Rusiyalı hərbi ekspert və publisist Vladislav Şurıqin “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda və dünyada gedən proseslər haqda maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Vladislav Vladislavoviç, Rusiyanın Ukrayna ilə müharibədə İran istehsalı olan dronlardan istifadə edib-etmədiyini sizdən eşitmək istərdik. Bildiyiniz kimi, Moskva və Tehran bunu rəsmi səviyyədə bəyan etmir.
- Təbii ki, İranın “Geran-1” və “Geran-2” pilotsuz təyyarələrindən Rusiya Ukraynaya qarşı müharibədə istifadə edib. Və şübhəsiz ki, ilkin mərhələdə onlar bizə çox vacib dəstək verdilər. Ancaq yalnız ilkin mərhələdə, sonra bu istehsal bizim ərazimizdə yerləşdirildi və indi bütün bu silah növləri Rusiyada istehsal olunur. Üstəlik, sırf modernləşdirilmiş rus tipli "Geranium" artıq istehsal olunur.
Rusiya hərbi arsenalında İran pilotsuz təyyarələrinin həcmi barədə dəqiq məlumat yoxdur. Amma məlumdur ki, İran PUA-larının ilk partiyası ən azı 200 ədəd təşkil edib. Rusiya Federasiyası öz istehsalını qurduqdan sonra bu PUA-lardan ayda bir neçə yüz ədəd istehsal edir.
- Sizcə, İran və Rusiya Federasiyasının birgə pilotsuz təyyarələr istehsalı zavodunun tikintisi Tehranın Moskvaya hərbi texnologiyaların ötürülməsi ilə hansısa şəkildə bağlıdır?
- Məndə belə bir məlumat yoxdur. Amma məntiqi olaraq dronların birgə istehsalı artıq bu texnologiyalara hansısa girişi və ya komponentlərin genişmiqyaslı tədarükü nəzərdə tutur. Bu üsullardan hansının seçildiyini söyləmək çətindir. Güman edə bilərəm ki, Tehrandan ilk partiyada gətirilən Şahed PUA-nın özü olduqca sadədir və buna görə də böyük miqdarda ehtiyat hissələrini minlərlə kilometr uzağa çəkmək zərurəti mənasız olardı. Mövcud materiallar əsasında hər şeyi yerində yerləşdirmək daha asan olar.
- Bəs Rusiya Federasiyası bunun müqabilində İrana nə verir? Ekspert rəyi var ki, Moskva pilotsuz təyyarələr müqabilində qoşunlarının bir hissəsini Suriyadan çıxaracağını və hərbi bazalarını iranlılara təhvil verəcəyini vəd edib. Bu, nə dərəcədə ehtimaldır?
- Məncə, inandırıcı deyil. Suriyanın hərbi mövcudluq baxımından bölünməsi çoxdan bitib. Rusiya orada hər hansı yeni bazalar zəbt etməyə çalışmır, əksinə, ənənəvi olaraq əsas nöqtələrə- aerodroma və Tartusdakı hərbi dəniz bazasına nəzarət edir. Müvafiq olaraq, Rusiya bölmələri ölkənin şimalında və şimal-şərqində cihadçılara qarşı mübarizədə suriyalılara hərbi yardım göstərməkdə davam edir. İran həm Dəməşqdə, həm də Suriyanın siyasi seqmentində kifayət qədər güclüdür. Bu baxımdan Rusiya Federasiyası ilə İran arasında heç bir ziddiyyət yoxdur. Daha doğrusu, mənim fikrimcə, söhbət Rusiya Federasiyasının İrana əsas hərbi texnologiyaları ötürməyə hazır olmasından gedir, əslində bunu edir. Tehrana ilk növbədə Hərbi Hava Qüvvələrini təkmilləşdirməli, bəzi raket proqramlarını, xüsusən də uzaq mənzilli idarə olunan raket silahlarını korrektə etməlidir. Bütün bunlardan əlavə, İranın Rusiya hərbi arsenalından əldə etmək istədiyi çox şey var. Hesab edirəm ki, bu sahədə Rusiya Federasiyası ilə İran arasında konsensus əldə olunub.
- Qiymətləndirmənizə görə, İran və Səudiyyə Ərəbistanı hərbi ittifaq yarada biləcəkmi və bunun Yaxın Şərq üçün hansı nəticələri ola bilər?
- Hesab edirəm ki, yaxın gələcəkdə İran və Səudiyyə Ərəbistanının hərbi ittifaq yarada bilməsi ehtimalı azdır- onların arasında sistemli, dərin köklü ziddiyyətlər həddən artıq çoxdur. Hər şeydən əvvəl dini ehkamlar. Amma orta və uzunmüddətli perspektivdə onların qarşıdurmalardan daha çox qarşılıqlı maraqlarının olması da həqiqətdir. Səudiyyə Ərəbistanı rəhbərliyi praqmatik hərəkət edərsə, o zaman müəyyən ittifaqın yaradılması tamamilə mümkündür. Bununla belə, bu ölkələrin karbohidrogen (əsasən neft) maraqlarını nəzərə alaraq və milli maraqların qorunması, təsir dairələrinin bölünməsi və öz maraqlarının təmin edilməsi baxımından bunun hərbi ittifaq olub-olmayacağını söyləmək çətindir. Bazarlar Səudiyyə Ərəbistanı və İranı yaxınlaşmağa sövq edə bilər.
- Hazırda ABŞ-ın Hörmüz boğazından tranzit keçən neft tankerlərinin göyərtəsində dəniz piyadaları yerləşdirmək planlarına cavab olaraq İran öz donanmasını 1000 km-ə qədər mənzili olan raketlərlə silahlandırır. Bu, İranın nüvə proqramı ilə bağlı razılaşmanın olmaması fonunda yeni eskalasiyaya səbəb ola bilərmi?
- Fikrimcə, indiki mərhələdə ABŞ və İran arasında Hörmüz boğazında ciddi hərbi qarşıdurmanın perspektivi yoxdur. Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə həddən artıq batırılıb, qarşıda Tayvanla bağlı böyük problem var, Çinlə ziddiyyətlərin artması, buna görə də İranla hərbi münaqişə ABŞ üçün, ən azı indiki administrasiyada çətin ki, mümkün olsun. Gələn il Amerika üçün seçki ili olmasına nəzərə alsaq bu mümkün deyil. Çox güman ki, tərəflər qarşılıqlı təhdidlər və ya hansısa insidentlərlə məhdudlaşacaqlar ki, bu da əslində, hansısa ciddi toqquşmaya çevrilməməlidir.
Eyni zamanda, Ukraynada hərbi münaqişə dərinləşdikcə avropalıların ABŞ-dan asılılığı getdikcə daha aydın görünür. Əslində, son bir il yarım ərzində amerikalılar 5-ci kolonun köməyi ilə indi Avropa İttifaqında əsas rol oynayan bürokratiyanı, Avropa diplomatiyasını sındırıb diz üstə çökdürüblər. Təsadüfi deyil ki, bu gün məhz Aİ-də əsas yerləri Amerika məktəblərindən və universitetlərindən keçmiş, öz ölkələrinin pasportlarını saxlamasına baxmayaraq, Amerikanın 5-ci kolonu olan insanlar tutur. Başa düşmək lazımdır ki, onların hamısı amerikalıların dediklərini tam yerinə yetirəcək. Ona görə də ABŞ İranı öz yerinə oturtmaq üçün nüvə sazişini tamamilə pozmağın lazım olacağına inansa, onlar bunu edəcəklər.
- Və nəhayət, Cənubi Qafqaz mövzusunda bir sual. Ermənistan BMT Təhlükəsizlik Şurasına guya “Qarabağın blokadası səbəbindən humanitar vəziyyətin pisləşməsi” ilə bağlı növbədənkənar iclas çağırmaq tələbi ilə müraciət edib. Ermənistanın bu təxribatçı addımını necə qiymətləndirərdiniz?
- Bu bəyanatda dəqiq deyilir ki, Ermənistanın artıq BMT tribunasında beynəlxalq ictimaiyyətə müraciət etməkdən başqa Azərbaycana təsir alətləri yoxdur. Açığı, bu, uduzulmuş müharibənin qisasıdır və İrəvanın yeganə ümidi beynəlxalq ictimaiyyətin köməyi ilə Bakıya təsir etmək cəhdidir. Onun başqa planı yoxdur. Doğrudan da, Ermənistan heç bir müqaviləni poza və heç bir sazişdən çıxa bilməz, çünki onun müvafiq olaraq imzalanmış sənədlər üzrə Rusiyadan başqa heç bir təminatçısı yoxdur. Ermənistan bütün imzalanmış sənədləri aradan qaldırarsa, bununla Qarabağda qalan məsələnin hərbi yolla həlli üçün Azərbaycanın əl-qolunu açacaq. Ona görə də Ermənistanın bir növ diplomatik demarşa müraciəti beynəlxalq ictimaiyyətin diqqətini erməni probleminə yönəltmək cəhdindən başqa bir şey deyil.
Tərcümə - Elçin
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...