“Ermənistanın Laçın dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatlar və bu istiqamətdə atılan addımlar gülünc və absurd məqamlardır. Çünki Laçın Sərhəd Keçid Məntəqəsinin açılması və fəaliyyəti Azərbaycanın suveren hüququdur. Azərbaycan öz ərazi bütövlüyü hüququndan çıxış edərək, məntəqinin fəaliyyətini təmin edib. Bu isə Azərbaycanın müstəqil hüququdur”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib. Onun sözlərinə görə, BMT tərəfindən hər hansı qətnamə qəbul edilməsi inandırıcı deyil: “Əgər BMT belə bir qətnamə qəbul edərsə, bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər.Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və heç bir formada onların blokadasından söhbət gedə bilməz. Sərhəd keçid məntəqəsi beynəlxalq konvensiya və qaydalara uyğun şəkildə fəaliyyət göstərir. Sərhədlər həm insanların keçidi, həm də yüklərin daşınması üçün Azərbaycan qanunları ilə tənzimlənir. Bu məntəqədən dəfələrlə humanitar yardım adı altında qanunsuz yük daşındığının şahidi olmuşuq. Bu isə birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və qanun pozuntusudur. Azərbaycan isə hər zaman qətiyyətlə bu cinayətin qarşısını alıb”.