Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan üç rayondan birinin-Zəngilanın kəndidir Ağalı. O Zəngilan ki, kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu ərazidə sərt quruluşa malik sıldırımlı qayaları özünə məskən seçən bu qədim yurdun əlindən alınmış əzəmətini 2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Milli Ordumuz ona qaytardı.
Hələ qədim dövrlərdən üzübəri bağrından axan çayların əmələ gətirdiyi dərin dərələrdən, Oxçu və Bərgüşad çayları arasında füsunkar Süsən dağı silsiləsindən, bu silsilədən cənub-şərqə doğru enərək qarşıda uzanan ucsuz-bucaqsız Ağoyuq düzündən, şimal-şərqində Qarabağ silsiləsi və bu silsilənin getdikcə alçalaraq əmələ gətirdiyi Geyən çölündən, ümumilikdə bir füsunkarlıq abidəsi Zəngilandan düşmən ayağı kəsildi. Dünyada ll, Avropada l nadir çinar meşələrindən neçəsinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli Zəngilanın hüriyyəti özünə qaytarıldı. Dağlıq hissələrində 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələrindən aşağıya doğru endikcə subalp və alp çəmənlikləri ilə təbiətin özünün özünə meydan oxuduğu bir möcüzənin fonunda 20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad oldu. Bu azadlıq nəğməsi kəndbəkənd Zəngilanın bütün ellərinə yayıldı. Ağalı da onlardan biri idi. Hansı ki, çox keçməyəcək, o, həm “ağıllı kənd”ə çevriləcək, həm də Böyük Qayıdışın ilki olacaqdı...
Müharibə meydanından tikinti, oradan isə həyat meydanına...
Müharibə bitməmişdi, azad olunan ərazilərimizdə artıq bərpa işlərinə başlanmışdı. Həmin ərazilər ki, artıq onların mina təhlükəsizliyi təmin edilmişdi.
Dövlətimizin başçısı deyirdi: “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.
30 ilə yaxın bir dövrdə işğal altında olması ilə dünyanın bütün yeniliklərindən, texnologiyanın inkişafından kənarda qalan, sonda azadlığına qovuşan torpaqlarımızın hər biri bu yeniliklərdən pay almağı haqq edir. 2021-ci ilin 26 oktyabrında dövlətimizin rəhbərinin və Türkiyə Respublikasının Prezidentinin Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları müharibə meydanında qazandığımız Zəfərin tikinti meydanında davam etdiyinin göstəricisi idi.
Bu möhtəşəm layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işlərinə başlanıldı. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə həyata keçirildi ki, doğma yurdlarına qayıdacaq sakinlər hərtərəfli şəraitlə əhatə olunsunlar.
Kəndli torpaqsız yaşaya bilməz. Əkib-becərmədən onun vaxtı keçməz. Odur ki, Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlərin görülməsi nəzərdə tutuldu. Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirildi və lazımi innovativ texnikaların siyahısı hazırlandı. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunması planlaşdırıldı. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər həyata keçirildi.
Bir sözlə, 30 ilə yaxın dövrdə erməni vəhşiliyi ilə üzləşən, dağıdılan, məhv edilən Ağalı, 30 il sonra “ağıllı Ağalı” olaraq sakinlərinə təqdim olunmaq üçün hazırlanmağa başlandı.
Mayın 27-də-Böyük Qayıdış başlamazdan əvvəl Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
19 iyul 2022-ci il: Böyük Qayıdışın ilk günü
Bu gün tariximizin səhifələrinə ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunduğu günlər kimi, qızıl hərflərlə yazıldı. Çünki torpaqları işğaldan azad etmək qədər həmin torpaqların dirçəldilməsi, sakinlərinin öz yurdlarına qayıtması da böyük Zəfər, qələbədir. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə start verildi.
30 il əvvəl qonşuluqdan kənar qonşularımızın tamahı ucbatından ev-eşiklərindən, doğma yurdlarından zorla çıxarılan, 30 il ərzində məcburi köçkün kimi yaşamaq alın yazısı olan insanların ötən illər ərzində doğma yurda qayıdışla bağlı yuxuları çin oldu.
İşğala qədər 3 kəndi birləşdirirdi bu inzibati ərazi. Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər) ki, Ağalı elə həmin gün ilk sakinlərinə qucaq açdı. Onların gəlişi ilə toy-bayram etdi.
***
Adam bəzən düşünür, kaş ki, təbiətin-hər ağacın, hər daşın, torpağın, suyun da dili olardı. Onlar da ürəklərindən keçəni, sevinclərini, nisgillərini danışa bilərdi. Görəsən belə olsaydı, 30 il əvvəlki Qarabağ bizə nə söyləyərdi, 44 gündəki Qarabağ bizə nə deyərdi?.. Bəs bugünkü azad torpaqlarımız hansı hisslərdən danışardı?.. Elə bütün bunların fonunda da Ağalı sakinlərinin qayıdışını görərkən o torpağın, o havanın, o dağın-daşın, ağacların hansı hissləri keçirdiyini düşünür adam. Bəzən bizə elə gəlir ki, onlar cansızdır. Lakin belə deyil, o şey ki, yenilənir, deməli canlıdır. Ağaclar da, təbiət də canlıdır. Onlar söz yox ki, ağalılıların gəlişini duyurdu, lakin alın yazıları olan sükut sadəcə baxmağa icazə verir onlara... Sevinirdi, bütün dağ-daş, təbiət sevinirdi. Çünki ağalılılar özləri ilə uzun illərin bu lal sükutuna bir səs-küy, gülüş, toy-bayram aparmışdılar...
***
41 ailə Böyük Qayıdışın ilk sakinləri oldu. Onlar doğma yurdlarına qayıtdılar. Böyük qürur, sevinc, eyni zamanda kövrək hisslərlə...
Ağalıya növbəti Qayıdış
25 iyul 2022-ci ildə isə işğaldan azad edilmiş Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 58 nəfərdən ibarət daha 11 ailə köçürüldü. Bununla da Ağalıya qayıdan sakinlərin sayı 201-ə, ailələrin sayı isə 41-ə çatdı.
Həmin gün isə daha unudulmaz bir səhifə açdı tariximizdə. Bu Qayıdış zamanı ağbirçək Bənövşə xanımın sevincdən titrəyən səsi ürəyimizin sarı siminə toxundu. Onun yaş dolu gözləri bizi 30 il əvvələ apardı. Onların öz dədə-baba torpaqlarından zorla çıxarılması, qurulu evlərini, bar üstündə olan bağ-bağatlarını, mal-qara, qoyun-quzu, toyuq-cücə dolu həyətlərini, bir qatma belə götürmədən çıxdıqları o kəndləri xatırlatdı. Hara üz tutduqlarını, kimin qapısına getdiklərini bilməyən, bir saat sonra daha nələrin olacağından bixəbər insanların faciəsini gətirirdi gözlər önünə.
Bizim də gözlərimiz doldu Bənövşə xanımın sözləriylə. Nə yaxşı ki, Allah Bənövşə xanıma ömür vermişdi. Yenidən torpağına qayıtmaq alın yazısı olmuşdu. Bu qadının titrəyən səsində, sevincin kədəri sildiyi gözlərində həm də vüsalın hicran üzərində qələbəsi hiss olunurdu. Bu gözlərdə, bu əzəmətli duruşda həm də bir qürur hiss olunurdu. Qonşuluqdakı erməniyə “öl, bax, bizi torpağımıza belə qaytardılar” ifadəsi ilə qüruru hiss olunurdu.
Bənövşə xala deyirdi: “Köçkünlükdə çox çətinliklər çəkmişik. Amma ən böyük çətinliyimiz yurd həsrəti olub. Doğma kəndimizi heç vaxt yadımdan çıxarmamışam. Allaha şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu. İndi kəndimizə övladlarımla, nəvələrimlə qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”.
13 yaşlı Vüsalın ata-baba yurduna qayıtması isə daha təsirli idi. Ağalı haqqında böyüklərindən eşitmişdi Vüsal. Sanki nağıl dinləyirmiş kimi. Bu səbəbdən də Ağalını görmək, orada-baba yurdunda olmaq hələ dünyanın gərdişindən xəbərsiz olan bu kiçik oğlanın ən böyük arzusu idi. Vüsal deyirdi: “Bu gün bu arzum gerçəkləşib. Doğum günümdə ata yurduma gəlmək mənim üçün ən böyük sevinc oldu. Sevinirəm ki, burada yaşayacaq, burada da məktəbə gedəcəyəm”.
Ağalı sakinləri gəldikcə, yerləşdikcə özünə qayıdırdı. Torpaq sevinir, təbiət bayram edirdi. Çünki onların “qulağına” tanış səslər gəlirdi. 30 il bu torpaq doğmasının ayaq izlərinə həsrət idi. Bu səbəbdən də bağrındakı ayaq izlərini duyurdu, doğmalığı hiss etdikcə sevinirdi.
Kənd sakinləri, ağsaqqalı-ağbirçəyi ilə kənddir. Kənd zəhmətkeş insanların torpağın bağrını yarıb ona tər verməsi ilə, torpağın isə əvəzində ona zər bəxş etməsi ilə kənddir. Belə isə kəndi kənd edən sakinlər də Ağalıya yerləşdirilir ki, bu kənd əvvəlki kəndliyinə qayıtsın, üzü gülsün, 30 ilin kədər donunu əynindən çıxarıb toy-bayram libasını geyinsin.
***
Ötən il fevral ayının 28-də Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi ilə növbəti 20 ailə, 94 nəfər köçürüldü. Onlardan 50 nəfərdən ibarət 10 ailə həmin gün yola düşdü, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də doğma kəndlərinə köçürüldü.
10 sentyabr 2022-ci il tarixdə isə Ağalı kəndinə 62 nəfərdən ibarət daha 13 ailə köçürüldü ki, bununla da kəndə sakinlərin köçürülməsinin ikinci mərhələsi başa çatdı.
Bu il avqustun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirdi.
Püşkatmada 22 ailə (106 nəfər) iştirak etdi. Ailə tərkibinə uyğun olaraq, onlardan 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub ki, həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmanın iştirakçıları doğma yurda qayıdışdan çox böyük sevinc hissi keçirdiklərini qeyd edib, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr qrafikə uyğun olaraq avqustun 12-də Ağalı kəndinə yola salınıb. Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 108-ə (526 nəfərə) çatıb. Kəndə köçürülmə davam etdiriləcək
Ağalılılar doğma kəndlərində ağa kimi yaşayırlar
Texnika və texnologiyanın inkişafı dövründə yaşayırıq. Bu müasirliyin yaxşı tərəflərinin kəndlərimizdə də tətbiqi təbii ki, kənd sakinlərinin həyat şəraitinin yaxşılaşmasına, onların da bu yeniliklərdən faydalanmasına şərait yaradır. “Ağıllı kənd” layihəsində bütün bunlar öz əksini tapdığından bu gün ağalılılar Ağalıda həm doğma kəndlərinə, həm də müasirliyə qovuşublar.
Burada vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunur.
Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir.
Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.
Həmçinin kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq.
Və sülhün tərənnümü göyərçinlə...
Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Bunun isə rəmzi mənası var: Böyük Qayıdışın ilk məkanı olan Ağalıda bütün Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonların əmin-amanlığı, inkişafı, bu günü və sabahı birləşir. Çünki torpağın düşməndən geri alınması, vətəndaşların öz əzəli dədə-baba torpaqlarına geri dönməsi, Azərbaycanın ərazi bütövlüyü məhz bu abidədə öz əksini tapır.
Bu abidə həm də İkinci Vətən müharibəsində sinəsini düşmənə sipər edərək şəhid olan igid oğullarımızın xatirə abidəsidir. Bu abidə özündə müharibəni, döyüşləri, mübarizələri, Zəfəri və Qayıdışı tərənnüm edən böyük bir ziyarətgahdır.
***
Zaman ötəcək. Vaxt gələcək ki, bu abidə haqqında nəvələrimizə danışacağıq. Torpaqlarımıza sülh bəxş edən Ali Baş Komandandan və milli ordumuzun zabit və əsgərlərinin şücaətindən söhbət açacağıq. Bu abidənin rəmzi mənasını sadaladıqca elə Böyük Qayıdışı da xüsusi vurğulayacaq və qürurla deyəcəyik ki, dövlətimiz öz vətəndaşına ata-baba yurdunu yenidən bəxş edə bildi. 30 il mübarizələrdən sonra buna nail oldu.
Bu abidə zaman gələcək ki, daşıdığı rəmzi məna ilə bir ziyarətgah olacaq. Qarabağa və Şərqi Zəngəzura yolu düşənlər səfərini bu abidədən başlayacaqlar. Bu, sözsüz, belə olacaq.
Bu abidə ilə Ağalı kəndindən Qarabağa və Şərqi Zəngəzura bir yol başlayır. Bu yol Zəfər, bu yol Qayıdış yoludur. Bu yolda ömrümüzdə heç olmasa, bir dəfə olmaq necə də xoşbəxtlikdir...
Mətanət Məmmədova