PDF Oxu

Siyasət

  • 1 960

Azərbaycançılıq ideologiyası xalqın milli sərvətidir TƏHLİL

Azərbaycançılıq ideologiyası xalqın milli sərvətidir TƏHLİL

Mövcud fakt və reallıq ondan ibarətdir ki, Azəbaycan xalqı dünya xalqları arasında barmaqla sayılan xalqlardandır ki, öz milli dəyərlərini və adət-ənənələrini qoruyub saxlayıb, inkişaf etdirə bilir. Yəni tarixin ağır, məşəqqətli dövrlərində müəyyən fəlakətlərlə üzləşməsinə baxmayaraq xalqımız öz irsinə sahib çıxmağı bacarıb. Keçmişdən bizə miras qalan dəyərlər bu gün yeni və müasir formada inkişaf etdirilməkdədir. Millətin potensialının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi "azərbaycançılıq" milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da əsası olaraq qalacaqdır. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Ulu Öndər Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Azərbaycan dövləti dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid dövlətidir

Azərbaycan dövləti dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid dövlətidir. Dövlətimiz üzərinə düşən vəzifələrə uyğun olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparır. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuş, Ümummilli Lider Heydər Əliyev bu sahədə dövlət siyasətinin sistemli həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.

Diaspor quruculuğunda yeni mərhələ

Bugünkü güclü, qüdrətli Azərbaycanı daha böyük qələbələrə aparan söz yox ki, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevdir. Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində isə məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından böyük əhəmiyyətə malikdir. Milli dövlət ideologiyası olan azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni kimliyini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir... Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır. “Azərbaycançılıq” ideyasının dərk olunması əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur. Bir sözlə, ictimai həyatımızın bütün sahələrində - milli mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli ideologiya - azərbaycançılıq istiqamətləndirici məfkurə kimi tarixi keçmişimizin məhsulu olan milli-mənəvi dəyərlərin varlığını qoruyub saxlayır.

İ. ƏLİYEV

Digər xəbərlər