Prof. Dr. Raqip Kutay Karaca: Biz Azərbaycan Xarici İşlər Nazirliyinin layihəsi çərçivəsində Bakıdayıq. 44 günlük müharibənin Azərbaycan xalqında yaratdığı qüruru, özünəinamı, Türkiyə sevgisini yaxından görmək imkanımız var. Şuşaya səfərimizlə də bu qürur və özünəinamı bir daha görmüş olduq. Biz həmçinin geriyə yolun və Azərbaycanın siyasi iradəsini qırmağın mümkün olmadığını da görmüşdük.
8 noyabr 2020-ci ilə qayıtdım...
Şuşada olarkən Azərbaycan Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Şəhidlər Xiyabanından Azərbaycan xalqına ünvanladığı “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” bəyanatı, Şuşa qalasında Azərbaycan bayrağının asılması, hətta ermənilərin şəhəri “Şuşi” adlandırdıqlarına görə ağacla düzəldilmiş “i” yenidən xəyalımıza gəldi.
Bakıdan Şuşaya avtomobillə təxminən 5 saatlıq yoldur. Hələlik xüsusi icazə ilə gedilir.
Füzuliyə baxdıqca adam dəhşətə gəlir
Keçid məntəqəsindən keçən kimi Füzuli rayonu səni qarşılayır. Budur, gözlərin qarşısında iki Füzuli var. Birincisi, 30 il sökülüb-dağıdılan, daşı daş üstündə qalmayan Füzulidir. İkincisi, yenidən planlaşdırılmış və sürətlə tikilməkdə olan müasir Füzulidir. Xəyal şəhəri köhnə Füzuliyə baxarkən buradakı görüntülər fonunda düşüncələrə daldım: hər xarabalığın yanında kök salan ağaclar o qədər böyümüşdü ki, sanki xarabalıqları gizlədərək “narahat olma, sənin yenidən var olacağına işarə bizik” deyirdilər. Ağaclar qoca Füzulini yaşadır.
Füzulidən çıxarkən sağa-sola baxdıqca adam dəhşətə gəlir. Burada hər yeri ermənilər minalayıb. Aşkar edilmiş minalar dirəklərlə işarələndiyi üçün adamda labirint oyun meydançasındaymış kimi hiss yaradır.
Ermənistan buğda zəmilərinə mina basdırıb
Torpaqların minalanması beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərinin pozulmasıdır. Bölgədəki minaların təmizlənməsinə təxminən 30 il və 25 milyard dollar lazım olduğu bildirilir. Bu günə qədər 80 min hektar ərazi təmizlənib və zərərsizləşdirilənlərin sayı 45 minə yaxındır. Ermənistan verməli olduğu mina xəritələrinin hamısını verməyib. Verilənlər də məlumatların yanlış olduğunu göstərir. Ümumilikdə 1 milyona yaxın minanın adı çəkilir və onların təmizlənməsi üçün 30 il vaxt gərəkdir. Minaların olması isə regionun bərpasını və köçkünlərin geri qayıtmasını ləngidir. Bütün bunlara isə insan hüquqları müdafiəçiləri, müharibə əleyhdarları, demokratiya tərəfdarları, beynəlxalq institutlar reaksiya vermir.
Biz təəccüblənirik? Yox. Füzulidən sonra gördüyümüz mənzərədə heç nə dəyişməyib. Hər yer taleyin ümidinə qalıb. Ermənistan buğda əkilməli olan tarlalara minalar basdırıb.
Bütün bunlara baxmayaraq sevindirici tərəfi odur ki, Azərbaycan böyük sərmayələri çox sürətlə həyata keçirib. Üç hava limanı, əsasən Beynəlxalq Füzuli Hava Limanı tikilib.
Şuşa qayalarını görərkən...
Dağlar qazılır, magistral yollar çəkilir. Şuşaya sığınan qayaları görəndə ağlımıza Azərbaycan əsgərlərinin həmin qayalara dırmaşaraq Şuşanı alması gəlir. Bu cəsarətin səbəbi böyük türk sivilizasiyasının mühüm şəhəri olan Şuşanı öz sahiblərinə qaytarmaq səyindən başqa bir şey deyil. Bir daha görürük ki, türkün torpağı başqasının mülkü ola bilməz.
Əsgərlərin “Şəhid olacağıqsa, Şuşaya girib onu görəndən sonra şəhid olaq” dediklərini eşidəndə Vətənini qorumaq əvəzinə qaçanları düşünürəm. Şuşa qalasını və onun qarşısında xarıbülbülün simvolunu görəndə həm kədər, həm də sözlə ifadə olunmaz sevinc hissi keçiririk. Kədərimiz odur ki, yerlə-yeksan edilməyə çalışılan bir tarix, taleyinə tərk edilmiş bir şəhər görürük... Sevincimiz odur ki, Şuşanın hər küçəsindən bir tikinti maşını çıxır. Böyük otellər tikilib. Bütün Şuşa əvvəlki vəziyyətinə uyğun bərpa olunur. Bütün bunların fonunda isə Prezident İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik” ifadəsi canlanır.
Xankəndinə baxarkən…
Sevgilisini aldı. Şuşa təpəsindən Xankəndinə baxdıqca beynimizdə aydın oldu ki, heç bir şey əvvəlki kimi olmayacaq. Döyüş meydanında qazanılan torpaq Azərbaycan torpağıdır. Bu qələbənin masa arxasında itirilə biləcəyini və ya güzəştə gedə biləcəyini düşünənlər yanılırlar. Onların 2025-ci ilə qədər vaxtı var! Sonra? Onlar “Şuşa bəyannaməsi”ni xatırlamalıdırlar.
Tərcümə-Mətanət Məmmədova