“Həm keçmiş münaqişə vəziyyətilə, həm də hazırk vəziyyətlə bağlı dünya ölkələrində aydın təsəvvürlər mövcuddur. Ermənistan ötən əsrin 80-ci illərinin sonundan başlayaraq, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməyə başladı. Bunun ardınca isə Azərbaycan torpaqlarının işğalına başladı və 30 il ərzində torpaqlarımızı işğal atında saxladı. Biz hər zaman baş verənlərin mahiyyətinin məqsədli şəkildə təhrif olunduğunu gördük. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdısa, burada başqa dövlətlərin yanlış təsəvvürləri necə formalaşa bilərdi? Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilərin guya hüquqları və təhlükəsizlikləri ilə bağlı problemlərin olduğunu iddia edirdi. Çox təəssüf ki, dünya dövlətləri bu məsələlərlə bağlı Ermənistana öz iradlarını bildirmirdi. Ermənistanın bu davranışları bütövlükdə təhlükəli vəziyyət yaradırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinə göz yumulurdu: “Bununla da Ermənistana dəstək nümayiş etdirilirdi. Hazırda da vəziyyət eyni cürdür. Azərbaycan öz torpaqlarını öz gücü ilə işğaldan azad etdi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işlərini həyata keçiririk. Regionda sülhün və təhlükəsizliyin qorunması üçün də zəmin hazırlamışıq. Lakin yenə də baş verənlərin mahiyyəti məqsədli şəkildə təhrif olunur. Ermənistandan istifadə edilərək, Cənubi Qafqazda gərginlik saxlanılır. Bu gərginlik isə Qərbə imkan verir ki, regionda öz mövcudluğunu saxlasın.Avropa ölkələrində və beynəlxalq təşkilatlarda dəqiq təsəvvürlər mövcuddur ki, Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri tam təhlükəsiz şəraitdə yaşayırlar. Yəni, Azərbaycanda ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı heç bir problem olmayıb, bundan sonra da olmayacaq. Sadəcə olaraq, Azərbaycan-Ermənistan münasibətlərində açıq məsələlərin qalması Avropa dövlətlərinin maraq dairəsindədir”.
Müəllif: Səbinə Hüseynli