PDF Oxu

Siyasət

  • 1 883

"Dəmir yumruğ"un Zəfəri: 30 illik münaqişənin 44 günə həlli - ŞƏRH

"Dəmir yumruğ"un Zəfəri: 30 illik münaqişənin 44 günə həlli - ŞƏRH

Bu çoxlarının qeyri-mümkün hesab etdiyi xalqın 30 illik həsrətinə cəmi 44 gündə son qoyan Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasətinin Zəfəridir. Və uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan məhz Azərbaycan Prezidenti İlham Əliyev cənablarının hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Ulu Öndər Heydər Əliyevin layiqli varisi, Onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən Prezident İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, Sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə Ali Baş Komandanımız, Prezident İlham Əliyev bir daha alternativsiz Lider olduğunu təsdiqlədi və hər zaman sülh tərəfdarı olduğunu dünyaya bəyan etdi. Çünki…
QIRX DÖRD GÜNLÜK MÜHARİBƏNİN HƏR BİR GÜNÜ QƏHRƏMANLIQ DASTANIDIR
Cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın "status-kvo"nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrlə bildirdi ki, "status-kvo" artıq yoxdur: "Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orada, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq!".Bəli, "Dəmir yumruq" birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı Müzəffər Ali Baş Komandan. Və Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruğ"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.Və bu gün düşdüyü dalandan çıxa bilmək üçün Ermənistanın yeganə xilas yolu Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, əməkdaşlıq münasibətləri yaratmaqdır. Bu, həm də Ermənistanın imzasının olduğu üçtərəfli bəyanatların şərt və tələbləridir. İndi Ermənistanda bu bəyanatlardan irəli gələn şərtlərin yerinə yetirilməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, Qarabağda qalan ermənilərin ya köçməsi, ya da Azərbaycan vətəndaşlığını qəbul etməsi qarşısıalınmaz prosesdir. Çünki Azərbaycan Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır. Və Avropa İttifaqı da Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir.Ermənistanın baş naziri Paşinyan bunu bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman "Dəmir yumruq" yenidən işə düşə bilər. Əks halda, Ermənistanın mövcudluğu sual altında qalacaq.

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər