Rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru, politoloq Vasili Koltaşov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanın yürütdüyü destruktiv siyasət və KTMT-yə qarşı iddiaları haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sizcə, KTMT missiyasının şərti Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ehtimalı nə qədər yüksəkdir, Ermənistan nəyə bu qədər etiraz edir? Bu, ilin sonuna qədər baş verə bilərmi?
- Rusiyanın təşəbbüslərinə qarşı çıxmaq Nikol Paşinyanın vərdiş etdiyi üslubdur. Onun Rusiyanın Ermənistan üçün dəyərli və faydalı heç nə təklif edə bilməyəcəyini hər cür göstərməyə çalışması Qərbdə oynanılan böyük oyunun tərkib hissəsidir. Paşinyan ancaq kiçik rol oynayır, erməni maraqlarından xərclənən material kimi istifadə edir. Ona görə də Ermənistan və Azərbaycanın şərti sərhədində KTMT missiyasının mümkün və ya qeyri-mümkün görünməsi ilə bağlı nəsə proqnozlaşdırmaq mənim üçün çətindir.
- Ermənistanın KTMT-yə davam edən iddiaları barədə nə deyərdiniz? Bu, həmişə əlavə üstünlüklərə arxalanaraq İrəvanın başladığı növbəti şantaj kimi görünmürmü?
- İrəvanın KTMT-yə iddiaları çox qəribə görünür. Yada salmaq kifayətdir ki, 2020-ci il hərbi münaqişəsi Paşinyanın guya erməni hərbçilərinin nəzarətində olan ərazilərin Ermənistana məxsus olması barədə bəyanatı ilə başlayıb. Beləliklə, hər iki tərəfin bütün mürəkkəb diplomatik məhdudiyyətlər sistemi məhv edildi və Azərbaycan fəaliyyət üçün formal əsas aldı. Bəs İrəvan başqa dövlətin ərazisini öz hissəsi hesab edirsə, KTMT bu vəziyyətə necə reaksiya verməlidir? KTMT Ermənistanı dəstəkləməkdən imtina etməyib, yalnız onun sərhədləri daxilində. İndi də Paşinyan bloku kəskin tənqid edir, Ermənistanı köməksiz göstərməyə çalışır, çünki onun üçün bloku mənəvi cəhətdən məhv etmək vacibdir. Bu birincidir.
İkincisi, bu, ona görə baş verir ki, Paşinyan heç bir halda erməni siyasətçisi deyil, sadəcə Qərbin kuklasıdır. Əgər Paşinyanın hərəkətləri nəticəsində Ermənistan nə vaxtsa sadəcə dağılacaqsa, o zaman baş nazir sağ-salamat Qərbə gedəcəyini gözləyir və orada bəyan edəcək ki, Ermənistan pis xərclənən material olub.

- Ermənistan informasiya məkanında Azərbaycana qarşı nifrətin son dərəcə yüksək olduğunu nəzərə alsaq, münasibətlərin tam şəkildə normallaşmasının mümkünlüyünü qəbul edirsinizmi?
- Ermənistanın informasiya məkanında Azərbaycana qarşı nifrətin yüksək olduğunu nəzərə alsaq, Paşinyan və havadarlarının yaxşı bildiyi bir sadə şeyi başa düşmək lazımdır. Onlar anladılar ki, erməni xalqı uşaq kimidir, əks halda Ermənistanda vətəndaş cəmiyyəti Paşinyanı 2020-ci ildə parçalamalı idi. Bu, onu macəraçı bir siyasətçi kimi məhv etməli idi. Amma bu baş vermədi, Paşinyan hakimiyyətdə qaldı. Bu, erməni xalqı üçün böyük faciə və eyni zamanda tarixin istehzasıdır. Paşinyan və onun sahibləri isə bütün bunlardan ibrət dərsi aldılar: Qarabağ uğrunda müharibəni uduzduqdan sonra hər kəsi günahlandırmaq olar. Əslində Qarabağ öz ərazilərini geri almış Azərbaycanındır və Ermənistanın Qarabağı itirməkdə Rusiyanı günahlandırması daha asandır. Yəni, bu, ağı qaradan ayıra bilmədiyi ilə hesablaşan hakimiyyətin erməni cəmiyyətinə münasibətdə uşaqcasına aldatmasıdır. Məsələn, rus cəmiyyətini erməni ilə müqayisə etsək, aydın olur ki, rus cəmiyyəti bütün filistizmi, eqosentrizmi və şəxsi zənginləşmə ilə məşğul olması ilə erməni cəmiyyətindən xeyli üstündür.
- Erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin artması fonunda Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafını necə görürsünüz?
- Rusiya-Ermənistan münasibətləri çətin olacaq, heç bir irəliləyiş gözləmək olmaz, hətta üfüqdə belə. Paşinyan oyunu özünəməxsus şəkildə oynadı. O, 2020-ci ildə təhlükəli vəziyyətə düşdü və bundan sonra Rusiya ilə işləməyə hazır olduğu görüntüsü yaratmağa başladı. Və deyəsən, rus diplomatları onun nəhayət siyasətçi səviyyəsinə yüksəldiyinə qərar veriblər. Məlum oldu ki, bu, aldatma idi. İndi Paşinyan özü nümayiş etdirir ki, hansı tərəfdə oynayır, ona görə də Rusiyada ona inam yoxdur. Çox güman ki, Paşinyan tamamilə düşmən mövqeyə malik, Rusiya Federasiyasına problemlər və Qafqazda münaqişə yaratmağa çalışan dövlət başçısı kimi qəbul edilir ki, bu da Moskvanın maraqlarına qətiyyən uyğun gəlmir.
Tərcümə - Elçin Bayramlı