Azərbaycanın 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində hərbi qələbə qazanaraq ərazilərimizi işğaldan azad etməsi regionda yeni reallıqlar yaradıb. Bu reallıqları bəzi ermənilər müəyyən məsələlərdə qəbul etsələr də, xarici maraqlı dairələr öz məkrli və hikkəli iddialarını Paşinyana yeritməklə, bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Laçın sərhəd keçid məntəqəsində Qarabağdakı ermənilərə humanitar yardım adı altında nəqliyyat vasitələrini cəmləşdirməsi, növbəti təxribata cəhddən başqa bir şey deyil. Ermənistanın bu addımla siyasi şou və siyasi möhtəkirlik nümunəsidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyan və onun himayədarlarının qurduqları tamaşada Azərbaycanın dağıdıcı müxalifəti də bu və digər formada iştirak etməyə çalışırlar. Məsələn, “Milli Şura”nın sədri Cəmil Həsənli ingiltərəli qudası kimi düşüncə ortaya qoyaraq iddia edir ki, “Laçın sərhəd keçid məntəqəsi vasitəsilə Xankəndidəki ermənilərə humanitar yüklərin aparılması sülhə gedən yolda müsbət nəticələr verə bilər”. Sevinc Osmanqızının TV-sinə verdiyi müsahibəsində isə Azərbaycanı Avropa İttifaqı ilə jantaj etməyə çalışır. Deyir ki, “Azərbaycan sərhəd keçid məntəqəsini Avropa İttifaqının nümayəndələrinin gözü qarşısında bağlamaqla beynəlxalq təşkilatı ölkəmizə qarşı qərarların qəbul edilməsinə vadar edir”. “Milli Şura”nın sözçüsü rolunda çıxış etməyə adət edən Tofiq Yaqublu isə açıq şəkildə ermənilərin əmisi uşaqlarından olduğunu göstərən açıqlama ilə çıxış edir. Bildirir ki, “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”. Başqa bir açıqlamasında qeyd edir ki, “Qarabağdakı ermənilərə status verilməlidir”. T.Yaqublu sabah Meşəli cəlladı Vaqif Xaçaturyanın “hüquqlarının müdafiəsi” ilə bağlı aksiya keçirməyə çalışsa və ya xarici qaranlıq dairələrə çağırış etsə, təəccüblü görünməyəcək. Çünki o V.Xaçaturyan həbs edilib Bakıya gətirilərkən, onun həbsinin yolverilməz olduğunu bildirmişdir. AXCP sədri Əli Kərimli isə birbaşa Koçaryan, Sarkisyan, Artunyan, Vardanyan kimi sözlər deyir və fikirlər səsləndirir.
Dağıdıcı müxalifət erməni dığaları kimi revanşist fikirlər səsləndirir
Sapı özümüzdən olan baltaların erməni maraqlarından çıxış etmələri onu deməyə əsas verir ki, onlar erməni lobbisindən böyük məbləğdə maliyyə yardımları alırlar. Necə ola bilər ki, Laçın sərhəd keçid məntəqəsi yaxınlığında ermənilər tamaşa qurur və bu tamaşaya iştirakçıları cəlb etməklə Azərbaycanın dünyada sülhpərvər və azad, demokratik dövlət imicinə xələl gətirməyə çalışır Ə.Kərimli, C.Həsənli, T.Yaqublu və digərləri də onlarla əqidə yoldaşlığı edir? Belələrinə azərbaycanlı demək olarmı? Belə məxluqlar necə “mən də Azərbaycan xalqının nümayəndəsiyəm” deyə bilər? Hansı haqla, qalib Azərbaycan xalqının insanlarından olduqlarını iddia edə bilərlər? Dağıdıcı müxalifətin işi erməni dığaları kimi revanşist fikirlər səsləndirməklə və ya sərhəddə şou yaratmaqla Azərbaycana qarşı təhdid siyasətinə yoldaş olmaqla bitmir, həm də ölkə daxilində müxtəlif səhnələşdirilmiş məzhəkələr yaratmaqla xalqa meydan oxuduqlarını açıq şəkildə nümayiş etdirirlər. Gah deyirlər ki, “Siyasi partiyalar haqqında qanun” demokratik müddəalara ziddir, gah iddia edirlər ki, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsində qeyri-qanuni hərəkətlərə yol verilib. Ancaq bir dəfə də olsun ictimai rəyin mövqeyini əsas gətirərək deməyiblər ki, Q.İbadoğlu ilə bağlı istintaq araşdırması aparılsın və bütün suallara cavab verilsin. Halbuki, Q.İbadoğlunun qardaşı, deputat Vüqar Bayramov bildirib ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. V.Bayramov qardaşının həbsi üzərindən siyasi divident qazanmağa çalışanları da ittiham edib. Bildirib ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar, sadəcə, təəssüf doğurur.
Q.İbadoğlunun cinayət əməlini sübut edən yeni faktlar üzə çıxmaqdadır
Artıq sular durulmağa və Q.İbadoğlunun cinayət əməlini sübut edən yeni faktlar üzə çıxmaqdadır. Eyni zamanda, cinayətdə rolu və fəaliyyəti olan şəxslər də həbs olunmaqdadırlar. Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb. Məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunub və istintaqa təhvil verilib. Bundan sonra dağıdıcı müxalifət funksionerlərinin Q.İbadoğlu ilə bağlı fikir söyləməyə haqları yoxdur. Çünki, ortada kifayət qədər dəlil və sübutlar mövcuddur. Təsdiq olunmaqdadır ki, Q.İbadoğlu mütəşəkkil dəstənin fəal üzvlərindən olmaqla saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma cinayətində iştirak edib. Özlərinə hörmət etsələrdi, əsassız hay-qaldırdıqlarına görə Ə.Kərimli, T.Yaqublu, C.Həsnli və digərləri KİV vasitəsi ilə ictimaiyyətdən üzr istəyərdilər. Lakin görünən ondan ibarətdir ki, müxalifət siyasi mədəniyyətə və demokratik düşüncəyə sahib deyil. Onlar üçün əsas məqsəd və fəaliyyət xarici ağalarından verilən tapşırıqdır. Müstəqil olmayan müxalifət təbii ki, məhvə məhkumdur. Necə ki, artıq onun ilkin işartıları görünməkdədir. Yəni, yaxın vaxtlar da xalqın maraqlarına zidd siyasət yürüdən bəzi müxalif partiyalar ya fəaliyyətlərini dayandıracaq, ya da hansısa digər partiyalara birləşəcəklər.
İ.ƏLİYEV