılarının seçilməsi bu qəbildən olan məsələlərdir. Belə ki, Şəmkir şəhərində Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının, Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışı buna bariz nümunədir.Həmçinin, Prezident İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Qeyd olunub ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib.Bir sözlə, bütün bu uğurlu nəticələr bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin siyasi kursunun təməlində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır. Dünyada bu gün sosial-iqtisadi layihələr həyata keçirən dövlətlər çox azdır. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələr icra olunur. Hər şey vətəndaşların rifahı naminə edilir və ölkənin iqtisadi gücü də artmaqda davam edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən siyasətinin göstəricisidir.
RƏFİQƏ KAMALQIZI